YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Əldə edilən uğurlar Prezident İlham Əliyevin müəllifi olduğu inkişaf modelinin müasir çağırışlara cavab verdiyini, davamlı yüksəlişə yol açdığını real faktlar əsasında nümayiş etdirir

«Ötən müddət ərzində Heydər Əliyev siyasi kursunun  Prezident İlham Əliyev tərəfindən böyük əzm və məharətlə  düşünülmüş və məqsədyönlü şəkildə həyata keçirilməsi nəticəsində bu gün müstəqil Azərbaycan Respublikası demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir. Məhz cənab Prezidentin gündəlik çoxşaxəli fəaliyyətinin nəticəsidir ki, tarix baxımından o qədər də böyük olmayan son 10 il ərzində müstəqil Azərbaycan dövləti yeni inkişaf mərhələsinə qədəm qoyaraq bir çox zirvələri fəth etmiş, siyasi sabitliyin, xalqla dövlətin birliyinin daha da möhkəmlənməsinə nail olmuş, etibarlı tərəfdaş kimi dünyada yüksək nüfuza malik olan ölkəyə çevrilmişdir». Bu fikirləri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə  «İnkişafın 10 ili: 2004-2014» mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Ş.Mustafayev bildirib ki, siyasi və iqtisadi qüdrəti davamlı olaraq artan Azərbaycan bu gün regionun bütün siyasi və iqtisadi məsələlərinin həllində əvəzolunmaz iştirakçı, əsas söz sahibidir. Onun sözlərinə görə, əgər 2004-cü ildə  Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50%-ni   təşkil edirdisə, bu gün ölkəmizin payı 78.6%-ə yüksəlmişdir.

 «Əldə edilən bu uğurlar Prezident İlham Əliyevin müəllifi olduğu inkişaf modelinin müasir çağırışlara cavab verdiyini,davamlı yüksəlişə yol açdığını real faktlar əsasında nümayiş etdirir. Cənab Prezidentin sosial iqtisadi inkişaf strategiyasının ən səciyyəvi cəhətlərindən biri bu strategiyanın elmi əsaslara söykənməsi, hər bir sahənin inkişafı üçün konkret hədəf və məqsədlərin, onlara nail olunma yollarının dəqiq müəyyən edilməsidir. Təsadüfi deyil ki, son 10 il ərzində 174 dövlət proqramı təsdiq edilmiş, onlardan  104-ü tam icra olunmuş, digərləri icra olunmaqdadır»- deyə, nazir vurğulayıb.