YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun fəaliyyətə başlamasından 10 il keçir

Mayın 10-da Heydər Əliyev Fondunun fəaliyyətə başlamasından 10 il keçir. On il ərzində Fond saysız-hesabsız uğurlara nail olmuş, təhsil, səhiyyə və digər sahələrdə ciddi islahatların aparılmasına töhfəsini vermişdir. Heydər Əliyev Fondu, həmçinin ölkəmizin dünyada təbliği və zəngin dəyərlərimizin tanıdılması istiqamətində yorulmaz fəaliyyət göstərmişdir. 

Heydər Əliyev Fondunun fəaliyyətə başlaması Azərbaycanda böyük ənənələri və tarixi olan xeyriyyəçilik məktəbinin yenidən dirçəlməsi və yaşadılması ilə müşayiət olundu. Bu hərəkatın önündə isə Fondun prezidenti Mehriban Əliyeva gedirdi. Mehriban Əliyeva fəaliyyətinin elə ilk dövrlərində sübut etdi ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücü ilə mümkündür. Ona görə də bu, Mehriban Əliyeva üçün təkcə yüksək vəzifə borcu kimi qalmadı, özünü insani mənada daha geniş əks etdirdi. Bu fəaliyyət vətənsevərliyə, iradəyə və qüdrətə kökləndi.

Heydər Əliyev Fondunun yaradılması Azərbaycan dövlətinin cəmiyyətə ünvanlanan ali məqsədlərinin reallaşdırılması yolunda tarixi nailiyyətə çevrildi. Yarandığı gündən Fondun qarşısına qoyduğu məqsədlər miqyası ilə fərqləndi. Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond cəmiyyəti narahat edən, Azərbaycan vətəndaşlarının həyatı, sağlamlığı, təhsili ilə bağlı olan bütün sahələrə diqqət yönəltdi. Məqsədlər o qədər aydın və ali oldu ki, qısa vaxtda Heydər Əliyev Fondu yardıma ehtiyac duyan hər bir kəsin ümid yerinə çevrildi. Məqsədlərinin əhəmiyyətinə, miqyasına və sambalına görə Azərbaycanda alternativi olmayan Fond ötən illərdə Ulu Öndərin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılması naminə müəyyən etdiyi ideyaların reallaşmasına dəstək verdi.

Elə ilk dövrdən təhsilə yardımı vacib hesab edən Fond ictimaiyyətin diqqətini müasir dünyada hər bir ölkənin inkişafının əsasında dayanan təhsilə yönəltdi. Bu, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsində əksini tapdı. Mehriban Əliyevanın təşəbbüsü ilə real mənzərəni qiymətləndirmək üçün ölkədəki məktəb binalarının vəziyyəti öyrənildi. Ötən dövrdə işlər nəticəsində Fondun xətti ilə inşa olunan orta məktəblərin sayı 500-ə çatdı. Bununla yanaşı, “Təhsilə dəstək” layihəsini də uğurla həyata keçirən Heydər Əliyev Fondu Pakistanda zəlzələ zamanı dağılmış qızlar məktəbini yenidən inşa etdirdi, Həştərxanda ulu öndər Heydər Əliyevin adını daşıyan məktəb, həmçinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kor və zəif görən uşaqlar və gənclər üçün mərkəz yenidən quruldu. Bakıda yəhudi uşaqlar üçün 450 şagird yerlik “Xabad-Or-Avner” təhsil mərkəzi və fransız liseyi yaradıldı. Fond məktəbəqədər təhsil müəssisələri ilə bağlı mühüm addımlar atdı, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” Proqramını irəli sürdü. “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı Heydər Əliyev Fonduna ictimaiyyət arasında daha çox rəğbət qazandırdı. Proqram çərçivəsində ölkə üzrə 30-dan çox uşaq müəssisəsi əsaslı təmir edildi və avadanlıqla təchiz olundu. Uşaq evlərində tərbiyə alan və 18 yaşı tamam olmuş qızlar üçün Azərbaycanın birinci xanımının təşəbbüsü ilə paytaxtın Nizami rayonunda 50 mənzillik bina inşa edildi. Bir neçə il sonra 68 mənzilli daha bir yaşayış binası tikildi.

Ötən 10 ildə Heydər Əliyev Fondu ölkədə səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasətinə də güclü dəstək vermişdir. Paytaxtda və bölgələrdə tikilən çoxsaylı səhiyyə ocaqları ilə yanaşı, Fond cəmiyyəti narahat edən bir çox problemlərin həllinə yardım etmişdir. Diabetli uşaqlara ən yüksək qayğı, talassemiyasız həyat naminə layihələrinin icrasına başlanmışdır. Fondun təşəbbüsü ilə Bakıda müasir Talassemiya Mərkəzi tikildi. Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi inşa olundu.
Heydər Əliyev Fondu idman siyasətinə də öz töhfəsini vermişdir. Ölkə üzrə bir çox idman qurğuları inşa olunmuş, “Hərəyə bir ağac əkək!” aksiyası uğurla baş tutmuşdur.

2009-cu ildə “Azərbaycan” nəşrini təqdim edən Fondun Rusiya, Rumıniya, Türkiyə, ABŞ və digər ölkələrdə fəaliyyət göstərən nümayəndəlikləri bu gün fəallıqları ilə seçilir. Bu sırada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə fəaliyyətə başlayan Rusiya nümayəndəliyi və onun həyata keçirdiyi layihələr, xüsusilə də “Xocalıya ədalət!” kampaniyası xüsusi əhəmiyyəti ilə diqqət çəkir. Tarixi keçmişimizə, xalqımızın qan yaddaşına həssas münasibətilə seçilən Heydər Əliyev Fondu Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasında və 1918-ci ildə erməni daşnaklarının Şamaxıda törətdikləri mart qırğınları zamanı yandırılan Şamaxı Cümə məscidinin əsaslı bərpasında yaxından iştirak etmişdir.

Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunmasına yönəlmiş fəaliyyəti cəmiyyətdə böyük rəğbət doğurmuşdur. Tolerantlıq mühitinin qorunub saxlanması Fondun dəstəyi ilə keçirilən beynəlxalq konfranslarda da əksini tapmışdır.

İnsan hüquq və azadlıqlarının qorunmasına xüsusi dəstək verən Heydər Əliyev Fondu 2007-ci və 2009-cu illərdə amnistiya təşəbbüsü ilə çıxış etmişdir.

Mehriban Əliyeva həm də Azərbaycan mədəniyyətinin təbliği və inkişafı istiqamətində həyata keçirilən nəhəng layihələrin müəllifidir. Məhz onun xidmətləri sayəsində muğam sənəti UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına daxil edilmişdir. Bu siyahını İçərişəhər Tarixi-Memarlıq Kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Azərbaycan xalçaları, milli aşıq sənəti, həmçinin Novruz bayramı da davam etdirmişdir. Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa olunmuş, “Qarabağ xanəndələri” musiqi albomu nəşr edilmiş, muğam televiziya müsabiqələri keçirilmişdir.

Heydər Əliyev Fondu bir çox beynəlxalq musiqi festivallarının da təşkilatçısıdır. Bu sırada Qəbələ Beynəlxalq musiqi festivalı öz möhtəşəmliyi və əhatə dairəsinin genişliyi ilə fərqlənir. “Eurovision-2011” beynəlxalq mahnı müsabiqəsində qalib gələn Azərbaycan Heydər Əliyev Fondunun xidmətləri sayəsində  2012-ci ildə 57-ci dəfə keçirilən müsabiqəni uğurla reallaşdırdı, Qərb ilə Şərqin qovuşuğunda yerləşən ölkəmiz bir daha dünyanın diqqət mərkəzinə çevrildi.

Heydər Əliyev Fondunun beynəlxalq əlaqələrinin uğurlarıdır ki, akademik Yusif Məmmədəliyevin, görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 100 illik yubileyləri UNESCO səviyyəsində qeyd olundu, Xalq Artisti, bəstəkar Rafiq Babayevin yaradıcılığını əhatə edən musiqi albomu hazırlandı, dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahovun Parisdə fərdi sərgisi təşkil edildi. Fransanın sənət nümunələrinin toplandığı “Fransız inciləri” kolleksiyası Bakıda nümayiş olundu. Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxtda Müasir İncəsənət Muzeyi açıldı, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi fəaliyyətə başladı, xalqımızın Ümummilli Liderinin 90 illik yubileyi ərəfəsində Heydər Əliyev Mərkəzində Heydər Əliyev Muzeyinin açılışı oldu.

Heydər Əliyev Fondu həm də Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə xaricdə həyata keçirilən bir çox layihələrin müəllifidir. Bu münasibətlə Fondun Parisdə, Moskvada, Berlində Romada, Vatikanda təşkil etdiyi tədbirlər ölkəmizin təbliğində mühüm rol oynadı, Azərbaycan Vatikanda sərgi təşkil edən ilk müsəlman ölkəsi kimi tarixə düşdü.

Heydər Əliyev Fondu Fransanın 20-dən çox regionunda xüsusi mərasimlər keçirdi, 2013-cü ildə beynəlxalq kinofestivalından da yaxşı tanıdığımız Kann şəhərində Azərbaycan mədəniyyəti günləri baş tutdu. Heydər Əliyev Fondu xaricdə Azərbaycan mədəniyyət evlərinin və mərkəzlərinin yaradılması ideyasına dəstək verdi. Əvvəlcə Fransanın paytaxtı Parisdə, daha sonra Vyanada Azərbaycan Mədəniyyəti mərkəzləri fəaliyyətə başladı. UNESCO-nun xoşməramlı səfiri olan Mehriban Əliyeva Luvr Muzeyində aparılan bərpa işlərinə qoşuldu, Parisdə 1669-cu ildə Fransa Kralı XIV Lüdovikin hakimiyyəti dövründə əsası qoyulmuş Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Azərbaycan dili fakültəsinin açılmasına nail oldu. Bununla da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Ulu Öndərin ideallarını yaşadaraq ümumbəşəri dəyərlərə öz töhfəsini verdi və bu proses indi də davam edir. 

Mehriban Əliyeva Azərbaycan Prezidentinin xanımı kimi dövlətimizin başçısının məsuliyyətini onunla birgə bölüşür. Çünki Mehriban Əliyeva xeyirxahlıq yolunu seçmişdir, yardıma ehtiyacı olan hər kəsin yanında olmaq onun həyat amalıdır. Məhz bu əbədiyaşar prinsiplər onun fəaliyyətinə dünyada böyük maraq qazandırmış, bu isə ona təqdim olunan çoxsaylı mükafatlarda əks olunmuşdur. Lakin bütün təltiflərdən ən əzizi təbii ki, ulu öndər Heydər Əliyevin adını daşıyan mükafatdır. Prezident İlham Əliyev Mehriban Əliyevanın xidmətlərini 2009-cu ildə - Ulu Öndərin anadan olmasının 85-ci ildönümündə ona Heydər Əliyev mükafatını təqdim etməklə dəyərləndirmişdir.

Böyük və nadir insanlar doğulduqları andan ömrünün sonuna qədər yüksək və ali missiyanın daşıyıcıları olurlar. Belə insanların ömrü yorulmadan, dayanmadan, son nəfəsə qədər böyük bir məqsədə xidmət edir və əbədi mübarizəyə həsr olunur. Ulu öndər Heydər Əliyev də belə şəxsiyyətlərdən idi. Ümummilli Liderin adını daşıyan Fondu xalqımıza ən çox sevdirən isə onun prinsipləridir. Bu prinsiplərin əsasında çox sadə bir ideya dayanır: insanlara yaxşılıq etmək.