YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır

Mayın 8-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Xorvatiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Draqo Lovriçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycan ilə Xorvatiya arasında siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığın inkişaf etdiyini məmnunluqla vurğulayan Baş nazir Artur Rasizadə, bu səfərin hərbi-texniki sahədə də əməkdaşlığın genişlənməsinə kömək edəcəyinə əminliyini bildirmişdir. Sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazir Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğal olunduğunu, soydaşlarımızın yurd-yuvasından didərgin düşdüyünü, həmin ərazilərdə sosial-mədəni obyektlərin və infrastrukturun tamamilə dağıdıldığını xatırladaraq, münaqişənin həlli prosesində müşahidə olunan ikili standartların yolverilməzliyini diqqətə çatdırmışdır.

General Draqo Lovriç Bakıda keçirdiyi görüşlər və apardığı danışıqlar barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat verərək bildirmişdir ki, azərbaycanlı həmkarları ilə hərbi hazırlıq, təlim-təhsil, hərbi-sənaye kompleksi, ekspertlər səviyyəsində təcrübə mübadiləsi və digər əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsi aparılmışdır. Regionda sülhə təhlükə yaradan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, ölkəmizin ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacib olduğu fikrini dəstəkləyən Draqo Lovriç, çıxışının sonunda səfərin yüksək səviyyədə təşkilinə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlığın perspektivlərinə dair tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.