YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsi irəli sürülüb

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş və Ermənistanın işğal edilmiş ərazilərimizdə formalaşdırdığı separatçı rejimin “birinci instansiya məhkəməsi” tərəfindən azadlıqdan məhrum olunmuş Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsi hazırlayaraq, AŞPA katibliyinə təqdim edib.
E.Süleymanov vurğulayıb ki, soydaşlarımızın hüquqlarının müdafiəsi üçün AŞPA-da yeganə vasitə bu qətnamə layihəsidir. AŞPA-nın prosedur qaydalarına əsasən qətnamə təklifi ən azı 5 üzv dövləti təmsil edən 20 deputat tərəfindən imzalandıqdan sonra gündəliyə daxil edilir. Təqdim olunan qətnamə layihəsinə isə 24 ölkəni təmsil edən 46 deputatın imza atması haqq-ədalətin bu günahsız insanların tərəfində olduğunun göstəricisidir.
Elxan Süleymanov xatırladıb ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev heç bir cinayət əməli törətməyib və heç bir hüquqazidd hərəkət etməyib. Onlar 2014-cü ilin iyun ayında Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb və onun cəsədi sonradan Azərbaycan tərəfinə verilib. Bu torpaqlar hüquqi baxımdan Azərbaycan əraziləridir və Azərbaycan vətəndaşları öz ölkələri hüdudlarında sərbəst hərəkət etmək hüququna malikdirlər.
Burada cinayət törədən tərəf Ermənistandır. Bu dövlət Azərbaycan ərazilərini işğal edib və 22 ildən artıq davam edən bu işğal beynəlxalq hüquq normalarına görə qeyri-qanunidir. Digər tərəfdən, beynəlxalq hüquqa əsasən işğalçı Ermənistan təkcə Azərbaycan qarşısında deyil, ümumiyyətlə dünya ictimaiyyəti qarşısında beynəlxalq-hüquqi məsuliyyət daşımalıdır. Göründüyü kimi, cinayət törədənlər öz ata-baba yurdlarını ziyarət etmək istəyən Dilqəm Əsgərov və Şahbaz Quliyev deyil, əksinə onları girov götürən və Həsən Həsənovu qətlə yetirən Ermənistan tərəfidir.
Elxan Süleymanov bildirib ki, Ermənistanın işğal etdiyi ərazilərdə formalaşdırdığı separatçı rejim heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayıb və hüquqi baxımdan qeyri-legitimdir. Bu baxımdan onun formalaşdırdığı “məhkəmə” də qeyri-legitim sayılır. Belə qeyri-legitim “birinci instansiya məhkəməsi” 2014-cü il dekabrın 19-da D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Qətnamə layihəsində bu qərarın qeyri-qanuni olduğu əsaslandırılır və vurğulanır ki, “İki hökm çıxarmış “məhkəmə” tanınmamış separatçı siyasi təsisat tərəfindən yaradıldığına görə nə hər hansı dövlətin məhkəmə orqanı tərəfindən hüquqi şəkildə tanınmır, nə də ümumi yurisdiksiya məhkəməsi proseslərinin əsaslandığı təməl prinsiplərə uyğun gəlmir. Belə ki, bu “məhkəmədə” həmin tanınmamış separatçı siyasi təsisatın insan hüquqlarına, yaxud hüququn aliliyinə zəmanət verən beynəlxalq müqavilələrə qoşulmasından irəli gələn nəzarət və əsas qaydalar mövcud deyildir”.
Tam aydındır ki, D.Əsgərov və Ş.Quliyev qanunsuz olaraq saxlanılmışlar və onlar üzərində qurulan məhkəmə saxtadır. Odur ki, qətnamə layihəsinin əsas məqsədlərindən biri işğalçı Ermənistanın yaratdığı separatçı rejim tərəfindən qurulan saxta məhkəmə oyununu ifşa etmək və beynəlxalq aləmə çatdırmaqdan ibarətdir. Qətnamə layihəsində, həmçinin D.Əsgərovun və Ş.Quliyevin qanunsuz saxlanılması və məhkum edilməsinə görə məsuliyyət daşıyan bütün tərəflərdən bu şəxslərin dərhal azadlığa buraxılmasına və hüquqlarının bərpasının təmin olunmasına çağırış edilir.
“Qətnamə layihəsini irəli sürməkdə məqsəd separatçılar tərəfindən terrora məruz qalmış soydaşlarımızın beynəlxalq təşkilat çərçivəsində hüquq və azadlıqlarının bərpa edilməsinə nail olmaqdır”, - deyə Elxan Süleymanov bildirib.
Elxan Süleymanov vurğulayıb ki, bu çox çətin bir missiyadır: “Çünki AŞPA-da təqdim etdiyim Sərsəng humanitar faciəsi ilə bağlı olan “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” və “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı qətnamə layihələrimə AŞPA katibliyi, büro və prezidentlər komitəsində anti-Azərbaycan qüvvələri tərəfindən ciddi maneələr oldu. Nəhayət iki ilə yaxın mübarizədən sonra bu qətnamə layihələri üzrə AŞPA-nın sosial və siyasi komitələrində məruzəçilər təyin edildi. Bu qətnamə layihəsinin əvvəlkilərdən daha asan yolla öz həllini tapa biləcəyini güman etmirəm. Bu, gərgin bir mübarizədir, ancaq mən layihənin həyata keçirilməsində israrlıyam”.
 

DİGƏR Xəbərlər Arxiv