YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Azərbaycana dəstəyimiz bundan sonra da eyni qətiyyətlə davam edəcəkdir

“Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qardaş Azərbaycan ilə aramızdakı bütün əlaqələri - istər hərbi, istər siyasi, istər iqtisadi, istər ticari, mədəniyyət və təhsil sahələrində daha yüksək səviyyəyə çatdıracağına heç şübhə etmirik. Bu mexanizmin uğurla işləməsi atacağımız addımların daha güclü olacağını göstərir.

Siyasi sahədə Türkiyə ilə Azərbaycan arasında hər hansı bir problemdən söhbət belə gedə bilməz. Hərbi sahədə əməkdaşlığımız artaraq davam edir. İqtisadi-ticari əlaqələr sahəsində ticarət dövriyyəsi bu il 5 milyard dollara çatdı, belə bir səviyyəyə nail olduq. Amma təbii ki, bizim əsas hədəfimiz bu göstəricini 2023-cü ildə 15 milyard dollara çatdırmaqdır. Əminəm ki, bu əzm, bu qətiyyət, bu siyasi iradə hər iki ölkədə vardır. Buna nail olmaq bu kadrların əlindədir. İnşallah, buna da nail olacağıq.”Bu fikirləri  yanvarın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında səsləndirmişdir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etmişdir ki, son dərəcə ətraflı və səmimi fikir mübadiləsi aparılmış, ikitərəfli əlaqələrə, milli təhlükəsizliyə dair mövzular regional və beynəlxalq məsələlər çərçivəsində müzakirə edilmişdir: “Təbii ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müzakirələrin hazırkı mərhələsində son məlumatları da öyrənmiş oluruq. Amma görünən odur ki, təəssüf, Minsk qrupu bu məsələdə hələ də qətiyyətli bir addım atmamaqla bu proses bir vaxt itirmə taktikası ilə davam etdirilir. Münaqişə ilə bağlı beynəlxalq qərarların qəbul edilməsinə baxmayaraq, bu prosesin hələ də vaxt itirmə taktikası ilə davam etdirilməsi üzücüdür. Xüsusən bu məqamı burada yenidən xatırlatmaq istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həlli istiqamətində Azərbaycana dəstəyimiz bundan sonra da eyni qətiyyətlə davam edəcəkdir. Son dərəcə həssas olduğumuz, hər fürsətdə də dilə gətirdiyimiz bu mövzuda Türkiyə olaraq bizim mövqeyimiz qətidir. Görüşümüzdə bu məsələləri də ayrıca müzakirə etdik və bundan geriyə addım atmağımız əsla mümkün deyildir.”