YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: ATƏT Minsk Qrupu buraxılmalı, onun fəaliyyəti yenidən təşkil olunmalıdır

“ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirdiyi “fəaliyyətin” heç bir səmərəsi yoxdur. Onlar uzun illərdir Azərbaycanın milli maraqlarına uyğun gəlməyən siyasət aparır. Sözdə status-kvonun dəyişdirilməsi, əməldə isə onun saxlanılmasını həyata keçirirlər. Bu faciədir”.

Bu fikirləri “Yeni Tv”-nin canlı yayımında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.
O qeyd edib ki, həmsədrlər problemi həll etmək əvəzinə, nəticəsiz bəyanatlar verməklə məşğuldur: “ATƏT-in Minsk Qrupu üzərinə götürdüyü öhdəlikləri uzun illərdir yerinə yetirə bilmir. Həmsədrlər arasında balans da mövcud deyil. ABŞ hansısa formada balansın saxlanılması istiqamətində cəhdlər göstərir. Məsələn bu yaxınlarda Konqresdə qəbul olunmuş düzəliş konkret olaraq buna misaldır. Ancaq yenə də balans mövcud deyil. Ona görə biz problemi həll etmək niyyətindəyiksə, ən vacib məsələlərdən biri ondan ibarətdir ki, bu problemi həll etmək iqtidarında olan təşkilat obyektiv olmalıdır. Həmçinin öz davranışını elə təşkil etməlidir ki, hər iki tərəfdən eyni məsafədə uzaqlıq təmin olunsun. Bu gün isə bu yoxdur. Həmsədr ölkələr birtərəfli mövqe tutaraq işğalçıya dəstək verirlər. O səbəbdən ATƏT Minsk Qrupu buraxılmalı, onun fəaliyyəti yenidən təşkil olunmalıdır”.

S.Seyidov hesab edir ki, Türkiyə də həmsədr dövlətlər arasında olmalıdır: “Türkiyə 20 il bundan öncənin Türkiyəsi deyil. Bu ölkə artıq dünyada söz sahibidir. Türkiyə artıq dünyadakı proseslərə təsiretmə imkanına malikdir və regionda nüfuzu həddindən artıq böyükdür, həmçinin qəbul olunandır. Türkiyənin həmsədr kimi ATƏT-in Minsk qurupuna qoşulması həqiqətən çətin məsələdir. Bunun üçün öncə Minsk qrupunun fəaliyyətinin səmərəsizliyi ortaya qoyulmalıdır. Eyni zamanda təşkilatın fəaliyyətinin yaxşılaşdırılması üçün yenidən balansın yaranması, obyektivliyin qorunması mütləqdir. Məsələn, Rusiya Ermənistana silah ötürmə kimi hərəkətlərindən çəkinməlidir. Bununla yanaşı format elə şəkildə olmalıdır ki, hər iki tərəf həmsədrlərə etibar etsin. Dərhal müzakirələrə başlanılmalıdır. Bu istiqamətdə öncə prosedur qaydalar təhlil edilməli və hansı formatda işlənilməsi üçün yeni təkliflər olmalıdır. Ən əsas məsələ isə status-kvonun dəyişdirilməsidir. Belə getməz. Bu şəkildə məsələlərin müzakirəsi münaqişənin dondurulmasına xidmət edir”.