YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT-nin mənzil-qərargahında “Bakı prosesi” və 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı keçirilib

Yanvarın 30-da BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında “Bakı prosesi” və 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi ilə birgə təşkil etdiyi tədbirdə BMT yanında xarici ölkələrin diplomatik korpusunun nümayəndələri, səfirlər, katibliyin əməkdaşları və təşkilatın ixtisaslaşmış qurumlarının yüksək səviyyəli nümayəndələri iştirak ediblər.
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasser Abdüləziz Al-Nassir qurumun mənzil-qərargahında belə bir tədbirin keçirilməsinin tarixi hadisə olduğunu qeyd edib, “Bakı prosesi”nin və Forumun dünyada sülh və əməkdaşlığın qorunması prinsiplərinə xidmət etdiyini söyləyib. Bildirib ki, Sivilizasiyalar Alyansının bu mötəbər tədbirə tərəfdaş kimi çıxış etməsi də məhz həmin qlobal təşəbbüsün dünya mədəniyyətlərinin dialoqa təşviq olunması ilə bağlıdır. Ali nümayəndə Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyevin sivilizasiyalar arasında dialoqa diqqətinin təqdirəlayiq və nümunəvi olduğunu vurğulayıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək bildirib ki, BMT-nin mənzil-qərargahında Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal prosesə və Dünya Forumuna həsr olunan mərasimin təşkili Azərbaycanın ümumbəşəri dəyərlərə sadiqliyini bir daha nümayiş etdirir. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müxtəlif etnik, dini qrupların və mədəniyyətlərin birgə yaşama ənənələri və bəşəri dəyərlərin təşviqinə göstərdikləri dəstəyin “Bakı prosesi” ilə bir daha təsdiq olunduğunu diqqətə çatdırıb. Ə.Qarayev xüsusilə vurğulayıb ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Prezident İlham Əliyevin təşəbbüsü olmaqla dünyanın nüfuzlu beynəlxalq qurumları - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nu tərəfdaş kimi cəlb edən yeganə platformadır. Nazir deyib ki, Azərbaycanda mədəniyyətlərin dialoq məsələsi hər hansı süni ideologiyaya söykənmir, bu, xalqımızın tarixən malik olduğu mehriban birgə yaşama mədəniyyətidir və bizim milli dəyərlərimizdə bu faktor önəmli rol oynayır. Ə.Qarayev tədbir iştirakçılarını cari il mayın 18-19-da Bakıda keçiriləcək 3-cü Dünya Forumuna dəvət edib.
UNESCO-nun BMT yanında səlahiyyətli nümayəndəsi Mofida Qouşa təmsil etdiyi təşkilatın sülh və dialoq təbliğinə böyük önəm verdiyini qeyd edərək, təşkilatın baş direktoru İrina Bokovanın təbriklərini çatdırıb. O, Dünya Forumunda tərəfdaş kimi çıxış etməkdən və tədbir çərçivəsində müxtəlif sessiyaların keçirilməsindən məmnun olacaqlarını bildirib.
Dünya Turizm Təşkilatının BMT yanında daimi nümayəndəsi Rafiuddun Əhməd təmsil etdiyi qurumun baş katibi Taleb Rifainin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub. O, Dünya Turizm Təşkilatının Azərbaycan və digər tərəfdaşlarla Forum çərçivəsində mühüm layihələrin həyata keçirilməsi üçün sıx əməkdaşlıq edəcəyini söyləyib.
İslam Əməkdaşlıq Təşkilatının BMT-dəki daimi elçisi Ufuk Gökçen ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin təbriklərini çatdıraraq Forumun həm mədəniyyətlər, həm də dinlərarası dialoqun qurulmasında və inkişafında çox əhəmiyyətli təşəbbüs olduğunu deyib. O, ISESCO-nun müsəlman dünyası ilə digər sivilizasiyalar arasında əməkdaşlığa töhfə verən belə təşəbbüsləri dəstəklədiyini diqqətə çatdırıb.
Forumun konseptual sənədlərinin hazırlanmasında Mədəniyyət və Turizm Nazirliyinin məsləhətçisi kimi cəlb edilən Böyük Britaniyanın Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzinin direktoru professor Mayk Hardi deyib ki, hazırda dünyada artan gərginlik, ekstremizm və sivilizasiyalar arasında anlaşılmazlıqlar fonunda “Bakı prosesi” və Dünya Forumu bu istiqamətdə problemlərin müzakirə olunması, həll modellərinin təklif edilməsi, əməkdaşlığa dair ideya və təşəbbüslərin irəli sürülməsi üçün həm Azərbaycan nadir məkandır, həm də Forum unikal platformadır.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsünə dair film nümayiş etdirilib.
Sonda ziyafət verilib, iştirakçılara Azərbaycanın mədəniyyəti və turizm potensialı haqqında kitab və broşürlər və milli suvenirlər təqdim edilib.
Bununla da Nyu-York şəhərində və BMT-də “Bakı prosesi”nə və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr edilən silsilə tədbirlər başa çatıb.

 

DİGƏR Xəbərlər Arxiv