YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Türkiyə ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əlaqələr uğurla inkişaf edir

“Azərbaycan-Türkiyə münasibətləri dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslanır. İki ölkə arasında müxtəlif sahələri əhatə edən əlaqələr uğurla inkişaf edir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Millət vəkili əlavə edib ki, iki dövləti tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır: “Bu səbəbdən də münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla inkişaf edir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Ermənistanın işğalçı siyasəti davam etdirdiyi üçün Türkiyə onunla bütün əlaqələri dayandırıb, sərhədlərini bağlayıb”.

"Eyni zamanda, Azərbaycan-Türkiyə birliyi bölgədə sülhün və təhlükəsizliyin başlıca faktorlarından biridir. Azərbaycan və Türkiyə bu gün regionda söz sahibi olan dövlətlərdir. Təbii ki, bu bölgədə baş verən proseslərdə bu ölkələrin mövqeyi həlledici əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, dövlətlərimiz qlobal enerji layihələrinin təşkilatçılarıdır, onda iki qardaş ölkənin nəinki regionda, eləcə də dünyada nüfuzu daha da artmaqdadır",-deyə S.Fətəliyeva əlavə edib.

Millət vəkili bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbulu zamanı səsləndirilən fikirlər iki ölkə arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyini əminliklə söyləməyə imkan verir: “Prezident İlham Əliyev hər iki tərəfə fayda gətirən əlaqələrin bu gün müxtəlif istiqamətləri əhatə etdiyini, o cümlədən də hərbi-texniki sahədə əməkdaşlığın getdikcə dərinləşdiyini diqqətə çatdırıb. Qeyd etmək lazımdır ki, Azərbaycanla Türkiyə arasındakı çoxşaxəli  münasibətlərdə hərbi-texniki sahədə əməkdaşlıq mühüm yer tutur. Ermənistanla müharibə şəraitində yaşayan və torpaq işğalına məruz qalan Azərbaycan qardaş ölkənin hərbi sahədəki geniş imkanlarından bəhrələnir”.

“Bütövlükdə, Türkiyə-Azərbaycan münasibətləri ən yüksək zirvədədir və iki ölkə arasındakı əlaqəlar dünya miqyasında ölkələr üçün nümunədir”,-deyə S.Fətəliyeva vurğulayıb.