YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı soyqırımı bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır

YAP Şəmkir rayon təşkilatının sədri

Fəxrəddin Vəliyev

       Tarix boyu azərbaycanlılara qarşı dəfələrlə tərkibində soyqırımı əməlləri olan cinayət edən ermənilər XX əsrin sonlarında sivilizasiyalı bəşəriyyət üçün növbəti tarixi cinayəti - Xocalı soyqırımını törətdilər.

      Bu hadisə Dağlıq Qarabağın işğalı zamanı Ermənistanın və erməni millətçilərinin həyata keçirdiyi etnik təmizləmə siyasətinin növbəti mərhələsi idi.

      Hadisələrin gedişatını bir qədər aydın izləsək görərik ki, Xocalının işğalı xüsusi plan əsasında həyata keçirilib. 

      Belə ki,1991-ci ilin oktyabr ayından bu şəhər ermənilər tərəfindən blokadada saxlanılırdı.  Həmin ayın 30-dan Azərbaycanla avtomobil əlaqəsi kəsilən Xocalının yeganə nəqliyyat əlaqəsi hava xəttiilə mümkün olurdu.Şuşa şəhərininsəmasında mülki helikopterin vurulmasından sonra bu əlaqə də kəsilmişdir. Beləliklə, 1992-ci il yanvarın 28-də sonuncu helikopteri qəbul edən Xocalı tam mühasirə şəraitində yaşamışdır.

      Ermənilər tərəfindən Xocalıya hücum edilməsinin başlıca səbəbi şəhərin strateji mövqeyi idi. 7-mindən artıq əhalisi olan bu yaşayış məntəqəsi Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağının silsiləsində və  Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşməklə böyük əhəmiyyət kəsb edirdi. Əgər Qarabağdakı yeganə  aeroportun  da  burada yerləşdiyini nəzərə alsaq, Xocalını ələ keçirmək  üçün  ermənilərin  o  dövrdə necə canfəşanlıq etdiklərini aydın təsəvvür etmək olar.

      Bəşəriyyətə və insanlığa qarşı ən böyük cinayətlərdən olan Xocalı faciəsindən 29 il ötür. Həmin dəhşətli hadisədən bizi ayıran zaman kəsiyinin getdikcə uzanmasına  baxmayaraq,  bu qanlı faciə haqqında düşündükcə istər-istəməz saysız-hesabsız suallar yaranır.

       Azərbaycan xalqına qarşı uzun illər terror aktları keçirən, azərbaycanlılara qarşı müxtəlif tarixi dövrlərlə genosid siyasəti yürüdən ermənilər  bunun tərkib hissəsi kimi Xocalı soyqırımına imza atdılar. Amma faciənin baiskarlarının siyahısı təkcə ermənilərlə məhdudlaşmır. Günahkarlar siyahısında sapı özümüzdən  olan  baltaların  da  adları  yer  alır  ki, bunu da xalq heç vaxt onlara bağışlamayacaq.

       Xocalı faciəsi üzərində hakimiyyətə yiyələnən AXC-Müsavat iqtidarı dövründə soyqırımı barədə danışılsa da, son nəticədə faciənin günahkarlarının adlarının üstündən sükutla keçdilər. Soyqırıma dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmədi. 2002-ci ildə faciənin  onuncu  ildönümü  ilə əlaqədar Ulu Öndər Heydər Əliyev xalqa müraciətində deyirdi: "Bütün bu qanlı hadisələrin qarşısının alınmamasında, o cümlədən Xocalı faciəsinin baş verməsində, şəhərin təpədən-dırnağa qədər silahlanmış amansız düşmənlə üz-üzə müdafiəsiz qalmasında erməni qəsbkarları ilə bərabər, Azərbaycanın ozamankı rəhbərliyi, habelə hakimiyyət  uğrunda  hər cür yolverilməz vasitələrlə mübarizə aparan müxalif qüvvələri də məsuliyyət daşıyırlar”.

      1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Lakin xalq Xocalı kədəri, hüznü yaşadığı vaxtda faciənin ağırlığı ozamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımi şəkildə qiymətləndirilmədi. Ovaxtkı dövlət rəhbərliyi qətiyyətsizlik nümayiş etdirərək, XX əsrdə bəşəriyyəti dəhşətə  salan  bu  müdhiş  cinayət barədə ilk günlərdə xalqa məlumat verməkdən belə çəkindilər.

       Sonralar - AXC-Müsavat iqtidarı dövründə də insanlıq əleyhinə yönələn cinayətə lazımi siyasi və hüquqi qiymət verilməsi üçün heç bir tədbir görülmədi.

       O zaman həm Azərbaycanın rəsmi rəhbərliyi, həm də ölkədə vəziyyətə təsir etmək imkanı olan siyasi qüvvələr xalqın taleyinə biganəlik nümayiş etdirdilər. Dövlət rəhbərliyi  bu  dəhşətli cinayət haqqında dünya ictimaiyyətinə tam və operativ məlumat vermək  üçün  heç  bir addım atmadılar.

      Yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi  özünün əsl siyasi-hüquqi qiymətini aldı. İlk növbədə Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olundu və dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü. Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı (genosidi) günü haqqında” xüsusi qərar qəbul etdi. Bu sənəddə hadisənin  baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Eyni zamanda Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkildi.

      Bununla da Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımının  dünya  ictimaiyyətinə çatdırılması, faciənin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə start verildi.

      Təəssüf ki, bir çox dövlətlərin ikili standartlardan çıxış etməsinin, bəzilərinin məsələyə  ehtiyatla yanaşmasının, nəticəsidir ki, dünya ictimaiyyəti Xocalıda baş verənlərin soyqırımı  olduğunu dilə gətirmək istəmir. Dünynanın bir çox telekanalları 1992-ci ildə Xocalıda  baş verənlərin soyqırımı olduğunu təsdiq edən kadrları nümayiş etdirməkdən hələ də çəkinməkdədirlər. Təsəvvür etmək belə çətindir ki, tarixdə analoqu olmayan belə qəddarlıq və vəhşilik XX əsrin  sonunda  dünyanın  gözü  qarşısında  baş  verib.  

       Ancaq dünya bilib agah olmalıdır ki, təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş bu tarixi cinayətin müəllifi ermənilərdir.

       Azərbaycan hakimiyyəti Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cumlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,  onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl iş aparır.  Məqsəd tarixi ədalətin bərpasına nail olmaq, bunu törədən cinayətkarları beynəlxalq səviyyədə ifşa etmək və onları  dünya ictimaiyyətinin mühakiməsinə verməkdir.  Ona görə bu gün hər bir azərbaycanlının, qanında, canında vətən sevgisi olan hər bir kəsin qarşısında duran ən əsas vəzifələrdən  biri  dövlətin  bu istiqamətdə həyata keçirdiyi işlərə dəstək verərək Xocalı soyqırımı barədə əsl həqiqətləri dünyaya çatdırmaq, faciəyə beynəlxalq müstəvidə siyasi-hüquqi qiymətin verilməsinə nail olmaqdır. Azərbaycan  Prezidenti  İlham Əliyev Xocalı soyqırımının  dünya  ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin  vacibliyi  barədə  deyib:  "Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”. 

       2019-cu il fevral ayının 26-da - Xocalı soyqırımının ildönümündə Azərbaycan  Prezidenti,  Ali Baş Komandan İlham Əliyevin öndərliyi ilə Azadlıq meydanından "Xocalı soyqırımı” adibəsinə edilən ümumxalq yürüşü göstərdi ki, hər addımda qətiyyət  nümayiş  etdirməsi, erməni vəhşiliklərinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki həssaslığı bizi qürurlandırır, cəmiyyətimizdəki vətənpərvərlik əhvali-ruhiyyəsini artırır.  

        Prezidentİlham Əliyevin hücum diplomatiyasının nəticəsi olaraq Xocalı soyqırımını tanıyan dövlətlərin sayı artır.

        Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev  Fondunun  müstəsna rolu var. Fond yaradıldığı ilk gündən bütün imkanlarından istifadə edərək Xocalı soyqırımının dünyada təbliğ olunması yönündə ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirməkdədir. Fondun gərgin əməyi nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır.

       Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı "Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilən tədbirlər olduqca təqdirəlayiqdir. "Xocalıya ədalət!” kampaniyası  İslam Konfransı Təşkilatı Gənclər  Forumunun  mədəniyyətlərarası  dialoq  üzrə  baş  koordinatoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlayıb. İlk gündən başlayaraq kampaniya yüksək templə davam edib və aksiyaya dünyanın əksər ölkələrində  yüzlərlə könüllülər qoşulub.

       Bu gün hər bir azərbaycanlının qarşısında mühüm vəzifələrdən biri Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdır. Bu, Xocalı şəhidlərinin  ruhu  qarşısında  bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin beynəlxalq  miqyasda  əsl hüquqi-siyasi qiymət alması, onun təşkilatçılarının cəzalandırılması insanlığa qarşı yönəlmiş belə qəddar aktların təkrarlanmaması üçün mühüm şərtdir.

 

DİGƏR Xəbərlər Arxiv