YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Heydər Əliyev tarixi şəxsiyyətdir, müstəqil Azərbaycan dövlətinin qurucusudur, bizim xilaskarımızdır

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirmişdir: “Heydər Əliyev tarixi şəxsiyyətdir, müstəqil Azərbaycan dövlətinin qurucusudur, bizim xilaskarımızdır. Bir-biri ilə tamamilə ziddiyyət təşkil edən iki dövlət quruluşunda Azərbaycana rəhbərlik etmişdir. 1969-1982-ci və 1993-2003-cü illər Azərbaycan tarixində Heydər Əliyevin rəhbərliyi ilə inkişaf illəri kimi qalacaqdır.”

 Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz üçün gördüyü möhtəşəm fəaliyyətdən bəhs edən Prezident İlham Əliyev qeyd etmişdir ki,
Heydər Əliyevin rəhbərliyi ilə aparılan böyük quruculuq işləri nəticəsində Azərbaycan 12 il ərzində SSRİ-də ən qabaqcıl yerlərə çıxa bilmişdir. Sovet İttifaqı dağılanda məlum olmuşdur ki, bu İttifaqda cəmi iki respublika özünü tam şəkildə təmin edirdi və donor kimi fəaliyyət göstərirdi. Onlardan biri də Azərbaycan idi. Məhz o illərdə Azərbaycanda o vaxta uyğun olaraq müasir sənaye kompleksi yaradılmışdır. Azərbaycan aqrar respublikadan sənaye respublikasına çevrilmişdir. Xüsusilə neft-qaz sənayesi üçün çox vacib olan məsələlər məhz o illərdə öz həllini tapmışdır. O layihələr bu gün də müstəqil Azərbaycana xidmət göstərir. Sənaye potensialının, kənd təsərrüfatının inkişafı o vaxt Azərbaycan üçün böyük imkanlar açmışdır. İnsanların rifah halı yaxşılaşmışdır.

1982-ci ildə Moskva dövrü başlamışdır. O dövr də çox əhəmiyyətli idi. Çünki Heydər Əliyev böyük, super dövlətin rəhbərliyində təmsil olunurdu. Baş nazirin birinci müavini idi. Azərbaycana da əlbəttə ki, öz qayğısını göstərirdi.

“Ancaq Azərbaycanda artıq 1982-ci ildən başlayaraq işlər yavaş-yavaş tənəzzülə uğramağa başlamışdır. İlk illərdə hələ inersiya gücü var idi. Ondan sonra isə durğunluq dövrü başlanmışdır. Təsadüfi deyil ki, Heydər Əliyev 1987-ci ildə bütün vəzifələrdən gedəndən sonra Azərbaycan çox böyük problemlərlə, fəlakətlərlə üzləşmişdir. O, siyasi hakimiyyətdən gedəndən sonra cəmi 2 həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirməklə bağlı məsələ qaldırmışdır. Məhz Heydər Əliyevin siyasi hakimiyyətdə olmaması erməniləri ruhlandırırdı. Çünki Heydər Əliyev amili imkan vermirdi ki, onlar bu çirkin iddiaları irəli sürsünlər. Ondan sonra Azərbaycana qarşı elan olunmamış müharibə başlamışdır, Qanlı Yanvar faciəsi törədilmişdir. O ağır, faciəvi anlarda yenə də Heydər Əliyev öz haqq səsini ucaltdı. Moskvada Azərbaycanın daimi nümayəndəliyində sovet hakimiyyətinin hərəkətlərini pislədi, Sovet İttifaqının başında duran şəxsi pislədi. Bütün dünyaya bu faciə haqqında öz sözlərini bəyan etdi. Bu, böyük cəsarət tələb edən bir addım idi. Çünki Sovet İttifaqının dağılmasına hələ 2 il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, nə vaxtsa Sovet İttifaqı dağıla bilər.

Heydər Əliyev sadəcə olaraq susa bilmirdi. O ağır anlarda öz xalqına mənəvi dəstək vermişdir. Ondan sonra təbii ki, totalitar maşın, totalitar dövlət ona qarşı hərəkətə keçdi. Onun həbs edilməsi ilə bağlı hazırlıq işləri aparılırdı. Moskvadan Bakıya gəlməyə məcbur olmuşdur. Burada da yaşamağa imkan vermədilər. Öz doğulduğu yerə - Naxçıvana üz tutdu.”-deyə, qeyd edən Prezident İlham Əliyev Ulu öndərin Naxçıvan həyatından bəhs edərkən bildirmişdir ki, bu dövr də həm Naxçıvan üçün, həm müstəqilliyimiz üçün həlledici dövrdür. Çünki Azərbaycanın dövlət müstəqilliyinin əsasları məhz Naxçıvanda qoyulmuş, məhz Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı elan edilmişdir. Sovet İttifaqının saxlanması ilə bağlı referendum Naxçıvanda keçirilməmişdir. Naxçıvanı blokadadan çıxarmaq üçün böyük səylər göstərildi. Erməni işğalçılara böyük zərbə vuruldu. Naxçıvan qorundu, Naxçıvanın ərazi bütövlüyü qorundu və saxlanıldı.

Təsadüfi deyil ki, Azərbaycanda vətəndaş müharibəsi başlayanda və torpaqlarımızın bir hissəsi işğal altına düşəndə xalq öz ümidini Heydər Əliyevin adı ilə bağlamışdır. 

DİGƏR Xəbərlər Arxiv