YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Yanvarın 22-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ceyms Şarp ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir Zakir Həsənov azad edilmiş ərazilərdə ordumuz tərəfindən həyata keçirilən tədbirlər, həmçinin Azərbaycan Ordusunda aparılan islahatlar və digər məsələlər barədə səfirə məlumat verib.

Görüşdə iki ölkə arasında müdafiə, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensialın olduğu və bu imkanların genişləndirilməsinin vacibliyi vurğulanıb. Tərəflər ölkələrimiz arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların həyata keçirilməsinin, hərbi ingilis dili kurslarında dinləyicilərin sayının artırılmasının zəruriliyini xüsusi vurğulayıb.

Öz növbəsində diplomat Vətən müharibəsində qazanılan Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edən C.Şarp ikitərəfli əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın azad olunmuş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana kömək göstərə biləcəyini bildirib.

Görüşdə regional və ikitərəfli əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.