YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Beynəlxalq ictimaiyyət tərəfindən bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının müdafiəsinə lazımı diqqət ayrılmalıdır

«Ermənistanın kütləvi informasiya vasitələrində Dilgəm Əsgərov və Şahbaz Quliyevin üzərində qurulmuş qondarma məhkəmə işinin başa çatması haqqında məlumat yayılıb. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində təşkil olunan bu qurama məhkəmə işinin heç bir hüquqi əsası yoxdur və onun iddia olunan nəticəsi hər hansı hüquqi mahiyyət kəsb edə bilməz». Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycan Respublikasının ərazisində ata-analarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb, Həsən Həsənov isə qəddarcasına öldürülüb. Onun sözlərinə görə, Ermənistan Avropa insan hüquqları konvensiyası, beynəlxalq humanitar hüquq, BMT-nin işgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı konvensiyası və Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt üzrə öhdəliklərini kobud şəkildə pozaraq, mülki şəxslərin girov götürülməsinə, işgəncələr əsasında onlardan ifadələrin alınmasına və saxta məhkəmə qarşısına çıxarılmasına görə məsuliyyət daşıyır. 

«İnsan hüquqlarının ümumbəşəri dəyər olduğunu xatırladaraq, bir sıra beynəlxalq təsisatların və dairələrin insan hüquqları məsələsinə seçimli yanaşmayaraq, insan hüquqlarını kobud, sistematik və kütləvi şəkildə pozan Ermənistan Respublikasından Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal azad edilməsini və itkin düşmüş dörd mindən artıq azərbaycanlının taleyi barəsində izahat verilməsini tələb etməlidirlər. Eyni zamanda, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ən ümdə hüquqlarından məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının müdafiəsinə də lazımı diqqət ayrılmalıdır. Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq təşkilatlar ilə təmaslar davam etdiriləcək»- deyə, H.Hacıyev qeyd edib.