YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Amerikalı jurnalist: “Azadlıq” və “Amerikanın səsi” radioları bütün əndazələri aşıblar

ABŞ-da çıxan siyasi yönümlü “Roll Call” qəzetində jurnalist, dini məsələlər və beynəlxalq münasibətlər üzrə ekspert Qabriyel Da Kostanın “ABŞ-ın dünya ölkələrində dini etiqad azadlığı üzrə komissiyası iddia edir ki, Azərbaycanda müsəlmanların və krişnaitlərin hüquqları yoxdur” sərlövhəli analitik məqaləsi dərc olunub (http://www.rollcall.com/news/us_commission_of_international_religious_freedom_muslims).
Müəllif yazır ki, ABŞ-ın dövlət borcu artaraq 17 trilyon dolları ötüb və buna görə Konqresə vergi ödəyicilərinin pullarının boş yerə hara xərcləndiyini yoxlamalıdır. Qabriyel Da Kosta qeyd edir ki, “Azadlıq” və “Amerikanın səsi” radiolarına sərf olunan pullar da belə xərclər arasındadır və bu radiolar bütün əndazələri aşıblar: onlar ya ABŞ-ın müttəfiqlərinin əleyhinə işləyir, ya da Amerikanın düşmənlərini məqsədyönlü şəkildə dəstəkləyirlər. Müəllif yazır ki, Konqres vergi ödəyicilərinin pulları ilə maliyyələşdirilən daha bir təşkilata - ABŞ-ın dünya ölkələrində dini etiqad azadlığı üzrə Komissiyasına diqqət yetirməlidir.
Son iki ildə bu komissiyanın hesabatında Azərbaycan Respublikası “xüsusi narahatlıq doğuran ölkələrin” ikinci dərəcəli kateqoriyasına aid edilib. Komissiya həmin kateqoriya dedikdə məhz nəyin nəzərdə tutulmasına dair heç bir izahat vermir. ABŞ-ın dünya ölkələrində dini etiqad azadlığı üzrə Komissiyasının veb-saytındakı məlumata görə, qurum “ABŞ federal hökumətinin müstəqil, ikipartiyalı komissiyasıdır, dünya ölkələrində məzhəb və dini etiqad azadlığı hüquqlarının müdafiəsi sahəsində iş aparır”, ölkələrə münasibətdə siyasətin formalaşdırılması üzrə prezidentə, dövlət katibinə və Konqresə tövsiyələr verir. Jurnalist yazır ki, bu, ideyaca gözəl səslənir, lakin komissiyanın hesabatları ilə diqqətlə tanış olanda, qurumun müxtəlif ölkələrdə dini etiqad azadlığı ilə bağlı vəziyyətlərə dair nəşrlərinin nə dərəcədə bəsit və məlumatsız olduğunu görürsən.
Q.Da Kosta qeyd edir ki, komissiyanın hesabatına görə, Azərbaycan krişnaitlər və müsəlmanlar üçün “yaxşı yer” deyil. O yazır ki, komissiyanın rəyinin heç bir mənası yoxdur, çünki Azərbaycanda əhalinin böyük əksəriyyəti müsəlmanlardır. Həmin hesabatın digər maddəsinə görə, əhalinin müsəlman çoxluğunun 35 faizi sünnilər, qalan hissəsi şiələrdir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın hər yerində müsəlmanlar arasında tolerantlıq, sünnilərlə şiələr arasında əməkdaşlıq var, müsəlmanlarla yəhudi icması arasında münasibətlər əladır, antisemitizm yoxdur.
Bundan əlavə, müəllif vurğulayır ki, Azərbaycanda böyük xristian icmaları, Azərbaycan yəhudilərinin çoxəsrlik böyük icması mövcuddur. Sünnilər və şiələrlə bərabər, xristian və yəhudi icmalarının nümayəndələri də öz seçicilərini Azərbaycan parlamentində təmsil edirlər. Bu dini icmaların üzvləri ölkə hökumətinin Administrasiyasında da çalışırlar. Da Kosta soruşur: bəs nə üçün ABŞ-ın dünya ölkələrində dini etiqad azadlığı üzrə Komissiyası diqqəti Azərbaycandakı “dini uyğunsuzluqlar” üzərində bu dərəcədə cəmləşdirir?
Jurnalist yazır ki, Komissiyanın hesabatına görə, Azərbaycanda təhsil müəssisələrində hicab örtmək qadağan edilib və bir neçə məscid bağlanıb. ABŞ-ın və digər ölkələrin bir çox məktəblərində olduğu kimi, Azərbaycanın təhsil müəssisələrində də hicab örtmək məktəb formaları və məktəblilərin müxtəlif sosial-iqtisadi səviyyələrinin uyğunlaşdırılması ilə bağlı dövlət proqramının həyata keçirilməsi çərçivəsində qadağan edilib. Müəyyən məscidlərin bağlanmasına gəldikdə isə komissiya xaricdəki müəyyən donorlar tərəfindən müəyyən məqsədlərlə maliyyələşdirilən və buna müvafiq olaraq bağlanan məscidlərin əsaslı şəkildə öyrənilməsi üçün öz böyük büdcəsindən istifadə etməyi heç lazım bilməyib.
“Azadlıq” radiosunun büdcəsinin həddindən artıq “şişməsinə” və onun bir çox politoloq və media-ekspertlər tərəfindən qatı və tam antiazərbaycan təşkilatı elan edilməsinə baxmayaraq, komissiyanın hesabatında bu radioya daha çox reportaj hazırlamaq və daha çox araşdırma aparmaq barədə tövsiyələr var. Q. Da Kosta sonda yazır: görünür, “Azadlıq” radiosunun və ABŞ-ın dünya ölkələrində dini etiqad azadlığı üzrə komissiyasının özünəməxsus qəribə niyyətləri var və Amerikanın vergi ödəyicilərindən biri kimi belə bir məsələ onun üçün maraqlıdır: Konqres həmin pulların səmərəli və xeyirli şəkildə xərclənməsinə zəmanət verə bilərmi?

 

DİGƏR Xəbərlər Arxiv