YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın hücum diplomatiyasının nəticəsində işğalçı Ermənistan dünyanı öz yalanına inandıra bilmir

“Bu gün Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi qəbul olunur. Təbii ki, ölkəmizin dünya miqyasında yüksək səviyyədə qəbul olunması Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin əyani göstəricisidir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioriteti Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Bu istiqamətdə dövlətimiz uğurlu hücum diplomatiyası həyata keçirir. Hücum diplomatiyasının nəticəsində işğalçı Ermənistan dalana dirənib, dünyanı öz yalanına inandıra bilmir.

Millət vəkilinin sözlərinə görə,  bugünlərdə işğalçı Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla əlaqədar da dövlətimiz tərəfindən beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından fəal iş aparıldı. Müxtəlif ölkələr və beynəlxalq təşkilatlar Ermənistanın hərbi təxribatını pisləyən açıqlamalar veriblər.

“Belə ki, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, TÜRK PA, GUAM kimi beynəlxalq təşkilatlar tərəfindən Ermənistan hərbi təxribatını qətiyyətlə qınayan bəyanatlar verilib. Türk Şurasının Baş katibi Ermənistanın artilleriya qurğularından istifadə etməklə Azərbaycanın mülki əhalisinin sıx yaşadığı ərazilərini atəşə tutmasını qətiyyətlə pislədi və Ermənistanın bu təxribatı nəticəsində dünyasını dəyişən şəhidlərin ailələrinə başsağlığı bildirdi. Baş katib Türk Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həlli ilə bağlı mövqeyini bir daha təsdiq edib. İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi də  bəyanatla çıxış edərək Ermənistanın Azərbaycan Respublikasının Tovuz rayonunda hücum cəhdini qətiyyətlə pisləyib. Bəyanatda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində tam və qeyd-şərtsiz çıxmasını tələb edən İƏT-in məlum qərar və qətnamələrinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edilərək, münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinin dəstəkləndiyi vurğulanıb.

Eyni zamanda, Qoşulmama Hərəkatının  iyulun 18-də kommunike sənədi isə Ermənistanın iki dövlətin beynəlxalq sərhədində son hərbi təxribatı ilə bağlı 120 üzv dövlətin mövqeyini ifadə edib. Ermənistan silahlı qüvvələrinin Azərbaycan silahlı qüvvələrinin mövqelərinə qarşı artilleriya qurğularından istifadə etməklə iki dövlətin beynəlxalq sərhədi boyunca hücumu qətiyyətlə pislənib. Bu tipli mövqelər  Türkdilli Ölkələrin Parlament Assambleyasının və GUAM təşkilatının mövqeyində də əksini tapıb”-deyə, S.Fətəliyeva söyləyib.

Deputat diqqətə çatdırıb ki, Ermənistanın son hərbi təxribatı, gücdən istifadə etməklə yeni mövqelər ələ keçirmək və yeni təcavüz törətmək cəhdi beynəlxalq təşkilatların diqqət mərkəzində saxlanılıb:  Baş vermiş təxribatla bağlı BMT, Aİ, ATƏT-in fəaliyyətdə olan sədri, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin verdiyi neytral və ümumi sakitləşməyə çağıran açıqlamalar ilə yanaşı, dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatı, eləcə də İƏT və Türk Şurası kimi beynəlxalq təşkilatlar tərəfindən işğalçı ölkəyə münasibətdə birmənalı və qətiyyətli mesajlar ünvanlanıb. Bütün bunlar isə Azərbaycanın həyata keçirdiyi hücum diplomatiyasının uğurlu nəticələridir”.