YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan regional inkişafın yeni nümunəsini yaradır

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü

Azərbaycanın tərəqqisini təmin edən amillərdən biri regionların sosial-iqtisadi inkişafı ilə bağlı səmərəli işlərin görülməsidir. Bu, ölkənin iqtisadi gücünün artmasına, əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edir. İndiyə qədər iki regional inkişaf proqramının icrası başa çatıb və hazırda “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla həyata keçirilir.

Təbii ki, 44 günlük müharibədə qələbə qazanan Azərbaycanın qarşısında yeni perspektivlər açılıb. Bu dövrdə müəyyən olunan hədəflərə çatmaq üçün bir sıra vəzifələrin yerinə yetirilməsi lazımdır. Bunlardan biri işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq işlərinin aparılmasıdır. Prezident İlham Əliyev bildirib ki, azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq: “Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz”.

Bu prosesdə ən çox diqqət çəkən məqamlardan biri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirilməsi məsələsidir. Məlumat verildiyi kimi, birinci belə layihə Zəngilan rayonunun Üçüncü Ağalı kəndində reallaşdırılacaq. Dövlət başçısının iştirakı ilə layihənin icrasına start verilib. Burada layihənin icrasının əsasən 5 komponent üzrə aparılması nəzərdə tutulub. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir.

Ümumiyyətlə, bu konsepsiyaların həyata keçirilməsində məqsəd sakinlər üçün rahat həyat şəraitinin və əlçatanlığın təmin olunmasıdır. Əhalinin sosial rifahının davamlı olaraq yaxşılaşdırılması da buraya daxildir. Dünyada bu layihələrə daxil olan komponentlərə ağıllı infrastruktur və xidmətlər, ağıllı təsərrüfat və biznes, həmçinin ağıllı idarəçilik sistemi aiddir. Ağıllı idarəçilik sistemində əsas məqsəd vətəndaşın vaxtına qənaət, həmçinin hansısa süni əngəllərin meydana çıxmasının qarşısının alınması və əlçatanlığın tam təmin olunmasıdır. Yəni vətəndaş məmnunluğu əsas prinsipdir.

Bunlardan əlavə, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarının tərkib hissələrindən biri “yaşıl zona”nın yaradılmasıdır. Burada alternativ enerji mənbələrindən geniş istifadə olunması nəzərdə tutulur. Təbii ki, işğal edilmiş ərazilərimizin azad olunmasından sonra həmin ərazilərdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni imkanlar yaranıb. Dövlətimizin başçısı da qeyd edib ki, azad edilmiş bütün torpaqlarda su, günəş, külək enerjilərindən istifadə edəcəyik. “Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin çox böyük potensialı var. Zəngilan, Cəbrayıl rayonlarında daha çox günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və beləliklə, biz enerji generasiya güclərimizi, ötürücü xətlərimizi yenidən quraraq Qarabağı “yaşıl enerji” zonasına çevirəcəyik”.

Beləliklə, Azərbaycan bütün bu tədbirləri həyata keçirməklə regional inkişafın yeni nümunəsini yaradır. Sözügedən modeldən, şübhəsiz, gələcəkdə daha geniş miqyasda istifadə olunacaq ki, bu da ölkəmizin inkişafını daha da sürətləndirəcək.