YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

V.Rəhimzadə: Hər kəs bilməlidir ki, COVID-19-a qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, qoruyucu vasitələrdən düzgün istifadə etməkdir

«Günümüzün əsas  məsələsi olan koronavirusla mübarizə ilk gündən zəruri olan qaydalara yüksək səviyyədə əməl edilməsini bir tələb kimi qarşıya qoydu. Amma  müqayisəli təhlil əsasında görə bilərik ki, əksər ölkələr iqtisadi amili önə çəkərək  insanların sağlamlığının təminatını arxa plana keçirməklə vəziyyətin daha da ağırlaşmasına, yoluxma və  ölum hallarının artmasına şərait yaratmış oldular.  Hər bir ölkənin səhiyyə sisteminin aydın mənzərəsini ortaya qoyan COVID-19-la mübarizə bir daha  bu reallığı  təsdiqlədi ki,  dünyanın inkişaf etmiş ölkələrinin belə səhiyyəsi bu kimi    hadisələrə cavab vermək imkanında deyil. Bu, məsələnin  bir tərəfidir. Digər əsas məqam isə  dövlət-vətəndaş birliyinin yaradılması fonunda özünütəcrid qaydalarına   əməl olunması,  bununla da hər bir vətəndaşın özünü qoruması ilə yanaşı, ətrafındakıları,  doğmalarını qorumaq imkanı əldə etməsidir.  Azərbaycan ilk gündən bu yolu seçdi.  «Biz birlikdə güclüyük!» çağırışı ilə  bütün ölkə vətəndaşlarını səfərbər edən dövlətimizin başçısı İlham Əliyev vətəndaş məsuliyyətinin artırılmasını prioritet məsələ kimi öndə saxladı. Elə bu gün daha çox diqqət tələb edən məsələ də məhz budur.»

Bu fikirləri YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə vurğulayıb ki,  pandemiyaya qarşı mübarizə tədbirlərinə başlanan zaman digər ölkələr kimi, Azərbaycan da   bu xəstəlikdən qorunmaqda əsas amil olan tibbi maska çatışmazlığını  yaşadı: « Lakin ilk andan  insanların sağlamlığının təminatını əsas götürən möhtərəm Prezidentimiz  İlham Əliyevin tapşırığına uyğun olaraq tez bir zamanda Sumqayıt Kimya Sənaye Parkında tibbi  maska istehsalı müəssisəsi fəaliyyətə başladı. Müəssisənin açılışında çıxış edən dövlətimizin başçısı bildirdi ki,  tibbi maska istehsalı həm  koronavirusla  mübarizəyə mühüm töhfədir, həm də  Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır.  Əsas məqsəd insanların sağlamlığının təmin edilməsi, virusa yoluxmanın coğrafiyasının genişlənməməsinə nail olmaqdır.»

«Qeyd etdiyimiz kimi,  hazırda hətta ən inkişaf etmiş ölkələr belə  bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır.  Azərbaycan ilk gündən  bu ümumbəşəri bəladan  az itki ilə çıxmağı qarşıya mühüm hədəf kimi qoyaraq, malik olduğu bütün imkanlardan maksimum istifadə etməyə səy göstərir.  Ona görə də koronavirus xəstələrinə  yüksək xidmətin göstərilməsi üçün ölkəmizin ən müasir 20  xəstəxanası  onların ixtiyarına verilib. Yüksək ixtisaslı həkim heyəti bu xəstələlərə lazımi səviyyədə xidmət edir, sağalıb evlərinə qayıtmaları, yenidən xoş ovqatla həyatlarını davam etdirmələri üçün əllərindən gələni edirlər.  Dövlətimizin başçısı İlham Əliyevin 7 aprel 2020-ci il tarixli  «Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında»  Sərəncamı COVID-19-a qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədinə çatmaq üçün mühüm addım  kimi dəyərləndirildi. Bu məqsədlə hər birində 200 çarpayı olan modul tipli 10  xəstəxananın quraşdırılması nəzərdə tutulur ki, artıq bunlardan 5-i  istifadəyə verilib» söyləyən V.Rəhimzadə bildirib ki, dövlətimiz  üzərinə düşən bütün  vəzifələri  insanlarda böyük ruh yüksəkliyi  yaradan səviyyədə həyata keçirir. Dövlətimizin başçısı İlham Əliyev hər zaman olduğu kimi, bu gün də, yəni pandemiya dövründə də hər bir vətəndaşının yanında olduğunu nümayiş etdirir. Əsas olan dövlətimizin bu addımlarına dəstək vermək, üzərimizə düşən  vətəndaşlıq borcumuzu yerinə yetirmək,  sağlamlığımızın keşiyində dayanmaqla yoluxma hallarının azalmasına şərait yaratmaqdır: «Sərt karantin rejiminin tətbiqi şəraitində  Azərbaycanda   yoluxma hallarının  kiçik rəqəmlərlə ifadə olunması  diqqətdən kənarda qalmadı. Bu müsbət dinamika mayın əvvəlində karantin rejiminin yumşaldılmasına yol açdı. Amma bu günün statistikası göstərir ki, yoluxma halları gündən-günə artmaqdadır. Vəziyyətin bu şəkildə  davamı karantin rejiminin yenidən sərtləşdirilməsini, karantin qaydalarını pozanlara qarşı cərimələrin  artırılmasını zərurətə çevirdi.

Baş redaktor qeyd edib ki,   virusa yoluxma hallarının  artım dinamikasının təhlili göstərir ki, insanlar əsasən iş yerlərində, ailədaxili, ictimai nəqliyyatda, kütləvi yerlərdə virusa yoluxurlar. Bu yoluxmanın «qəhrəmanlarına» çevrilməmək üçün  sadə bir qaydaya riayət etmək kifayətdir. Tibbi maskadan istifadə etməklə  həm özümüzü, həm də ətrafımızdakı insanları  yoluxmadan xilas edə bilərik: «Gündəlik hər bir birimizin  istifadə etdiyi avtobus  marşrutlarına,  metroya daxil olarkən təbliğat  xarakterli, hər birimizə çağırış olan bu fikirləri eşidirik: - Maskadan istifadə edək, sağlamlığımızı qoruyaq,  sosial məsafə saxlayaq. Qoruyucu vasitələrdən istifadə etməmək  yoluxmaya əsas səbəb olan amillərdəndir. Təəssüflər olsun ki,  hər kəsin öz əlində olan, amma özümüzün  çətinləşdirdiyimiz  virusdan qorunmağımız üçün maskadan istifadə etmək üçün  bizə  kənardan  çağırış edilir. Utanverici amil deyilmi? Ola bilməz ki, marşrutlara maska ilə daxil olaq, «hörmətli  sərnişin, maskanızı taxın» müraciətini eşitməyək. Yaxud maskadan istifadə edib    cərimələrin  tətbiqi ilə üzləşməyək? Təəccüb doğuran digər amil isə  hələ də bəzi vətəndaşların koronavirus pandemiyasına şübhə ilə yanaşmaları,  özləri, yaxınları, ətrafları üçün ciddi təhlikə yaratmaqda davam etmələridir. Diqqət çəkən, ikrah doğuran məqamlardan biri də maskadan istifadə edənlərin başqaları  tərəfindən isteza ilə   qarşılanmasıdır. «Koronavirus varmı» kimi   çaşqınlıq yaradacaq suallar  səsləndirib   karantin  qaydalarına  yüksək səviyyədə  əməl edən vətəndaşlara mane olmaqdansa, bu addımın iştirakçısı olub özümüzü və ətrafımızı qorumaq daha məqsədəuyğun və ciddi qarşılanması tələb olunan  addımdır.»

«Hər kəs  bilməlidir ki, virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir» söyləyən V.Rəhimzadə qeyd edib  ki,  artıq koronavirusun mövcud olub-olmaması müzakirə mövzusu deyil, çünki ətrafdakılar  arasında yoluxma halları kifayət qədərdir: «Biz nə qədər karantin qadyalarının pozulmasına qarşı barışmaz olsaq, ətrafımızdakı insanların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək, ümumbəşəri bəlaya qarşı mübarizədə  bir o qədər də tez və yaxşı nəticə əldə etməyə müvəffəq ola bilərik. Hər birimiz  ölkəmizin bu günü və gələcəyi, ən əsası  əvvəlki normal həyatımıza qayıtmaq, davamlı inkişafımızı təmin etmək üçün  qoruyucu vasitələrdən istifadə etməyənləri qınamalı, belə halların təhlükəli və yolverilməz olduğunu göstərməliyik. Tibbi maskadan istifadə etməyənlər  ictimai qınaqdan nəticə çıxarıb cərimələr ödəmək  yolu tutmaqdan az da  olsa utanc hissi keçirsələr, düşünürük ki, normal həyata qayıdışın  bir addımlığında ola bilərik.  Gəlin, birgə düşünək, sağlamlığmızın keşiyində həkimlərimizlə yanaşı, özümüz də dayanaq, əzizlərimizi, doğmalarımızı  itirmək kimi çətin anları göz önünə gətirərək  məsuliyyət hissimizi artıraq. Unutmayaq ki, adi  bir məsuliyyətsizlik böyük problemlərə yol açır.»