YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İdarə Heyətinin iclası keçirilmişdir

Yanvar ayının 29-da Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilmişdir. İclasda YAP İdarə Heyətinin 2014-cü ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Qadınlar Şurası və Gənclər Birliyinin tərkibi haqqında 2014-cü ilə dair illik statistik hesabat, partiyanın 2014-cü il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2015-ci ilin birinci yarımilliyinə dair iş planı müzakirə edilmişdir. 

Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov iclasın gündəliyində olan məsələlər barədə çıxış edərək, bildirmişdir ki, 2014-cü ildə Azərbaycanın iqtisadi və sosial həyatında inkişaf uğurla davam etdirilmişdir. Ötən ilin başlıca siyasi hadisəsi bələdiyyə seçkiləri olmuşdur. Keçirilən bələdiyyə seçkilərində yaxından iştirak edən Yeni Azərbaycan Partiyasının namizədləri mandatların çoxunu qazanmaqla partiyanın növbəti seçki qələbəsini təmin etmişlər. Bütövlükdə bələdiyyələrə seçilənlərin 10 315 nəfəri Yeni Azərbaycan Partiyasının üzvləridir. Vurğulanmışdır ki, seçki təşviqat kampaniyasında partiyanın Sədri, Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisi, inkişafı, xalqın rifahının yüksəldilməsi, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi və digər sahələrdə gördüyü işlər əsas yer tutmuşdur. 

Hesabat ilində Yeni Azərbaycan Partiyası bir sıra mühüm tədbirlər həyata keçirmiş, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. 

Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində səylərini uğurla davam etdirmişdir.  Xüsusilə müxtəlif ölkələrin aparıcı partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında işgüzar və səmimi münasibətlər daha da genişləndirilmiş, bu istiqamətdə mühüm görüşlər keçirilmişdir.

Çıxışlarda bildirilmişdir ki, Yeni Azərbaycan Partiyasının sıralarına hesabat dövrü ərzində 29 min nəfərdən çox yeni üzv qəbul edilmiş və beləliklə, partiyanın üzvlərinin sayı 646 min nəfəri keçmişdir. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil etmişdir.

İdarə Heyətinin iclasında həmçinin, YAP-ın ötən ilə dair maliyyə hesabatı dinlənilmişdir. Qeyd olunmuşdur ki, 2014-cü ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 7 433 486.37 manat olmuşdur. Bunun 6 180 077.29 manatını üzvlük haqlarından,  100 000 manatını depozitdən əldə olunan daxilolmalar, 1 153 409.08 manatını büdcədən ayrılan vəsait təşkil etmişdir.

Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 3 474 940.04 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 656 469.91 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərinin, o cümlədən gənclər üçün təşkil edilən yay və qış məktəblərinin və digər tədbirlərin maliyyələşməsinə, 130 043.12 manatı ezamiyyə xərclərinə, 317 785.98 manatı invertarların alınmasına, 91 908.11 manatı təmir işlərinə, 47 797.35 manatı çap işlərinə, 368 599.96 manatı kommunal və təsərrüfat xərclərinə, 43 322.28 manatı dəftərxana xərclərinə, 10 000 manatı depozit faizindən mənfəət vergisinə, 173 326.67 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 41 801.17 manatı bank xidmətinə, 122 773.99 manatı isə sair xərclərə sərf edilmişdir. 

Beləliklə, Yeni Azərbaycan Partiyasının cəmi xərcləri 5 478 768.58 manat təşkil etmişdir. Hesabat ilinin sonuna toplanan vəsaitin 1 954 717.79 manatı partiyanın və yerli təşkilatlarının hesabında qalmışdır. 

YAP İdarə Heyətinin 2014-cü ilə dair hesabatı, illik statistik hesabat, partiyanın maliyyə hesabatı və İdarə Heyətinin 2015-ci ilin birinci yarımilliyinə dair iş planı geniş müzakirə olunduqdan sonra qəbul olunmuşdur.

İdarə Heyətinin iclasının gündəliyində duran digər məsələ təşkilati işlərlə bağlı olmuşdur. YAP İdarə Heyətinin qərarı ilə YAP Siyasi Şurasının üzvü, MM-in deputatı Aydın Mirzəzadə YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin, MM-in deputatı Sevinc Fətəliyeva isə Beynəlxalq əlaqələr şöbəsinin müdiri təsdiq edilmişdir.