YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsrail nümayəndə heyətinin Azərbaycana səfərinin mühüm faydaları olacaq

İsrail nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsi baxımından mühüm faydaları olacaq. Səfərin məqsədi ikitərəfli əlaqələrin müzakirəsi ilə yanaşı, Azərbaycanı İsraildə daha yaxından tanıtmaq, onun necə tolerant, multikultural bir ölkə olduğunu ictimaiyyətin diqqətinə çatdırmaqdır.
Bu sözləri nümayəndə heyətinin tərkibində olan “Azərbaycan–İsrail” Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut AzərTAc-a müsahibəsində deyib.
Arye Qut səfər çərçivəsində bir sıra vacib görüşlərin keçirildiyini, səmərəli müzakirələrin aparıldığını diqqətə çatdırıb. O, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Holokost və Xocalı müasirlərin gözü ilə” mövzusunda “dəyirmi masa”nın önəmini də qeyd edib.
Ekspert deyib ki, Akko şəhərində “Tikvateynu - Bizim ümidimiz” adlı İrs Evinin yeni, çoxfunksional binasının tikintisi və Heydər Əliyev adına Azərbaycan Evinin yaradılması üçün 1 milyon dollardan artıq vəsait ayrılıb. Bu layihə Akkodakı Azərbaycan dağ yəhudiləri icmasının rəhbəri Nexemiya Şirin Mixaeli ilə birlikdə, habelə dağ yəhudilərinin beynəlxalq STMEQİ fondunun prezidenti German Zaxaryevin dəstəyi ilə həyata keçiriləcək. A.Qut İsrail Dövləti ilə Azərbaycan Respublikası arasında indiki strateji tərəfdaşlığın əsasının qoyulmasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb.
İsrailli ekspert səfər çərçivəsində nümayəndə heyətinin Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcəyini, Qırmızı Qəsəbənin yəhudi icması ilə görüşəcəyini də söyləyib.