YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığına alternativ yoxdur

“ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan  ABŞ, Fransa və Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq qətnamələrin icrasını təmin etməyiblər. Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü kimi onlar bu qətnamələrin qəbuluna səs veriblər və ona görə də bu qətnamələrin icrasını təmin etməli idilər. Cəmiyyətimiz hələ də ATƏT-in Minsk qrupunun həmsədrlərindən təcavüzkarla təcavüzə məruz qalan tərəfin ədalətli şəkildə fərqləndirəcəklərini gözləyir. Təəssüf ki, biz bunu görmürük”. Bu fikirləri Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib.

A.Quliyev bildirib  ki, Ermənistanın təcavüzkarlıq və işğalçılıq siyasəti ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən birmənalı şəkildə və qətiyyətlə pislənməlidir ki, işğalçı ölkəyə dəqiq mesaj verilmiş olsun.

“Bunu etməklə Minsk qrupu Ermənistana açıq mesaj göndərər ki, beynəlxalq ictimaiyyət bu ölkənin işğalçılıq və təcavüzkar siyasəti ilə barışmaq fikri yoxdur. Azərbaycan cəmiyyətində ATƏT-in Minsk qrupuna qarşı bir qəzəb və məyusluq hissi var. Son eskalasiya beynəlxalq vasitəçilərə status-kvonun saxlanmasının nəinki yolverilməz, həm də çox təhlükəli olduğunu xatırlatmalıdır. Vasitəçilər münaqişənin beynəlxalq hüququn prinsip və normaları əsasında tezliklə həllinə nail olmalıdır. Hamı bilməlidir ki, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığına alternativ yoxdur. Bu məsələ müzakirə oluna bilməz. İşğal olunmuş Dağlıq Qarabağ bölgəsini və 7 ətraf rayonu zorla tərk etməli olmuş bir milyondan çox məcburi köçkün ləyaqətli şəkildə öz doğma yerlərinə qayıtmalıdır”-deyə, A.Quliyev vurğulayıb.