YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Həmsədrlər həqiqətən münaqişənin həllinə nail olmaq istəyirsə işğalçı Ermənistana təzyiqlər göstərilməlidir

“Ermənistan işğalçı siyasətini davam etdirmək üçün bütün vasitələrə əl atır. İyulun 12-də Tovuz istiqamətində mövqelərimizin atəşə tutulması və hücum edilməsi  işğalçı Ermənistanın növbəti təxribatı idi və onun Dağlıq Qarabağ probleminin həllində maraqlı olmadığı göstərir. Ermənistan münaqişəyə son qoyulmasına və sülhün əldə edilməsinə qarşı növbəti təxribatını həyata keçirdi”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib. 

Sevinc Fətəliyeva bildirib ki, Ermənistan uzun illərdir işğalçılıq siyasətini davam etdirir. İşğal faktı nəticəsində Azərbaycanda bir milyondan çox insan öz doğma yurdlarında yaşamaq hüququndan məhrum edilib. Bu işğal siyasətinin davam etməsi qəbulolunmazdır. Onun sözlərinə görə, Ermənistan son təxribatı ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatlar, həm də Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə ziddir.

 Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclası zamanı mövcud vəziyyətə münasibət bildirib. Dövlət başçısının dediyi kimi, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, qarşı tərəfə adekvat cavab verilib. Cənab Prezidentin söylədiyi kimi, Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər.

“Əlbəttə ki, bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Digər tərəfdən Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu, güclənən mövqeyi dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllində də ölkəmizin üstünlüyünü artırır. Bu gün bütün dünya dövlətləri və beynəxlaq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Eyni zamanda, bəşəriyyətin üzləşdiyi pandemiya ilə mübarizədə Azərbaycan mühüm beynəlxalq təşəbbüslərlə çıxış edir və bu təşəbbüslər dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Təbii ki, bu amillər işğalçı Ermənistanı çox qıcıqlandırır. Bu həm də o deməkdir ki, Azərbaycanın dünyada artan nüfuzu qarşısında Ermənistan daha da zəifləyir”-deyən, S.Fətəliyevanın fikrincə, Ermənistanda daxili vəziyyət də kifayət qədər gərgindir və Nikol Paşinyan bu kimi təxribatlara əl atmaqla diqqəti daxili problemlərdən yayındırmağa çalışır.

“Hesab edirəm ki, münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri obyektiv mövqe ortaya qoymalı və öz fəaliyyətində beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrə əsaslanmalıdır. Azərbaycan xalqı həmsədrlərin fəaliyyətindən kifayət qədər narazıdır və belə davam edərsə, Minsk qrupunun səmərəliliynə heç bir inam qalmayacaq. Əgər həmsədrlər həqiqətən münaqişənin həllinə nail olmaq istəyirsə işğalçı Ermənistana təzyiqlər göstərilməlidir. Əks halda, yaranmış gərginliyə görə, Ermənistanla yanaşı Minsk qrupunun həmsədrləri də məsuliyyət daşımalıdır”-deyə, S.Fətəliyeva vurğulayıb.