YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pandemiya ilə mübarizədə örnək

Nurlana Əliyeva

YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru 

Dövrünün görkəmli siyasi liderlərindən biri kimi cənab İlham Əliyev dünyanın, mədəniyyətin, düşüncənin, insanın mənəvi kamilliyinin gücü ilə xilasına, bəşəriyyətdə sülh və rifahın bərqərar olmasının mümkünlüyünə inanan və Özü də bu məram uğrunda çalışan mütəfəkkir şəxsiyyətlərdəndir. Cənab İlham Əliyev Öz liderlik keyfiyyətləri ilə XXI əsrin siyasi liderinin mükəmməl portretini yaradır. Yeni minilliyin başlanğıcında bu statusun dəyər və meyarlarını formalaşdırır. Bir tərəfdən klassik liderlik konsepsiyası, digər tərəfdən də müasir liderlərə münasibətdə irəli sürülən və ya təbii olaraq meydana çıxan tələblər prizmasından yanaşmaqla O, əsl liderin bütün keyfiyyətlərini özünün mənəvi və siyasi simasında təcəssüm etdirə bilir.Cənab İlham Əliyev bütün dünyada çox az təsadüf edilən liderlərdəndir ki, cəmiyyət can atdığı, özünə rəhbər seçdiyi şəxsiyyətdə görmək istədiyi bir çox cəhətləri həm mənəvi-siyasi lider, həm güclü sərkərdə, həm mahir diplomat, həm bacarıqlı idarəçi, həm qurucu rəhbər obrazlarını Onun siyasi portetində tapa bilir. Yüksək intellekti, praqmatik düşüncəsi, müasir dünya siyasəti və iqtisadiyyatı haqqında dərin bilikləri, mütərəqqi ideyaları ilə müasir çağda təkcə bir xalqa, dövlətə deyil, ümumən bəşəriyyətə böyük faydalar gətirən Prezident İlham Əliyev beynəlxalq miqyasda sözünün böyük çəkisi olan Liderdir. Azərbaycanın milli maraqları ilə bağlı dünyada cərəyan edən proseslərə dair Onun Öz baxışları var. Heç bir amil Azərbaycan Respublikasının Prezidentini Öz qətiyyətli mövqeyindən çəkindirmək gücündə deyil. Bütün dünyada Onun rəyi ilə hesablaşırlar. Çünki cənab İlham Əliyev yürütdüyü siyasətlə, mürəkkəb qlobal proseslərdə tutduğu düzgün mövqe ilə, ən əsası isə, Azərbaycana qazandırdığı sarsılmaz güc ilə bu münasibətə layiq olub. Azərbaycanın regionda, ümumiyyətlə, dünyada söz sahibi olması, mövqeyinin qəbul edilməsi, zərgər dəqiqiliyi ilə hesablanmış balanslı siyasi kursun və diplomatiyanın son nəticədə ölkəmizə böyük siyasi dividentlər qazandırması məhz bu amildən qaynaqlanır.

Ümumbəşəri bəla olan koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişdi və nəticədə yeni reallıqlar meydana çıxdı. Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verdi.

Möhtərəm Prezidentimiz İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqımıza bütün müraciətlərində koronavirusdan xilas olmağın ən adi qaydalarına riayət edilməsinə çağırışlar olunur. Mehriban xanım Əliyevanın “Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anlayacağınıza ümid edirəm!” kimi çağırışları hər bir ananın ürəyindən keçən çağırışdır.

Reallıq budur ki, koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoyub. Hər bir dövlət bu sınaqdan layiqincə çıxmaq üçün ciddi səylər göstərir.  Azərbaycanın ümumbəşəri bəlaya qarşı istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının videoformat şəklində Zirvə ğörüşlərinin keçirilməsi, həmçinin dövlətimizin başçısının Qoşulmama Hərəkatının sədri qismində BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasını təklif etməsi bunun təsdiqidir. Artıq çox qısa müddətdə 130 ölkədən bu təşəbbüsə gələn dəstək Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna, artan nüfuzuna bir daha aydınlıq gətirdi. Möhtərəm Prezidentimiz İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə  COVID-19 qlobal pandemiyasının bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyini önə çəkərək “Heç bir ölkə bundan sığortalanmayıb. Qarşılıqlı dəstək, özünəqapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik” çağırışını etmişdir. Azərbaycanın pandemiyadan təkmil xilas modeli beynəlxalq səviyyədə təqdir olundu və bu gün əksər dövlətlər bu təcrübəmizdən istifadə edir. Nəzərə alsaq ki, COVID-19 dünya müharibəsi ilə eyniləşdirilir, bu halda onun fəsadlarını təsəvvür etmək çətin deyil. Xüsusilə yaddan çıxarmaq olmaz ki, bu müharibədə hücum taktikası deyil, özünütəcrid qələbəni şərtləndirən amil kimi müəyyənləşdirilib. İnsanların sağlamlığının təminatı əsas olsa da, hər bir dövlət öz təcrübəsinə və imkanlarına uyğun hərəkət edir.  Türk Şurasının Zirvə görüşündəki nitqində dövlətimizin başçısı İlham Əliyev haqlı olaraq vurğulamışdır ki, pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələrin və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduq. Belə bir təhlükənin hər kəsin qapısını döydüyü bir zamanda möhtərəm Prezidentimiz İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi. Dövlətimizin başçısı Qoşulmama Hərəkatının Zirvə görüşündəki nitqində “Sədrliyi öz üzərimizə götürərkən mən bəyan etdim ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaqdır” hədəfini açıqlamışdır. Bir-birinə əks qütblərdə dayanan dövlətlərin, beynəlxalq təşkilatların koronavirus infeksiyasına qarşı mübarızədə bir araya gəlməsi “Azərbaycan dünyanı birləşdirir” tezisini bir daha təsdiqlədi. Qoşulmama Hərəkatının Zirvə ğörüşündə möhtərəm Prezidentimiz İlham Əliyev bildirmişdir ki, razılığınız olarsa, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edə bilərik.

 Dünyada sülhün, təhlükəsizliyin təminatçısı kimi tanınan BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təsəbbüsü nə qədər böyük cəsarət və qətiyyət tələb edirdisə, bu işdə 130 ölkənin dəstəyi bir o qədər qürurvericidir, Azərbaycana beynəlxalq baxışın təqdimatıdır. Ümumbəşəri bəla olan koronavirus pandemiyası dövlətlər, xalqlar arasında birliyin, həmrəyliyin vacibliyini bir daha aktuallaşdırdı. Türk Şurasının, daha sonra Qoşulmama Hərəkatının videoformatda “COVID-19-a qarşı birlikdəyik” devizi altında Zirvə görüşlərinin ardınca möhtərəm Prezidentimizin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü Azərbaycanın dünyaya birlik, həmrəylik çağırışlarının davamı, tərkib hissəsidir. Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunan mövzular sırasında dövlətimizin başçısı cənab İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünun 130 dövlətin böyük dəstəyini qazanmasıdır. Bu əminlik ifadə edilir ki, xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu, qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz töhfəsini verəcək.