YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumuna 55 ölkədən nümayəndələr dəvət olunacaq

2015-ci il aprelin 27-30-da Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) və Madrid Klubunun əməkdaşlığı çərçivəsində Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, tədbirə 55 ölkədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun üzvü olan sabiq ölkə və hökumət rəhbərlərindən, tanınmış ictimai və siyasi xadimlərdən ibarət 200-ə yaxın nümayəndənin dəvət olunması nəzərdə tutulur. Forumda dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri ilə yanaşı, bir neçə ölkənin hazırkı dövlət və hökumət başçılarının da iştirakı gözlənilir.
Yeni dünya düzənində etimadın bərpası mövzusuna həsr olunan III Forumda qloballaşmanın geniş vüsət aldığı bir dövrdə dünyanı narahat edən məsələlər - etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və digər sahələrdə mövcud problemlər geniş müzakirə ediləcək, onların aradan qaldırılması istiqamətində qarşıda duran mühüm vəzifələrlə bağlı fikir mübadiləsi aparılacaq.
Foruma hazırlıqla əlaqədar fevralın 19-da Brüsseldə keçiriləcək ikigünlük toplantıda geniş müzakirələrin aparılması planlaşdırılır. Yüksək səviyyəli görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun üzvü olan nüfuzlu siyasi liderlər – Vayra Vike Fraqberqa, İsmail Serageldin, Boris Tadiç, Viktor Yuşşenko, Emil Konstantinesku, Hikmət Çətin, Petar Stoyanov və başqalarının iştirakı nəzərdə tutulur. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, NGBM-in İdarə Heyətinin üzvü Nazim İbrahimov da iştirak edəcək.
Qeyd edək ki, Foruma hazırlıq məqsədilə 2014-cü ilin aprel ayından etibarən Albaniya, Rumıniya, Bolqarıstan, Yunanıstan, Macarıstan, Yaponiya, Belçika, ABŞ, Andorra və digər ölkələrdə bir sıra yüksək səviyyəli görüşlər, toplantı və konfranslar keçirilib. Bu sırada Andorrada təşkil edilmiş “Avropada etimadın bərpa olunması” mövzusunda beynəlxalq konfrans xüsusi əhəmiyyət daşıyır. Həmin konfransda regionda təhlükəsizlik məsələləri, dondurulmuş münaqişələr, o cümlədən Dağlıq Qarabağ, Abxaziya, Osetiya, Ukraynadakı böhranın müzakirəsinə xüsusi diqqət ayrılmışdı. Bundan başqa, Foruma hazırlıq çərçivəsində Madrid Klubuna üzv olan keçmiş dövlət və hökumət başçılarının, nüfuzlu ictimai və dövlət xadimlərinin Azərbaycana səfərləri təşkil edilib.
Xatırladaq ki, Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə 2013 və 2014-cü illərdə Bakıda I və II Qlobal Açıq Cəmiyyətlər Forumu keçirilib.