YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramin Məmmədov: Bundan sonrakı mərhələdə də Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində səylərimizi gücləndirməliyik

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı qətliamı ermənilərin müharibə cinayətləri sırasında xüsusi amansızlığı ilə fərqlənir. Keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan etdilər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır”. Bu fikirləri Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Ramin Məmmədov bildirib ki, Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Sadalanan faktlar bir daha təsdiqləyir ki, ermənilər bütün beynəlxalq konvensiyaları, bəşəri dəyərləri  tapdalayaraq,  Xocalıda insanlıq əleyhinə cinayət törədiblər. Həm də Xocalı faciəsi ermənilərin son üç onillik ərzində xalqımıza qarşı törətdikləri müharibə cinayətlərinə aid yeganə nümunə deyil. 44 günlük Vətən müharibəsində işğaldan azad edilən  ərazilərdən təqdim olunan foto və video materiallar erməni vandalizmi barədə konkret təsəvvür yaradır. Ermənilər güc tətbiq etməklə öz nəzarətləri altına aldıqları ərazilərdə hər şeyi dağıdıblar, hətta evlərin dam örtüklərini, qapı-pəncərə sistemlərini, sanitar qovşaqlarını belə sökərək Ermənistana daşıyıblar.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan xalqı Xocalı faciəsinin qurbanlarının xatirəsini həmişə uca tutur: “Hər il paytaxt Bakıda və bölgələrimizdə Xocalı faciəsinin ildönümü tədbirləri yüksək səviyyədə keçirilir. Faciənin dünya miqyasında tanıdılması istiqamətində görülən işlər də təqdirəlayiqdir. Dövlətimiz tərəfindən  bu istiqamətdə sistemli tədbirlər həyata keçirilir. Xüsusilə, Heydər Əliyev Fondu bu istiqamətdə fəal iş aparır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası uğurla davam etdirilir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər”.

Deputat qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etdi: “Bundan sonrakı mərhələdə də Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində səylərimizi gücləndirməliyik. Xüsusi amansızlıqla törədilmiş Xocalı qətliamı daim təbliğ edilərək gələcək nəsillərə çatdırılmalıdır. Bu gün hər bir azərbaycanlının qarşısında mühüm vəzifələrdən biri Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdır. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin beynəlxalq miqyasda əsl hüquqi-siyasi qiymət alması, onun təşkilatçılarının cəzalandırılması, insanlığa qarşı yönəlmiş belə qəddar aktların təkrarlanmaması üçün mühüm şərtdir. Bu faciənin dünyada soyqırım kimi tanınmasında və haqq işimizin dünya ictimaiyyətinə çatdırılması üçün bütün ictimai-siyasi birliklər, QHT-lər, diaspor təşkilatlarımız, bir sözlə hər birimiz öz mübarizəmizi yorulmadan davam etdirməliyik”.