YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Pobjeda” qəzeti: Azərbaycan xalqı bu faciəni dəyanət və ləyaqətlə qarşıladı

Monteneqronun “Pobjeda” qəzetində çap olunmuş “Azərbaycanda Qara yanvar. Bakıya hücumdan 25 il keçir” sərlövhəli məqalədə 1990-cı il yanvarın 20-də Sovet hakimiyyətinin Azərbaycan xalqına qarşı törətdiyi amansız cinayətdən danışılır. Bildirilir ki, həmin gün Sovet ordusu küçəyə çıxaraq Azərbaycanın ərazi bütövlüyünün pozulmasına qarşı etiraz edənləri və azadlıq, müstəqillik, suverenlik ideyalarını dəstəkləyən xalqı cəzalandırmaq məqsədilə Bakıya hücum etdi. Təcavüz nəticəsində 147 nəfər mülki şəxs öldürüldü, 321 adam itkin düşdü, 700-dən çox insan yaralandı. Qətlə yetirilənlərin içərisində uşaqlar, qadınlar, gənc və yaşlı insanlar, Bakıda yaşayan müxtəlif millətlərin nümayəndələri var idi. Bu qırğın Azərbaycan tarixinə “Qara yanvar” kimi düşdü.
Yazıda vurğulanır ki, “Human Rights Watch” təşkilatının “Azərbaycanda Qara Yanvar” adlı hesabatında həmin gün baş verənlər geniş şərh olunur: “19-20 yanvar gecəsi Sovet ordusu tərəfindən kollektiv cəzalandırma metodu kimi törədilən zorakılığın səviyyəsi azərbaycanlılar tərəfindən nümayiş etdirilən müqavimətlə müqayisə olunmaz idi. Bakıda Sovet əsgərləri tərəfindən törədilən qətliam yalnız Azərbaycanda deyil, digər Sovet İttifaqı ölkələrindəki milliyyətçilər üçün xəbərdarlıq məqsədi daşıyırdı”.
Müəllif yazır: “Təəssüflər olsun ki, 20 Yanvar faciəsini törədənlər cəzasız qaldı. Sovet hakimiyyəti bu qətliamla bağlı bütün sənədləri və sübutları məhv etdi. 20 Yanvar qırğını totalitar rejimin öz əhalisinə qarşı vicdansızlığının təzahürü idi. Sovet işğalı öz məqsədinə çata bilmədi. Dəhşətli hadisə xatirələrdə vəhşilik kimi qalsa da, digər tərəfdən insanlara ümid verdi və bunun nəticəsi kimi Azərbaycan növbəti il müstəqilliyinə və azadlığına qovuşdu. “Qara yanvar” müasir Azərbaycanın tarixində dönüş nöqtəsi oldu. Azərbaycan xalqı bu faciəni dəyanət və ləyaqətlə qarşıladı. Bu gün 20 Yanvar faciəsinin qurbanları “Şəhidlər xiyabanı”nda yad olunur. Milyonlarla azərbaycanlı və Azərbaycanın dostları hər il yanvarın 20-də “Şəhidlər xiyabanı”na gələrək, ölkənin müstəqilliyi üçün canından keçən həmvətənlərini yad edirlər. Onlar şəhidlərin məzarları önünə güllər qoyur və millətin müstəqillik, demokratiya və azadlıq öhdəlikləri ilə bağlı andlarını təzələyirlər. Onlar Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən ilk şəhidlərdən idilər və bu cür qəhrəmanlar heç zaman unudulmayacaq”.