YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“İRS-Herança” jurnalının növbəti buraxılışında Azərbaycana dair zəngin məlumatlar yer alıb

Braziliyada “İRS-Herança” jurnalının portuqal dilində növbəti buraxılışı işıq üzü görüb.
Azərbaycan Respublikasının Braziliyadakı səfirliyindən bildiriblər ki, jurnalın bu nömrəsində ölkəmizin mədəniyyətinə, qədim tarixinə, müasir inkişafına, tolerantlıq siyasətinə və idman həyatına zəngin məlumatlar yer alıb.
Tarix elmləri doktoru Firuzə Muradovanın müəllifi olduğu “Qobustanın daş sənəti” adlı məqalədə Qobustan qayalıqlarında həkk edilmiş qədim incəsənət nümunələrinin timsalında Azərbaycanın qədim tarixi və mədəniyyəti haqqında danışılır.
Rio de Janeyro Federal Universitetinin rektoru Karlos Levinin 2014-cü ilin oktyabrında Bakıda keçirilmiş dördüncü Bakı Beynəlxalq Humanitar Forumuna həsr edilmiş məqaləsində forumun əhəmiyyətinə, habelə Azərbaycanın sürətli inkişafına və ölkələrimiz arasında əməkdaşlığın perspektivlərinə toxunulur.
Jurnalda Nigar Sultanovanın Braziliyanın ənənəvi döyüş sənəti olan kapoeyranın Azərbaycandakı inkişaf yolu və bu idman növünün Azərbaycan ilə Braziliya arasında idman sahəsində əlaqələrin inkişafına verdiyi töhfədən bəhs edən məqaləsi də dərc olunub.
2014-cü ildə Braziliyada keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin qalibi Natalya Albukerkenin Xocalı soyqırımına həsr edilmiş məqaləsində 1992-ci ilin 26 fevralında Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımı haqqında danışılır, dünya ictimaiyyəti tərəfindən bu cinayətə lazımı diqqətin yetirilməsinin zəruriliyi vurğulanır. Müsabiqənin digər qalibi Norton Fikarelli isə öz məqaləsində Azərbaycan dilinin tarixi, kökləri və qrammatik xüsusiyyətlərinə dair məlumat verir, eyni zamanda, Azərbaycan dili ilə portuqal dili arasında müqayisəli təhlil aparır.
Braziliyanın nüfuzlu ali təhsil və araşdırma mərkəzlərindən olan Jetulio Varqas Fondunun professoru Monik Soçasevskinin “Azərbaycanın tolerantlıq siyasəti və yəhudilər” adlı məqaləsində Azərbaycanda yaşayan yəhudi icmasının tarixindən, ölkənin inkişafına verdiyi töhfələrdən və Azərbaycanın tolerantlıq siyasətindən söhbət açılır. Tarix elmləri doktoru Tahir Əmiraslanovun müəllifi olduğu məqalə “Qarabağ mətbəxi” adlanır. Müəllif Azərbaycanın Qarabağ bölgəsinin mətbəxinin xüsusiyyətlərinə aid maraqlı məlumatları oxucularla bölüşür.
Qeyd edək ki, “İRS-Herança” jurnalı Braziliyanın hökumət orqanları, Konqresi, ali təhsil ocaqları və vətəndaş cəmiyyəti institutları arasında yayılır.