YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir

Şəbnəm HƏSƏNOVA

Politoloq

Noyabrın 8-i Azərbaycanın qədim şəhəri, Qarabağın incisi hesab edilən Şuşa şəhərinin düşməndən azad edilməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu tarix qalib Azərbaycan xalqının tarixində, indiki və gələcək nəsillərin yaddaşında əbədi qalacaqdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də haqlı olaraq böyük bir qürurla qeyd etdiyi kimi Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirdi. Qəhrəman əsgərlərimiz dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni canı-qanı hesabına qət edərək, yol boyunca kəndləri, qəsəbələri, Daşaltı kəndini azad edərək, daha sonra Şuşa şəhərinə yaxınlaşaraq onu işğalçılardan azad etdi. Beləliklə də, Müzəffər Ali Baş Komandan Şuşaya Qələbə yolu ilə gedən sərkərdə kimi tarixə düşdü.

Heç kəsə sirr deyil ki, bu gün Şuşa əməliyyatı haqqında aparıcı beynəlxalq hərbi məktəblər maraqlanır, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günüdür. 44 günlük Vətən müharibəsi çərçivəsində Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Çünki mənfur düşmən hesab edirdi ki, Şuşanı azad etmək mümkün deyil və yəqin ki, müəyyən dərəcədə haqlı idi. Çünki Pənahəli xan bu şəhəri elə salmışdır ki, hər tərəfdən sıldırım qayalar və təbii landşaft Şuşanı mühafizə edir. Lakin bütün bu çətinliklərə baxmayaraq «alınmaz qala» hesab edilən Şuşa alındı. Öz dırnaqarası əməliyyatlarına «dağlarda toy» adı qoyaraq heç bir hərbi əməliyyat keçirmədən Şuşanı işğal edən ermənilərə dağlarda toy tutan, ulu öndər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələri olan gənclərimizdir. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Vətən sevgisi ilə Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır.

Cənab Prezidentin də qeyd etdiyi kimi heç kim bu torpaqları bizə elə-belə verməyib, biz əzəli torpalarımızı əhəmiyyətsiz danışıqlarla yox, döyüşə-döyüşə aldıq. Bizim şəhərlərimizi məhv edən quldurları, Xocalı cəlladlarını, özündən yalançı qəhrəman düzəldən Sarkisyan-Koçaryan cütlüyünü Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Ordumuz qəhrəmanlıq göstərərək, sıldırım qayalardan qalxaraq, yüngül silahlarla, bıçaqlarla toplara, tanklara qarşı vuruşaraq məhv etdi. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Nəhayət düşmən Müzəffər Ali Baş Komandan və onun Şanlı Ordusu qarşısında diz çökdü və kapitulyasiya aktına imza atdı.

Vaxtilə Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda çıxış edərkən cənab Prezident İlham Əliyev demişdi ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Sözünün imzası qədər dəyərli olan cənab Prezident bu vədinə də əməl edərək öz xalqının ümidlərin doğrultdu, qürurlu və məğrur Azərbaycan xalqının sevgisini əbədi olaraq qazandı. İndi bütün dünya bizi qürurlu, məğrur, məğlubedilməz xalq kimi tanıyır. Bütün dünyanın aparıcı media orqanları Azərbaycanın parlaq qələbəsi haqqında yazır, reportajlar hazırlayır, analitik məqalələr dərc edirlər. Bizim Şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir. Azərbaycan isə bu müharibəyə hazırlaşırdı və bunu gizlətmirdi. İstər beynəlxalq müstəvidə aparılan fəaliyyət, istər iqtisadiyyatımızın hər keçən il daha da gücləndirilməsi, ümumilikdə cənab Prezident İlham Əliyevin 17 illik fəaliyyəti məhz Qarabağ zəfərinə istiqamətlənmişdi. Müharibə dövründə isə Azərbaycan bir gün belə geri addım atmadı. Şanlı ordumuz hər həftə onlarla yaşayış məntəqəsini işğalçılardan azad edirdi. Nəticədə düşmənə sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsini və Şuşanı azad etdik. Düşməni məcbur etdik və cəmi 20 gün ərzində Ağdam, Laçın və Kəlbəcər rayonlarından qoşunlarını çıxardılar.

“Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən Dahi Heydər Əliyevin bu arzusunu cənab Prezident İlham Əliyev “Şuşasız işimiz yarımçıq qalar” dedi, sona qədər getdi və Şuşanı əsil sahibinə-Azərbaycan xalqına geri qaytardı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü, onun rəhbərliyi ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl - 1982-ci il yanvarın 14-də Azərbaycan ziyalılarının iştirakı ilə açılışı olmuşdur. İndi isə Azərbaycanın müstəqilliyinin təxminən otuz yaşı var. Ata vəsiyətini yerinə yetirən Azərbaycan Respublikasının Prezidenti ilk dəfədir ki, Cıdır düzünə Müzəffər Ali Baş komandan kimi ayaq basdı.

2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib. Bu yumruq, həm gücdür, həm birlikdir. Bu birlik, güc bundan sonra daha da güclü olacaq. Birliyi olan, iradəli, heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderə malik olan ölkələr qələbə qazanırlar. 17 ildir ki, Prezident İlham Əliyev Azərbaycanın rəhbəridir, bu illər ərzində Azərbaycanda yetişən vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil bu torpaqları azad etdilər. Düzdür, bütün nəsillərdən olan vətəndaşların bu Qələbədə böyük zəhməti, payı var. Ancaq əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Döyüş meydanında Müzəffər Ali Baş Komandan, diplomatiya masasında mahir və məharətli diplomat olan İlham Əliyev cənablarının timsalında bu sübut olundu. Ümumilikdə isə Azərbaycanın timsalında bunu bütün dünya gördü.

Bu gün hər bir Azərbaycan gənci öz sahəsində əlindən gələni edərək Azərbaycanın daha parlaq gələcəyə addımlaması yolunda əzmlə çalışır. Bu gün hər bir gənc şərəfli Heydər Əliyev məktəbinin layiqli şagirdi olmaq uğrunda yorulmadan çalışır. Ulu Öndərin qorxmazlığı, uzaqgörənliyi, doğma xalqına bağlılığı, doğma ədəbiyyatına, mədəniyyətinə olan sevgisi, sözünü məqamında deməyi bacarması, həqiqətin gözünün içinə dik baxması, milli ideallar uğrunda mübarizəsi kimi xarakterik xüsusiyyətləri biz gənclər örnək olmaqla yanaşı, həm də dövlət qarşısında olan sadiq fəaliyyətimizdə əbədi məşələ çevrilmişdir. Onun fəaliyyətini əsas tutan biz gənclər hər gün dərk edirik ki, mənalı və şərəfli ömür yolu sürmək tək özünün nümunəvi davranışlarınla kifayətlənmir, həm də bu istiqamətdə cəmiyyətə faydalı vətəndaş olmaqdan keçir. Vətənə, xalqa, dövlətə, torpağa sonsuz məhəbbət və sədaqət bizim yaddaşlarımıza məhz onun ideyaları ilə aşılanır. Ən çətin məqamlarda belə torpağa və dövlətə sədaqət prinsipi ulu öndər Heydər Əliyevin biz gənclərə ən ali mirasıdır.

Ümummilli liderin ideyalarını əsas tutan Prezident İlham Əliyev Azərbaycanı dünyanın etibarlı tərəfdaşı, regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir aktor kimi tanıtdığı üçün bu gün bütün siyasi təzyiqlərə və təhdidlərə də sinə gərərək Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Bütün bunlarla yanaşı, ulu öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş şəkildə təbliğ olunaraq gələcək nəsillərə ötürülməsi missiyasını bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva layiqincə icra edir, təhsili, mədəniyyəti, sosial siyasət məsələlərini fəaliyyətinin ana xətlərindən biri hesab edərək, hər bir azərbaycanlının səsinə səs verir və beləliklə də insanların həqiqi, səmimi və dərin sevgisini qazanır. Onun nəcib, qayğı dolu davranışları, çoxşaxəli, səmərəli fəaliyyəti hər bir Azərbaycan gənci, qadını üçün ən düzgün tərbiyə və ən ali nümunədir.