YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: İşğaldan azad edilmiş ərazilərimizin potensial imkanları dayanıqlı inkişafa böyük töhfə olacaq

        Milli Məclisin deputatı Əliabbas Salahzadə  ölkəmizdə dayanıqlı inkişafın təmin edilməsi istiqamətində atılan addımlardan  bəhs edərkən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurlu icrasını xüsusi qeyd edib: “Möhtərəm Prezidentimiz İlham Əliyevin  2003-cü ildə qarşıya qoyduğu “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” hədəfinin gerçəkləşməsi Azərbaycanın üzləşdiyi hər bir çətinlikdən uğurla çıxmasını şərtləndirir.  İstər 2008-ci ildə dünyanı bürüyən iqtisadi və maliyyə böhranı dövründə, istərsə də hazırda dünyanı cənginə almış COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda dayanıqlı iqtisadi inkişafımızın təmin edilməsi deyilənlərin təsdiqidir. Dövlətimizin başçısı İlham Əliyev hər addımında insan amilini öndə saxlayır, vətəndaş məmnunluğunun artırılması üçün bütün zəruri tədbirlərin görülməsini qarşıya mühüm vəzifə kimi qoyur.  Ölkə Prezidentinin Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən açıqladığı hədəflər, verdiyi tapşırıqlar da bu istəkdən irəli gəlir.”

    Ə.Salahzadə vurğulayıb ki, paytaxt və bölgələrdə infrastruktur layihələrinin uğurlu icrası inkişafa yol açan addımlardandır: “Bazar iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı infrastrukturun yenilənməsini, yeni texnologiyaların tətbiqini zərurətə çevirir. “Meliorativ tədbirlər hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır”  söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, su anbarlarının, kanallarının tikintisi infrastruktur layihələr arasında həmişə prioritet olub və bundan sonra da belə olacaq.  Son illərdə  kənd təsərrüfatının dayanıqlı inkişafı su təminatının səmərəliliyi ilə bilavasitə bağlıdır.  Vaxtilə, ümumiyyətlə, su görməyən, yaxud da ki, qismən suvarılan torpaqlara suyun verilməsi həmin bölgələri canlandırdı.

  İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətini  stimullaşdırır.  Həmçinin son illərdə dövlətimizin başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurətə çevirir.”

   “Möhtərəm Prezidentimiz İlham Əliyev  meliorasiya və su təsərrüfatı sahəsində qarşıda dayanan  vəzifələr sırasında mövcud  çatışmazlıqların aradan qaldırılmasını, idarəetmədə müasir yanaşmanın tətbiq edilməsini, müasir texnologiyaların ölkəmizə gətirilməsini xüsusi qeyd edir” söyləyən Ə.Salahzadə bildirib ki, Azərbaycan sürətlə inkişaf edir: “Dövrün, zamanın tələblərinə uyğun təkmilləşmə yeni-yeni hədəflərə yol açır. Azərbaycanın beynəlxalq maliyyə qurumlarının, xüsusilə Dünya Bankının hesabatlarında ən islahatçı ölkələr sırasında qərarlaşması uğurlu sosial-iqtisadi siyasətə əsaslanır. Beynəlxalq Valyuta Fondu "World Economic Outlook" hesabatında  2021-ci ildə Azərbaycanda işsizlik səviyyəsini 5,8 faiz səviyyəsində,  2022-ci ildə bu rəqəmin 5,7 faizədək azalacağını proqnozlaşdırır. Proqnozlara əsasən  Azərbaycanda ümumi daxili məhsul 2021-ci ildə 2,3 faiz, 2022-ci ildə isə 1,7 faiz artacaq. Bu uğurlar yeni prioritetlərin müəyyənləşdirilməsi fonunda atılacaq  addımlara söykənəcək.”       

  Millət vəkili  ərzaq təhlükəsizliyimizin təmin edilməsini bu prioritetlər sırasında qeyd edərək bildirib ki,  tələbat artır: “Nəzərə alaq ki, Sovet İttifaqı dağılanda Azərbaycan əhalisi 7 milyon idisə, bu gün 10 milyondan çoxdur. Daxili istehlakı təmin etmək və ixrac imkanlarımızı artırmaq üçün  qeyri-neft sektoru sahəsində kənd təsərrüfatının xüsusi yeri vardır. Dövlətimizin başçısnın qeyd etdiyi kimi, suvarma aparılmadan, bu sahədə işlər düzgün istiqamətdə təşkil olunmadan  hər hansı bir uğurdan söhbət gedə  bilməz. Əsas hədəflərdən biri budur ki, bundan sonra meliorativ tədbirlər  dədə-baba üsulu ilə aparılmamalı, dünyanın bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətirilməli, sudan səmərəli istifadə edilməlidir.”

          Ə.Salahzadə işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işlərindən geniş bəhs edərək  bu torpaqlarımızda da  görüləcək meliorativ tədbirlərdən danışıb: “İşğaldan azad edilmiş ərazilərimizin malik olduğu imkanlardan səmərəli istifadə etməklə dayanıqlı inkişafa,  iqtisadiyyatın şaxələndirilməsinə böyük töhfələr veriləcək. Bu torpaqlarda böyük su mənbələrimiz mövcuddur.  Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini  bu sahədə də apararaq  ekoloji terror həyata keçirmişdir.  Sərsəng  və Suqovuşan su anbarları onların nəzarətində idi. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, bu iki su anbarı 1970-ci illərdə ulu öndər Heydər Əliyev tərəfindən tikdirilərək  Ağdam, Tərtər, Goranboy, Bərdə və digər rayonlarımızda suvarma işlərinin lazımı səviyyədə aparılmasına xidmət edirdi. Bu gün böyük qürurla öz sahibinə qayıdan  həmin ərazilərimizin  yenidən canlanacağından danışırıq.”

    Ə.Salahzadə diqqəti  qarşıya qoyulan hədəflərə zamanında nail olmağın əsas göstəricilərinə  yönəldərək bildirib ki, şəffaflığın təmin edilməsi başlıca amildir. Cənab İlham Əliyev görüşdə bir daha əldə edilmiş nailiyyətlərlə kifayətlənməməyə çağırışlar edərək bu hədəfləri açıqladı- Hər bir yerdə müasir menecment, idarəetmə olmalıdır.  Harada ki, müasir menecment, müasir idarəetmə, dürüstlük, təmizlik, vicdan varsa, orada nəticə də olacaqdır.”

DİGƏR Xəbərlər Arxiv