YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Bu gün dünyada Türkiyə və Azərbaycan kimi bir-birinə bağlı olan, yaxın olan ikinci ölkələr yoxdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ankarada  birgə mətbuata bəyanatında ilk rəsmi səfərinin Türkiyəyə - qardaş ölkəyə olmasını gözəl bir ənənə adlandırmışdır. Qeyd etmişdir ki, eyni zamanda, bu səfər bizə imkan verdi ki, bu il ərzində görüləcək işləri bir daha müzakirə edək və birgə fəaliyyət planımızı təsdiq edək.
Dövlət başçımız bildirmişdir ki, bu gün imzalanan Birgə Bəyanatda Türkiyə-Azərbaycan əlaqələrinin əvvəlki dövrü, görülən və görüləcək işlər öz əksini tapıbdır. Bu gün Strateji Əməkdaşlıq Şurasının dördüncü toplantısında müzakirə olunan məsələlər və bu məsələlərin həlli əlbəttə ki, Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrini daha da yüksək pilləyə qaldıracaqdır.

“Bizim əlaqələrimiz tarixi köklərə, xalqlarımızın qardaşlığına söykənir və bu gün bu əlaqələr dünyada ən yaxın əlaqələrdir. Bu gün dünyada Türkiyə və Azərbaycan kimi bir-birinə bağlı olan, yaxın olan ikinci ölkələr yoxdur və bu birliyi təsdiqləyən bir çox məqamlar var. Onlardan biri də əziz qardaşımın dediyi kimi, Türkiyənin Azərbaycanı “G-20”-yə dəvət etməsidir. Bu, bizim üçün böyük şərəfdir. İlk növbədə ona görə ki, bu dəvət Türkiyədən gəlmişdir və bu, həm Türkiyə və Azərbaycan xalqlarına, həm də bütün dünya xalqlarına bir daha göstərir ki, biz bir-birimizə nə qədər yaxınıq, bir-birimizə bağlıyıq. Bu dəvətə və Azərbaycana göstərdiyiniz bu diqqətə görə əziz qardaşım, şəxsən Sizə minnətdaram və əminəm ki, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələri bundan sonra da uğurla davam etdiriləcəkdir.” Bu fikirləri  yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə mətbuata bəyanatında səsləndirmişdir.

Prezident İlham Əliyev qeyd etmişdir ki, biz, eyni zamanda, aprelin 24-də Çanaqqala zəfərini də birlikdə qeyd edəcəyik və bu tarixin seçilməsinə görə də öz adımdan və bütün Azərbaycan xalqı adından Sizə çox minnətdaram. Bu tarixin seçilməsi çox müdrik bir addımdır. Əminəm ki, bizim xalqlarımız bunu layiqincə qiymətləndirəcəklər.

O ki qaldı bugünkü toplantıya, əziz qardaşımın qeyd etdiyi kimi, bir çox məsələlər müzakirə olundu, qərarlar verildi, nazirlər öz aralarında görüşlər keçirdilər və əminəm ki, bütün bu məsələlərin həlli bizi bir-birimizə daha da yaxın edəcək.

Prezident İlham Əliyevin sözlərinə görə, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq artır: “Biz Türkiyədən çoxlu silah-sursat alırıq. Eyni zamanda, artıq Azərbaycanda müdafiə sənayesi məhsullarının birgə istehsalı haqqında da bu gün fikir mübadiləsi aparılmışdır. Biz Türkiyənin böyük uğurlarına sevinirik. Türkiyə bu gün dünya miqyasında bir güc mərkəzidir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan bir o qədər güclü olacaq. Bizim gücümüz əlbəttə ki, siyasi, iqtisadi və hərbi gücümüzdür. Ona görə, müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi üçün bizim böyük planlarımız var. Qeyd etməliyəm ki, keçən il bir neçə gün ərzində Azərbaycanda Türkiyə-Azərbaycan birgə hərbi təlimləri keçirilmişdir. Bu təlimlər bundan sonra mütəmadi qaydada keçiriləcəkdir.”