YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Moskvada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr edilmiş tədbir keçirib.
RAGB İdarə Heyəti Şurasının üzvü Emin Hacıyev tədbiri açaraq Birliyin sədri Leyla Əliyevanın adından bütün qonaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib və təşkilatın 2014-cü ildəki fəaliyyəti barədə məlumat verib. E.Hacıyev deyib: “2014-cü il Azərbaycan üçün uğurlu olub. Ölkəmizə görə qürur duymaq üçün səbəb çoxdur. 2015-ci ildə Azərbaycanda Birinci Avropa Oyunları keçiriləcək. Əminəm ki, gələcəkdə Azərbaycan digər qlobal layihələrdə də fəal iştirak edəcək. Bütün bu uğurların rəhni ölkəmizin Prezidenti İlham Əliyevin yürütdüyü səmərəli daxili və xarici siyasətdir”.
O vurğulayıb ki, başa çatmaqda olan il RAGB üçün də uğurlu olub. Rusiyanın Azərbaycanlı Gənclər Birliyi bir sıra yeni layihələr başlayıb və həyata keçirib. RAGB üzvlərinin sayı ilbəil artır. Hazırda Rusiya Federasiyasının 70-dən çox regionunda bu təşkilatın bölmələri fəaliyyət göstərir. RAGB RF-nin ictimai birlikləri və ali təhsil müəssisələri ilə əməkdaşlıq edir.
E.Hacıyev deyib: “Bütün bunlar bizim liderimiz Leyla Əliyevanın sayəsində mümkün olub. O, Rusiyanın ən müxtəlif guşələrində yaşayan azərbaycanlı gəncləri birləşdirməyə müvəffəq olub”.
Sonra Moskva ali məktəblərinin Azərbaycan klublarının nümayəndələri və RAGB-nin regional bölmələrinin rəhbərləri çıxış ediblər.
Rəsmi hissə başa çatandan sonra “Azərbaycan” ansamblının ifasında milli musiqi və rəqslərdən ibarət konsert olub. Daha sonra RAGB fəalları bayram tortunu kəsiblər.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycanlılar Konqresinin nümayəndələri və RAGB fəalları iştirak ediblər.