YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: Azərbaycan regionun və dünyanın enerji təhlükəsizliyini təmin edən ölkədir

     Milli Məclisin deputatı Əliabbas Salahzadə ölkələr, xalqlar arasında dostluq, əməkdaşlıq körpüsü kimi dəyərləndirilən, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrasından  geniş bəhs edərək iqtisadi müstəqilliyin siyasi müstəqillik üçün əsas olduğunu  diqqətə çatdırıb: “Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu  neft strategiyasının uğurlu icrası bugünkü reallıqlarımızda öz əksini tapıb. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən bu müddət ərzində ölkəmizin enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirsək bu fikri böyük qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycan dünyanın enerji  xəritəsini yenidən tərtib edib. Öncə regional çərçivədə qurulan əməkdaşlıq əlaqələrinin coğrafiyası sonrakı illərdə daha da  genişlənmiş, Azərbaycan nəinki regionun, həmçinin  dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin uğurlu icrasının ardınca çoxtərəfli əməkdaşlığın başlanğıcı, görülən işlərin zirvəsi kimi qiymətləndirilən  Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Azərbaycanın, eyni zamanda dünyanın enerji tarixində yeni bir səhifə açıldı.”

   Millət vəkili diqqəti dövlətimizin başçısı İlham Əliyevin  Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul etməsinə, görüş zamanı  müzakirə olunan  məsələlərə yönəldərək bildirib ki,  enerji sahəsində əməkdaşlıq tərəfdaşlığımızın mühüm hissəsidir.  Azərbaycan  region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatını yaradıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, neft-qaz sektorunda əldə edilən gəlirlər  iqtisadiyyatı şaxələndirmək üçün geniş imkanlar açıb. Qarşıdakı illərdə daha çox diqqət göstərilən   sahə  Azərbaycanın qeyri-enerji sektorunun inkişafı olacaq.

    “Bu gün  Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VII  toplantısı  keçirilir” söyləyən Ə.Salahzadə bildirib ki, 2014-cü ildə “Əsrin müqaviləsi”nin 20 illiyi ərəfəsində Cənub Qaz Dəhlizinin təməli qoyuldu: “Bir əsas məqamı da qeyd edək ki, 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi.  2018-ci ilin mayında  Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Həmin ilin iyununda  TANAP qaz boru kəməri istifadəyə verildi.  Cənub Qaz Dəhlizinin Avropaya qazın çatdırılmasını təmin edən sonuncu seqmenti - TAP üzrə işlər pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq başa çatdırıldı, 2020-ci ilin dekabrın 31-də istismara verildi.   Yeddi ölkənin - Azərbaycan, Gürcüstan, Türkiyə, Albaniya, Yunanıstan, Bolqarıstan və İtaliyanın iştirak etdiyi Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində strateji amildir.  2015-ci ildən bu günədək   ənənəvi olaraq hər il keçirilən  Cənub Qaz Dəhlizi  Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı  arxada qalan  ildə enerji sektorunda qazanılan uğurların və müəyyənləşdirilən prioritetlətin təqdimatı olur. Dövlətimizin başçısı İlham Əliyev ötən il Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI  toplantısında  2020-ci ildə TAP-ın icrasının başa çatacağına inamını ifadə edərək  onu da əlavə etmişdir ki,  TAP-ın tikintisinin tamamlanması  komanda işimizin sonu demək deyil.  2021-ci ilin fevralında  Bakıda bir çox məsələləri nəzərdən keçirmək lazımdır. Gələcək üçün strategiyamız  hazırlanacaq.”

   “Azərbaycanın hər bir layihəni uğurlu sonluqla başa çatdırması nəinki ölkədə, beynəlxalq səviyyədə təqdir edilir. Bu baxımdan ki, irəli sürülən hər bir təşəbbüs, reallığa çevrilən layihələr dövlətimizin maraqlarına xidmət etməklə ölkələr arasında əməkdaşlığa yeni-yeni töhfələr verir.  Bu inam ifadə edilir ki, uğurlu sonluqla başa çatan Cənub Qaz Dəhlizi  Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirərək yeni-yeni layihələrin gündəmə gətirilməsinə stimul olacaq”,- deyə millət vəkili vurğulayıb.

  Ə.Salahzadə Azərbaycanın enerji sektorunda əldə etdiyi  uğurlar, neft gəlirlərinin ədalət prinsipi əsasında bölünməsi fonunda  ölkəmizin  hərtərəfli inkişafına xidmət edən sosial-iqtisadi layihələrin icrasından bəhs edərək bu inamı da ifadə edib ki, artıq hər birimizi qürurlandıran Zəfərimizin  sayəsində işğaldan azad edilmiş ərazilərimizin malik olduğu potensialdan səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı daha da sürətləndiriləcək, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əksini tapan müddəaların uğurlu icrası təmin ediləcək.  

DİGƏR Xəbərlər Arxiv