YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fatma Yıldırım: Şəhid ailələrinə və qazilərə qayğı dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir

"Azərbaycanda şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Bu istiqamətdə dövlətimizin böyük diqqət və qayğısı mövcuddur. Fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması bunun ən gözəl göstəricilərindən  biridir. Doqquzmərtəbəli 30 bina olmaqla ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ramanı qəsəbəsindəki şəhərcikdə olan binaların hamısı müasir səviyyədə, yüksək keyfiyyətlə tikilib". Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, dövlətimiz öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir. Dövlət şəhid ailələri, müharibə əlilləri üçün bütün imkanlarını səfərbər edir. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Bundan sonra da həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladların ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcək. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın  minik avtomaşını verilib. Dövlət başçısı tərəfindən cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək. Bu isə o deməkdir ki, Prezident İlham Əliyev sosial cəhətdən qayğıya ehtiyacı olanların  mənzil-məişət şəraitinin və onların rifahının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Bir sözlə, qazilərə  və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Millət vəkilinin sözlərinə görə, dövlətimizin başçısı bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirməkdə davam edir: “Qazilərə tibbi yardım əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində də göstəriləcək. Orada minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilib. 300-dən çox qazimiz bu protezlərlə təmin ediləcək. Ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilib və onlar normal həyata dönə biliblər. Onu da qeyd etmək lazımdır ki, bu kateqoriyalardan olan  şəxslərlə bağlı qanunvericilik son illərdə təkmilləşdirilib, bu çərçivədə yeni hüquqi-normativ aktlar qəbul edilib. Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq Fərman və sərəncamlara əsasən, onlara  ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılır. Dövlət əlil vətəndaşların  reabilitasiya, pulsuz istirahət, texniki-bərpa  ilə təminat proqramlarına cəlb olunmasını da həyata keçirib. Eyni zamanda, qanunvericilikdə bu təbəqədən olanlar üçün bir sıra güzəştlər, əlavə təminatlar əksini tapıb”.