YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İcra Katibliyində “İrəvan tarixi Azərbaycan şəhəri” mövzusunda videokonfrans keçirilib (VİDEO)

İyunun 18-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “İrəvan tarixi Azərbaycan şəhəri” mövzusunda videokonfrans keçirilib.

Konfransda çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyev bu yaxınlarda Tərtər rayonunda səfərdə olarkən Azərbaycan tarixinə dair çox əhəmiyyətli bəyanatlar verib. Onun sözlərinə görə, həmin bəyanat mühüm  önəm kəsb edir. Çünki  hər bir xalqın nümayəndəsinin öz xalqının tarixini bilməsi çox vacib amildir. Heç bir insan xalqının tarixini bilmədən öz tarixinə sahib çıxa bilməz.

Əli Əhmədov qeyd edib ki, Azərbaycan xalqının tarixinin çox böyük, möhtəşəm parlaq səhifələri ilə yanaşı, qara ləkələri də mövcud olub: “ Bu, bütün xalqlar üçün xarakterikdir. Onların öyrənilməsi xalqın keçmişi və gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan xalqının son 100 illik tarixində möhtəşəm hadisələrdən biri  1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin qurulması sayılmalıdır. Qısa müddətdə AXC o dövr üçün və gələcək taleyimiz üçün mühüm addımlar ata bilib. Hər şeydən əvvəl Azərbaycanın dövlət müstəqilliyinin elan olunması və müstəqillik məfkurəsinin formalaşması üçün AXC tarixi addımlar ata bildi. Bunun nəticəsində də, qısa müddət yaşamasına baxmayaraq, onun  səpdiyi toxumlar təxminən 70 ildən sonra cücərdi. Və Azərbaycan 1991-ci ildə növbəti dəfə dövlət müstəqilliyini elan etdi. Beləliklə də, müstəqilliyimizin  elan olunmasında Xalq Cümhuriyyətinin və qurucularının ideyaları öz tarixi rolunu oynadı. Bu gün müasir Azərbaycan Respublikası özünü  AXC-nin varisi hesab edir. AXC-nin yerinə yetirə bilmədiyi işləri bu gün dövlətimiz uğurla həyata keçirməkdədir. Bu, Azərbaycan dövlətinin və vətəndaşlarının Xalq Cümhuriyyətinə, onun qurucularının tarixi xidmətlərinə böyük hörmətinin təzahürüdür. Eyni zamanda, tariximizin şərəfli səhifələrinin yazıldığı dövrlərdə Azərbaycanın tarixinə qara ləkə kiimi daxil olmuş hadisələr də baş verdi ki, bunun da araşdırılması və düzgün tarixi qiymətin verilməsi böyük əhəmiyyət kəsb edir”.

YAP Sədrinin müavini söyləyib ki, həmin hadisələrdən biri 1918-ci ilin may ayında İrəvan şəhərinin və onun ətrafındakı torpaqların ermənilərə təhvil verilməsidir. Onun sözlərinə görə, hər bir xalqın tarixində ən faciəli səhifələr onun torpaqlarının itirilməsi ilə əlaqədardır. Təbii ki, Azərbaycan xalqı da istisna deyil. Torpağın başqasına bağışlanması xalq qarşısında  böyük qəbahət və günahlardan biridir.

Əli Əhmədov deyib ki, tarixi Azərbaycan şəhəri olan İrəvanın ermənilərə verilməsi kimlərsə tərəfindən əsaslandırılmağa çalışılsa da, buna bəraət qazandırmaq mümkün deyil. Xüsusilə də, bu addımın xalqın rəyi olmadan həyata keçirilməsi səbəbkarların günahını qat-qat artırır. Xalqın sahibi olduğu torpaqla əlaqədar qərar qəbul olunmasının yeganə subyekti xalq olmalıdır. Təəssüf ki, 1918-ci ilin may ayında İrəvan və onun ətrafında torpaqların ermənilərə verilməsində bu torpaqların sahibi olan Azərbaycan xalqı ilə hər hansı məsləhətləşmələr aparılmasına ehtiyac duyulmayıb. Xalqın rəyi nəzərə alınmadan İrəvan ermənilərə təhvil verilib. Bu, həmin  qərarı verənlərin tarixi məsuliyyətini qat-qat artırır. Həmin qərar nəticəsində həmin torpaqların sahibləri tamamilə başqa tale yaşamağa məhkum oldu. Bir günün içində İrəvan başqalarına  verildi. Hansı ki, o şəhəri həmin insanların babaları tikmişdilər. Şəhərin ermənilərə verilməsi ilə onlar acınacaqlı tale yaşamalı oldular.

Əli Əhmədovun sözlərinə görə, İrəvanın ermənilərə verilməsi nəticəsində azərbaycanlıların etnik təmizləməsinin əsası qoyuldu: “Çox qısa müddət ərzində çoxluq təşkil edən azərbaycanlıların sıxışdırılıb çıxarılması nəticəsində İrəvanın etnik tərkibi dəyişdirilib. Müəyyən müddət keçəndən sonra azərbaycanlılar özlərinin tikdiyi şəhərlə vidalaşmalı oldular. Təkcə İrəvan sakinləri yox, Qərbi Azərbaycanlıların hamısı etnik təmizləməyə məruz qaldı. 70-80 il ərzində bütün azərbaycanlılar həmin torpaqlardan çıxarıldı. Buna görə də, Prezident İlham Əliyev dəfələrlə indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradıldığını bəyan edib. O cümlədən, Ermənistanın paytaxtının Azərbaycanın tarixi  şəhəri olduğunu vuirğulayıb. Prezidentimiz bu fikirləri dəfələrlə səsləndirməklə Azərbaycan alimləri, tarixçiləri qarşısında da Azərbaycanın tarixinin şərəfli məqamları ilə yanaşı taleyimizdə müsbət izlər buraxmayan məqamların araşdırılmasını vəzifə kimi qarşıya qoyub. İnanırıq ki, cənab Prezidentin qarşıya qoyduğu məsələlər daha ciddi şəkildə araşdırılacaq. Çünki tarixini yaxşı biməyən xalq öz tarixinə sahib çıxa bilməz”.

Çıxış edən AMEA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli bildirib ki, bu mövzu dərin elmi-tədqiqat mövzusu olmaqla yanaşı, böyük siyasi-ideoloji məna kəsb edir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı tarixi reallıqları əks etdirir. Akademik deyib ki, tarixən Azərbaycan xalqına məxsus olan indiki Ermənistan torpaqlarında heç zaman erməni adında toponim olmayıb. Ermənilər sonradan bu torpaqlara köçürülüblər. İ.Həbibbəyli 1881-ci ildə İrəvan şəhərinə aid bir sənədi təqdim edərək qeyd edib ki, həmin sənəddə ruslar tərəfindən İrəvanın məhəllələrinin adı əks olunub. Həmin sənəddə yalnız bir erməni məhəlləsinin adı çəkilir. O da İrəvanın mərkəzində deyil, onun kənarındadır.

AMEA-nın birinci vitse-prezidenti akademiyanın müvafiq institutları tərəfindən bu istiqamətdə görülmüş işlər və nəzərdə tutlan layihələr haqqında da ətraflı məlumat verib.

Videokonfransda həmçinin Milli Məclisin deputatı, tarix elmlər doktoru Anar İsgəndərov, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli və Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa mövzu ilə bağlı çıxış edərək tarixi faktları tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Qeyd olunub ki, 1805-ci ildə çar Rusiyası ilə Qarabağ xanlığı arasında imzalanmış Kürəkçay müqaviləsi erməni iddalarını darmadağın edir. Gülüstan və Türkmənçay müqavilələrindən sonra ermənilər tarixi torpaqlarımıza, o cümlədən İrəvana köçürülüblər.

Qeyd olunub ki, 1918-ci ilin may ayında İrəvanın ermənilərə verilməsi tarixi səhv olmaqla yanaşı gələcək faciələrin də əsasını qoyub. Məhz həmin dövrdən ermənilərin torpaq iddiaları daha da artıb. Natiqlər qeyd ediblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı tarixçi alimlər qarşısında ciddi vəzifələr qoyur. Alimlər o dövrü geniş araşdırmaqla, bundan sonra da ciddi elmi əsərlər ortaya qoymaqla dünya miqyasında erməni yalanlarına tutarlı cavablar vermiş olacaqlar.

DİGƏR Partiya xəbərləri Arxiv