YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Konqresinin nəşrində 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub

ABŞ Konqresinin nəşri olan, senatorlar və konqresmenlər, xarici siyasət ekspertləri və ictimaiyyət tərəfindən mütəmadi olaraq izlənən “The Hill” qəzetinin 16 yanvar tarixli nömrəsində Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin məqaləsi dərc olunub.
“Qara Yanvar və haqsız yerə verilmiş Nobel Sülh Mükafatı” sərlövhəli məqalədə 25 il öncə baş vermiş qanlı 20 Yanvar hadisələrindən və Azərbaycan xalqının öz azadlığı uğrunda apardığı mübarizədən bəhs edilir.
Həmin hadisələr zamanı sovet qoşunları tərəfindən çoxlu sayda günahsız insanın amansızcasına qətlə yetirildiyini bildirən müəllif ümummilli lider Heydər Əliyevin faciədən dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək, qətliamı kəskin şəkildə pislədiyini, bunun isə Azərbaycan xalqının azadlıq mübarizəsini daha da ilhamlandırdığını qeyd edir.
Baş konsul mühüm bir fakta diqqət çəkərək bildirir ki, 1990-cı il oktyabrın 15-də Nobel Sülh Mükafatı Komitəsi bəlkə də öz tarixində ən qeyri-ciddi qərarını verərək, SSRİ-nin prezidenti Mixail Qorbaçovu Nobel Sülh Mükafatına layiq görmüşdü. Müəllif vurğulayır ki, bununla mükafatın verilməsindən çox deyil – 10 ay əvvəl M.Qorbaçovun birbaşa əmri ilə Bakıda törədilmiş Qara Yanvar qətliamını “unudan” komitə əli yüzlərlə günahsız azərbaycanlının qanına batmış bir şəxsi mükafatlandırmışdı.
N.Ağayev digər bir maraqlı tarixi faktı da vurğulayaraq qeyd edir ki, Alfred Nobel və onun qardaşlarının Bakı neftindən əldə etdikləri böyük sərvət olmasaydı, 1901-ci ildə Nobel mükafatının təsisi mümkün olmazdı. Müəllif əlavə edir: “Ancaq A.Nobel təsəvvürünə belə gətirə bilməzdi ki, təsis etdiyi bu mükafat bir gün həmin Bakını qan çanağına çevirmiş şəxsə veriləcək.”
Diplomat, həmçinin müstəqilliyinin bərpasından keçən dövr ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini, siyasi və iqtisadi mövqelərinin həm regional, həm də qlobal səviyyədə möhkəmləndiyini qeyd edir. O, ölkəmizin müstəqilliyinin əbədi və dönməz olduğunu diqqətə çatdırır.