YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır

“Azərbaycan iqtisadi və sosial baxımdan güclü dövlətdir. Dövlətimiz istənilən çətinliklərin öhdəsindən gəlməyi bacarır və hər bir çətin vəziyyətdə vətəndaşının yanında olduğunu sübut edir. Biz bunu daşqınlar, zəlzələlər zamanı zərərçəkmiş regionlardakı yenidənqurma və bərpa işlərində görmüşük. Şahidi olmuşuq ki, necə Prezident İlham Əliyev aparılan işlərlə yerindəcə tanış olur, insanların arzu və istəklərini dinləyir. 2016-cı ilin aprel ayında Ermənistanın təxribatları nəticəsində Ağdam və Tərtər rayonlarına dəymiş ziyanın aradan qaldırılması üçün 6 milyon manatlıq sərəncamların imzalanmasını da xüsusi məqam kimi qeyd etmək lazımdır. Biz dövlətin siyasətinin ardıcıllığını Ermənistanın Tovuz rayonu istiqamətində təxribatları zamanı mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün dövlət başçısı tərəfindən imzalanmış Sərəncamın da xüsusi əhəmiyyətini qeyd etməliyik”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, hələ 2016-cı ildə aprel döyüşlərindən sonra imzalanmış sərəncamların icrası nəticəsində Tərtər rayonunda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib, 8 ev bərpa olunub. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülüb. Ağdam rayonunda 5-i üçotaqlı, 3-ü dördotaqlı olmaqla 8 ev yenidən tikilib, 15 ev tamamilə bərpa olunub, 27 ev əsaslı təmir edilib, 693 evdə cari təmir işləri görülüb. Bundan əlavə, bir məktəb və iki uşaq bağçasında əsaslı təmir işləri həyata keçirilib: “Prezident İlham Əliyevin Tovuz rayonuna dəymiş ziyanın aradan qaldırılması haqqında Sərəncamla mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılıb. Sərəncam əsasında artıq Tovuz rayonunda işlərə başlanılıb və təcili tədbirlər görülür. Bu məqsədlə İşçi Qrup yaradılıb, mütəxəssislər cəlb edilib, ekspertlər dərhal Tovuz rayonuna ezam olunublar. Vəziyyətlə bilavasitə yerində tanış olmaq ucun hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən obyektlərə müayinə və ekspertiza işləri aparılır. Dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi təmin ediləcək. Ekspertlər tərəfindən hazırlanacaq və təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq. Hərbi hücum nəticəsində zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək. Əlbəttə ki, ilkin monitorinq zamanı bəlli olub ki, əsas ziyan Tovuz rayonunun 6 kəndinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəyib. İlkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib. İntensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib – bu əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur”.

“İşlərin gedişi dövlət başçısının şəxsi nəzarətindədir və mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbərliyə alınıb” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, dəymiş zərər tezliklə aradan qaldırılacaq, infrastruktur və evlər bərpa olunacaq, həyat tamamilə öz məcrasına qayıdacaq: “Hər bir vətəndaşımız əmin olsun ki, Azərbaycan dövləti daim vətəndaşının yanındadır. Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır və Tovuza, tovuzlulara dəyən zərər tezliklə aradan qaldırılacaq. Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır”.

DİGƏR Xəbərlər Arxiv