YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının birgə videokonfransı keçirilib (VİDEO)

Oktyabrın 8-də Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) birgə videokonfransı keçirilib.

Videokonfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov iştirakçıları salamlayıb və bildirib ki, bu tədbir Azərbaycan-Türkiyə qardaşlığının bir ifadəsidir. Onun sözlərinə görə, Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra Türkiyə ilə ölkəmiz arasında münasibətlər yüksək səviyyədə inkişaf edib. Ulu Öndər Heydər Əliyevin dediyi “Bir millət-iki dövlət” kəlamı hər iki ölkədə dillər əzbəridir. Əli Əhmədov qeyd edib ki, hazırda Azərbaycan öz torpaqlarını işğaldan azad etmək uğrunda mübarizəyə başladıqdan sonra artıq bütün dünya Azərbaycanla Türkiyənin sarsılmaz qardaşlığından və dostluğundan danışır. Eyni zamanda, bu dostluğun və qardaşlığın Azərbaycanın ədalətli savaşında nə qədər böyük dəstək verdiyini özündə ehtiva edir.

Əli Əhmədov problemin həlli ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin prinsipal mövqeyini bir daha diqqətə çatdırıb və bu məsələdə birmənalı dəstəyinə görə Türkiyə dövlətinə və xalqına təşəkkürünü bildirib: “Bu gün Azərbaycan öz torpaqlarının işğaldan azad olunması uğrunda ədalətli savaşa başlayıb. Azərbaycanın hər bir vətəndaşı istəyir ki, 30 il işğal altında olan torpaqları azad etsin. Ərazilərimiz işğaldan azad olunur və Azərbaycan bayraqları bu torpaqlarda dalğalanır. Bu savaş bütün ərazilərimiz azad edilənə qədər, sərhədlərimiz bərpa olunana qədər davam edəcək. Ölkədə bütün xalqımız, o cümlədən bütün siyasi partiyalar, QHT-lər Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Dünya getdikcə Azərbaycanın haqq işini daha geniş hiss edəcək. Azərbaycanın və Türkiyənin apardığı işlər nəticəsində biz buna nail oluruq. 30 il ərzində bu münaqişənin sülh yolu həllini gözləmişik”.

YAP Sədrinin müavini qeyd edib ki, bu illər ərzində ATƏT-in Minsk qrupu və həmsədrləri bu münaqişənin həlli və işğal altındakı torpaqlarının azad edilməsi üçün gərəkən işləri görə bilmədilər: “Azərbaycan öz haqq işi uğrunda mübarizəsini aparır. Bu mübarizə Qafqaza sülh gətirəcək. Türkiyə haqqın və ədalətin yanındadır. Qarabağı işğaldan azad etməklə Azərbaycan Qafqazda sülhün və əmin-amanlığın bərqərar olması üçün töhfələrini verir. Ümid edirəm ki, döyüşlər başa çatanda işğaldan azad olunan Qarabağda YAP və AKP-nin birgə toplantısını keçirəcəyik. Azərbaycanda hər kəs bu savaşın böyük qələbə ilə başa çatması ilə yaşayır. Ordumuz və Prezidentimiz bu böyük qələbə üçün lazım olan hər şeyi edir. Türkiyə cəmiyyətində də hər kəs Qarabağ savaşından danışır. Onu da qeyd etmək istəyirəm ki, münaqişənin nizamlanması üçün vasitəçilik  missiyyasını yerinə yetirən ATƏT-in Minsk qrupu ötən illər ərzində özünü doğrultmadı. Buna görə də, münaqişənin həlli üçün yeni format tapılmalı və Türkiyə bu prosesdə fəal iştirak etməlidir. Çünki zaman göstərdi ki, problemin həlli üçün regiondan uzaqda olan dövlətlər deyil, məhz region ölkələri böyük töhfələr verə bilər. Bu baxımdan, Türkiyənin rolu xüsusi qeyd edilməlidir”.

“Türkiyə Cümhuriyyəti bütün qəlbi ilə Azərbaycan dövlətinin və xalqının yanındadır. Bütün beynəlxalq təşkilatlarda sona qədər Azərbaycana dəstək göstərəcəyik”. Bu fikirləri isə Türkiyənin Ədalət və İnkişaf Partiyasının  genel başkan vəkili, İstanbul millət vəkili Numan Kurtulmuş çıxışı zamanı  deyib. Numan Kurtulmuş bildirib ki, Türkiyə dövləti olaraq Azərbaycana qətiyyətli mövqeyimizi, dəstəyimizi ifadə edirik. Türkiyə sonunadək Azərbaycan xalqının və dövlətinin yanında olacaq. “Bir millət, iki dövlət” şüarını təkcə sadəcə söz olaraq söyləmirik. Azərbaycana ən kiçik zərbə dəydiyi zaman, bizim bütün vətəndaşlarımız bunu özündə hiss edir. Onun sözlərinə görə, Türkiyə Azərbaycan haqlı savaşında sonuna qədər onun yanında olacaq: “Rəsmi olaraq bu dəstəyi ifadə edirik. Bu dəstəyi partiyalar səviyyəsində göstərmək üçün Yeni Azərbaycan Partiyası və AKP arasında əməkdaşlığı genişləndirmək üçün bu konfransı keçiririk. Bu toplantı dəyərlidir. Azərbaycanı haqlı mübarizəsində dəstəkləyirik. Bu məsələdə bəzi ölkələr də Azərbaycanın mövqeyini dəstəkləyib. Dağlıq Qarabağ münaqişəsində işğalçı tərəf olan Ermənistandır. Bir sıra Avropa ölkələrində diaspor vasitəsilə Dağlıq Qarabağ probleminin həllinə mane olan ölkə də Ermənistandır. Dünya bu həqiqəti görməlidir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından bütünlüklə çəkilməlidir. Ermənistan Azərbaycan ərazilərindən geri çəkilənə qədər bu problem bitməz. Azərbaycan hər hansı müharibə istəmədi, bu müharibəni başlamadı. Ancaq öz torpaqları uğrunda mübarizə aparır. Azərbaycan Ordusu dünyanın gözü önündə bu hədəflərə doğru irəliləyir, işğalçılara göz açdırmır. Diləyimiz Qarabağın işğaldan azad olunmasıdir”.

AKP rəsmisi söyləyib ki, Türkiyə Azərbaycanın haqq işini bütün plaformalarda dilə gətirir. Onun sözlərinə görə, dünya ictimaiyyəti Ermənistanın işğalçı olduğunu bilir: “Atəşkəsdən bəhs etsələr də, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsindən danışmırlar. Bu, qəbulolunmazdır. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri var və onlar icra edilməlidir. Ona görə də işğalçıya diplomatik təzyiqlər göstərmək lazımdır. Biz Türkiyə olaraq bütün dünyaya anlatmağa çalışırıq ki, bu regionda sülh və sabitliyin təmin olunması üçün erməni işğalına son qoyulmalıdır. Biz Qafqazlarda münaqişə istəmirik. Azərbaycan tarixi torpağı olan Qarabağı işğaldan azad etdikdən sonra bölgədə davamlı sülh təmin olunacaq. Türkiyə olaraq bu regionda bütün xalqların sülh şəraitində yaşamasını istəyirik. Haqq olan yerdə qalib gəlməmək mümkün deyil. Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında sonuna qədər Azərbaycanın haqlı mövqeyi müdafiə edəcəyik”.

Numan Kurtulmuş onu da qeyd edib ki, Ermənistan PKK və digər terrorçuları Dağlıq Qarabağdakı döyüşlərə cəlb edir. Bu isə yolverilməzdir. “Qarabağın işğalı 30 ildir davam edir. Bu 30 illik müddətdə ATƏT-in Minsk qrupunun problemin həlli üçün ciddi təşəbbüsləri olmadı. Azərbaycanın haqlı davası da buna görədir. Azərbaycanlı qardaşlarımız bu savaşda inşallah zəfər çalacaq. Haqq mübarizəsində şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm”-deyə, o vurğulayıb.

Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Türkiyənin Azərbaycanın haqq işinə dəstəyinin xalqımız tərəfindən yüksək qiymətləndirilmdiyini deyib. O bildirib ki, bu amil Azərbaycanın haqlı mübarizəsinin beynəlxalq birliyə çatdırılmasında da mühüm rol oynayacaq. Ə.Əmiraslanov cəbhədə vəziyyətin gərginləşdiyi gündən etibarən türkiyəli həmkarları ilə daim təmasda olduqlarını da diqqətə çatdırıb.

TBMM-nin Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri, İstanbul millət vəkili Şamil Ayrım  isə çıxışında bildirib ki, quldur Ermənistan Azərbaycan torpaqlarından çıxmalıdır. Əks halda, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün sonadək mübarizə aparacaq. Şamil Ayrım qeyd edib ki, hazırkı şəraitdə Azərbaycanda müşahidə olunan milli birlik qürurvericidir. Onun fikrincə, bu birlik sayəsində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad edəcək və bu məsələdə Türkiyə daim qardaş ölkənin yanındadır.

Dostluq qrupunun rəhbəri bugünlərdə Türkiyənin Xarici İşlər naziri ilə birlikdə Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olduğunu və bu görüşlə bağlı təəssüratlarını bölüşüb. O həmçinin hər gün azərbaycanlı həmkarları ilə əlaqə saxlayaraq, cəbhədəki vəziyətlə maraqlandığını söyləyib. “Ermənilərin dinc insanları atəşə tutması vəhşilikdir”-deyən Ş.Ayrım zəfərin Azərbaycanla olacağına əminliyini bildirib.

“Türkiyə dövlətinin Azərbaycana dəstəyi dəyişməzdir”. Bu fikri isə videkonfransda Ədalət və İnkişaf Partiyasının  genel sekreteri, Ankara millət vəkili Fatih Şahin deyib. Fatiş Şahin bildirib ki, Azərbaycanın tarixi torpağı olan Qarabağı işğalçılardan azad etmək haqqı var. Bu yolda Türkiyə xalqı öz dəstəyini hər zaman ifadə edib. “AKP və YAP olaraq sıx əlaqələrimiz var. Hesab edirəm ki, indiki məqamda əlaqələrimizi daha da gücləndirməliyik. Bizim birliyimiz dövlətlərimizin birliyinin daha da güclənməsinə xidmət edir. Biz Azərbaycanın haqq savaşında qalib gələcəyinə inanırıq”-deyə, Fatih Şahin söyləyib.

AKP-nin Sivil toplum və xalqla ilişkilər başkanı Jülide Sarıeroğlu çıxışnda türk xalqının dualarının Azərbaycanla olduğunu söyləyib: “İnanıram ki, Azərbaycanın torpaq bütünlüyü uğrunda mübarizəsi qələbə ilə başa çatacaq. Bu yolda Azərbaycan Ordusuna dualarımızla dəstək veririk.

Çıxış edən AKP-nin Tanıtım və media başkanı, Kahramanmaraş millət vəkili Mahir Ünal deyib ki, Qarabağın işğal altında olması qəlbimizdə bir yara idi: “Xocalı faciəsinin yarasını ürəyimizin dərinliyində hiss edirik. Bu gün isə gəldiyimiz nöqtə odur ki, tezliklə haqq öz yerini tapmalıdır”. Mahir Ünal bildirib ki, bu gün Azərbaycan ordusu Qarabağın işğaldan azad edilməsi yolunda zəfərlər qazanmaqdadır. Onun fikrincə, bu zəfərlər təkcə Azərbaycanda deyil, Türkiyədə, eləcə də bütün İslam coğrafiyasında coşğu yaratmaqdadır: “Biz Türkiyə, AKP olaraq Azərbaycanın ədalətli savaşına daim dəstək veririk. Bu dəstəyi beynəlxalq media müstəvisində də göstəririk. Hesab edirik ki, Qarabağ probleminin həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir”.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova çıxışında bildirib ki, hazırkı məqamda Türkiyənin dəstəyi torpaqlarımızın işğaldan azad edilməsi işində xalqımızın mənəvi gücünü artırır. ATƏT-in Minsk qrupunun fəaliyyətinə münasibətini ifadə edən B.Muradova Prezident İlham Əliyevin bu qurum haqqında fikirlərini də xatırladıb. O deyib ki, artıq Minsk qrupunun heç bir perspektivi yoxdur. B.Muradovanın fikrincə, Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə digər münaqişələrin həlli üçün də yol xəritəsi göstərir. Bununla da beynəlxalq müstəvidə sülhə və təhlükəsizliyə töhfə vermiş oluruq.

Milli Məclisin İntizam Komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov isə çıxışında Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədərimiz isə bizim kədərimizdir” kəlamını xatırladıb. Azərbaycanla Türkiyənin qardaşlığının sarsılmaz olduğunu söyləyən E.İbrahimov hazırkı məqamda bu qardaşlığın təntənəsini yaşadığımızı söyləyib. O, əmin olduğunu bildirib ki, Azərbaycanın başladığı mübarizə torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnəcək.