YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə istər siyasi, istərsə də iqtisadi cəhətdən dünyada güclü bir dövlətə çevrilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov arasında videoformatda keçirilən görüşdə Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması böyük əhəmiyyətə malikdir. Saziş Azərbaycan üçün tarixi və iqtisadi-siyasi baxımdan mühüm önəm daşıyır. Bu sənədi 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə reallaşan "Əsrin müqaviləsi"nin məntiqi davamı kimi də qiymətləndirmək olar.

Bunu Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.

K.Əliyeva qeyd edib ki, Azərbaycan son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə istər siyasi, istərsə də iqtisadi cəhətdən dünyada güclü bir dövlətə çevrilib. Azərbaycan tək regionun deyil, dünyanın enerji təhlükəsizliyində çox mühüm rol oynayır: “Türkmənistanla bağlanmış Anlaşma Memorandumu dediklərimizi bir daha təsdiq edir. Bir sözlə, Azərbaycan Ermənistan istisna olmaqla, istər quru, istərsə də su sərhədləri olan qonşu dövlətlərlə çox sıx iqtisadi-siyasi və mehriban qonşuluq münasibətləri yaradıb”.

Deputatın sözlərinə görə, Azərbaycanla Türkmənistan arasındakı əməkdaşlıq, dostluq və beynəlxalq təşkilatlarla əlaqələr son 3 ildə daha da inkişaf edib. Uzun illər Xəzərin dibinin bölüşdürülməsində bir sıra problemlər mövcud idi. Lakin iki dövlət başçılarının siyasi iradəsi nəticəsində bu problem tam aradan qaldırıldı. Bununla da Azərbaycan bütün Xəzəryanı dövlətlərlə Xəzərin dibinin bölünməsi problemini demək olar ki, həll etmiş oldu. Xəzəryanı dövlətlərin regionun inkişafı istiqamətindəki bu kimi səyləri bölgənin stabillik və inkişaf məkanına çevrilməsi üçün zəmin yaratmış oldu.

“Azərbaycan və Türkmənistan arasında "Dostluq" yatağı ilə bağlı əldə olunmuş razılaşma bölgənin dayanıqlı inkişaf xəttinin formalaşdırılması üçün çox ciddi təkan olacaq”,- deyən Kamilə Əliyeva bildirib ki, həm Azərbaycan, həm də Türkmənistan kifayət qədər güclü iqtisadi resurslara malik dövlətlərdir. "Dostluq" yatağının birgə istismarı həm Azərbaycan, həm də Türkmənistan iqtisadiyyatına böyük töhfələr verəcək. Azərbaycanın enerji yataqlarının kəşf olunması və istismarı sahəsində çox böyük təcrübəsi var. Bu razılaşma nəticəsində Türkmənistan Azərbaycanın təcrübəsindən, eləcə də Azərbaycan vasitəsilə xarici investorların cəlb olunmasına, yeni yataqların işlənməsi üçün müasir texnologiyaların tətbiq imkanlarından yararlanacaq.

“Gələcəkdə iki ölkə yeni yataqların kəşf olunması və birlikdə istismarı istiqamətində böyük işlər görəcək. Əminəm ki, yaxın illərdə Türkmənistan dövləti Prezident İlham Əliyevin qurucusu olduğu TANAP və TAP layihələrinə qoşulacaq və öz iqtisadiyyatını daha da gücləndirmiş olacaq. Dövlətimizin başçısının uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan ilə yanaşı, daha bir türkdilli dövlət həm iqtisadi, həm də siyasi cəhətdən yeni bir iqtisadi mərhələyə qədəm qoyacaq”,-deyə deputat fikirlərini yekunlaşdırıb.