YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Maksimum qısa müddət ərzində mərhələli şəkildə biz insanlarımızı o bölgələrə qaytaracağıq

Soydaşlarımız öz torpaqlarına nə vaxt qayıda bilərlər? Bilirsiniz, mən də özüm-özümə bəlkə hər gün eyni sualı verirəm. Çünki mən də istəyirəm ki, nə qədər mümkünsə qısa müddət ərzində biz buna nail olaq. Amma bunun üçün əlbəttə ki, kompleks tədbirlər görülməlidir.

Bu fikirləri Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında köçkünlərin öz torpaqlarına nə vaxt qayıdacağı barədə suala cavabında söyləyib.

“Bu barədə mən artıq demişəm. Minalardan təmizləmə prosesi başa çatandan sonra və artıq bununla paralel olaraq biz bu işləri başlayırıq. Bu yaxınlarda “ağıllı kənd” layihəsi artıq gerçəkləşməyə başlamışdır. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Mən təlimat vermişdim ki, bu ilin sonuna qədər layihə tam başa çatsın. Yəni, orada təqribən 1000-ə yaxın insan yerləşəcək. Bütün lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar. Belə pilot layihələr çox ola bilər. Biz indi onun üzərində işləyərik”, - deyə dövlətimizin başçısı bildirib.

Böyük şəhərlərə qayıdışdan danışan Prezident deyib: “Əlbəttə ki, şəhərlərin baş planları tərtib edilməlidir. Misal üçün, Ağdam şəhəri. Müharibədən əvvəl orada təqribən 40 minə yaxın insan yaşayırdı. İndi əhalinin sayı artıb, olub 50 mindən çox. Biz 50 minlik, bəlkə də 70 minlik bir şəhər planlaşdırmalıyıq, infrastruktur yaratmalıyıq. Ondan sonra binalar inşa edilməlidir, o cümlədən məktəblər, xəstəxanalar. Yəni, bu, böyük bir zaman tələb edir. Yenə də deyirəm, bizim yarışacağımız əsas tərəf-müqabil zamandır. Çünki vəsait də var. Bütün gücləri də səfərbər etmişik. Amma zaman, əlbəttə ki, öz haqqını diktə edir. Mən hansısa bir tarix vermək istəməzdim. Halbuki mənim fikrimdə tarixlər var, amma vaxtından əvvəl insanları sevindirmək, bəzilərini bəlkə də həyəcanlandırmaq istəmirəm. Amma inanın ki, maksimum qısa müddət ərzində mərhələli yollarla biz insanlarımızı o bölgələrə qaytaracağıq. Eyni zamanda, hazırda azad edilmiş bütün ərazilərdə, ilk növbədə, bərpa ediləcək kəndlərin də siyahısı tutulur. Biz bu məsələ üzərində də fəal çalışırıq”.