YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Heydər Əliyev Fondu Ulu Öndərin adını şərəflə daşıyır, Ulu Öndərin xatirəsinə layiq fəaliyyət göstərir

“Bu il Ulu Öndərin adını daşıyan Fondun 10 illiyidir. Bir qədər bundan əvvəl Fondun fəaliyyətinə həsr edilmiş film göstərilmişdir. Filmdə Fondun çoxşaxəli fəaliyyəti haqqında qısa bir məlumat verilmişdir. Çünki Fondun 10 il ərzində gördüyü işlər o qədər böyükdür ki, əlbəttə, bir filmdə o işləri göstərmək mümkün deyildir.” Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı söyləmişdir.

“Fonda 10 il ərzində Mehriban Əliyeva rəhbərlik edir. Onun rəhbərliyi ilə Fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir. Mehribanın rəhbərliyi ilə bir neçə istiqamət üzrə konkret proqramlar icra edilmişdir.”-deyə, qeyd edən  Prezident İlham Əliyev daha sonra bildirmişdir ki, bir çox hallarda Fondun təşəbbüsləri bir qədər sonra həm ictimai təşkilatlar, eyni zamanda, dövlət qurumları tərəfindən dəstəklənmiş və bir növ dövlət proqramına çevrilmişdir. Xüsusilə Fondun təşəbbüsü ilə başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi bu gün geniş vüsət almışdır və dövlət bu proqrama qoşularaq son 10 il ərzində 3 minə yaxın yeni məktəb tikdirə bilmişdir. “Xocalıya ədalət!” kampaniyası da məhz Fondun təşəbbüsü ilə başlamışdır. Ondan sonra dövlət qurumları, ictimai qurumlar bu təşəbbüsə qoşulmuşlar və nəticə etibarilə qısa müddət ərzində 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən soyqırımı kimi qəbul etmişdir.

Səhiyyə ilə bağlı təşəbbüslər geniş vüsət almışdır. Azərbaycan mədəniyyətinin, mədəni irsimizin qorunması, dünyada təbliği işində Fond əvəzsiz rol oynamışdır. Bizim milli sərvətimiz olan muğam sənəti UNESCO-nun dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Əlbəttə ki, bütün bunlar filmdə öz əksini tapıbdır. Sadəcə olaraq mən bu gün Fondun fəaliyyətinə öz münasibətimi bildirmək istəyirəm. Deyə bilərəm ki, bu 10 il ərzində bu məsələ ilə bağlı mənim ilk çıxışımdır. Ona görə Azərbaycan dövləti adından Fonda, Fondun bütün işçilərinə minnətdarlığımı bildirmək istəyirəm. Onu da qeyd etmək istəyirəm ki, Fondun işçilərinin sayı o qədər də çox deyildir. Fondun işçilərinin tərkibi çox məhdud saydadır. Ancaq buna baxmayaraq peşəkardırlar, enerjilidirlər, biliklidirlər və işçilərin mütləq əksəriyyəti gənclərdir.
Bu gün Heydər Əliyev Fondu Ulu Öndərin adını şərəflə daşıyır, Ulu Öndərin xatirəsinə layiq fəaliyyət göstərir.