YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP İdarə Heyətinin üzvü, BANM-in rektoru Elmar Qasımov partiyanın fəal gəncləri ilə görüşdü

Aprelin 16-da Bakı Ali Neft Məktəbinin  rektoru, YAP İdarə Heyətinin üzvü Elmar Qasımov partiyanın Gənclər Birliyinin bir qrup fəal üzvü ilə görüş keçirdi.

Görüşdən öncə  gənclərin bu ali təhsil ocağı ilə  tanışlığı oldu. Tanışlıq zamanı  bildirildi ki,  Bakı Ali Neft Məktəbi  dövlətimizin başçısı İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli  Fərmanı əsasında SOCAR-ın strukturunda yaradılıb. Ali təhsil ocağı  ilk gündən Azərbaycan universitetlərinin reytinq cədvəlində liderliyini qoruyub. Bu ali təhsil ocağının yaradılmasında məqsəd fəaliyyətini xaricdə genişləndirən SOCAR-ın, eləcə də ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında təhsil almış ingilisdilli mütəxəssislərə olan ehtiyacını ödəməkdir. Bu məqsədə çatmaq üçün, ilk növbədə, Bakı Ali Neft Məktəbində müasir tələblərə cavab verən təhsil infrastrukturu yaradılıb, tədris prosesinə yüksək ixtisaslı professor-müəllim heyəti cəlb olunub, tədrisə dəstək məqsədilə zəngin kitabxana-informasiya fondu qurulub.

O da bildirildi ki,  bu təhsil ocağının tələbələri transmilli, beynəlxalq neft-qaz şirkətlərində, o cümlədən SOCAR-ın müəssisələrində istehsalat təcrübəsi keçirlər. Bu da onların gələcəkdə beynəlxalq standartlara uyğun kadrlar kimi yetişmələrinə imkan yaradır.

Tanıqlıq zamanı vurğulandı ki, dövlətimizin başçısı İlham Əliyev 2017-ci ilin mayında   Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışında iştirak edib. Açılışdakı nitqində cənab İlham Əliyev bu fikri xüsusi qeyd edib ki, bu məktəbin yaradılması və artıq belə gözəl şəhərciyə köçməsi bir daha onu göstərir ki, Azərbaycan «qara qızıl»ı insan kapitalına sərmayə kimi qoyur.  Azərbaycanın uğurlu neft siyasəti bu gün  bütün sahələrə, o cümlədən təhsil sisteminə öz müsbət təsirini göstərib.

Bakı  Ali Neft Məktəbində  təhsilin yüksək səviyyədə təşkilinə  yaradılan şəraitdən məmnunluqlarını ifadə edən YAP Gənclər Birliyinin üzvləri   xoş təəssüratlarını  ali təsil ocağının akt zalında davam etdirilən görüşdə bir daha bölüşdülər. Gənclərlə görüşən   Bakı Ali Neft Məktəbinin rektoru, YAP İdarə Heyətinin üzvü Elmar Qasımov onları salamlayaraq  görüşün  səmimiyyət  əsasında  davam etməsi üçün hər bir gənclə ətraflı şəkildə  tanış oldu. Birgə diskussiya şəklində davam edən görüşdə E.Qasımov  ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan geniş bəhs etdi. Bildirdi ki, dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki,  dünya təcrübəsinə  nəzər salsaq görərik ki,  ölkələrin inkişafında əsas faktor təhsildir, bilikdir, yeni texnologiyalardır. Bu gün Azərbaycanın dünyada innovasiyalar  ölkəsi kimi tanınması və nüfuz qazanması məhz dövlətimizin həyata keçirdiyi  təkmil islahatlara, yeniliyə, modernləşməyə  meyilli olmasına əsaslanır. Yeni texnologiyaların tətbiqi təbii ki, öz növbəsində yüksək ixtisaslı kadrların yetişdirilməsini tələb edir ki, bu gün ölkəmizdə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrində, o cümlədən Bakı Ali Neft Məktəbində tələbələrin   elmi biliklərini artırmaları, elmin dərinliklərinə yiyələnmələri üçün zəruri olan bütün şərait yaradılıb.  Müasir çağırışlara uyğun olaraq  gənclərimiz   dünyanın ən nüfuzlu ali məktəblərində  təhsil alırlar.

E.Qasımov  bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyasının daim gənclərə böyük diqqət və qayğı ilə yanaşdığını, onların potensial imkanlarından səmərəli istifadə edildiyini diqqətə çatdırdı.

YAP İdarə Heyətinin üzvü  bu fikri xüsusi vurğuladı ki,  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası son 17 ildə  cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirir. Bu gün partiyada təmsil olunan   750 mindən artıq üzvün böyük əksəriyyətini gənclər təşkil etməsi məhz partiyada onlara öz potensial imkanlarını ortaya qoymaq üçün  geniş meydanın açılmasından xəbər verir.

O da bildirildi ki,  belə görüşlərin davamlı olması əlaqələrin inkişafına, eyni zamanda,  gənclərin təhsillə  bağlı onları  düşündürən  suallara cavab tapmalarına  böyük dəstək olacaq.

Dövlətimizin başçısı İlham Əliyevin 2017-ci ildə Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışında ifadə etdiyi «Neft və qaz bundan sonra da ölkəmizin inkişafına xidmət göstərəcək, qeyri-neft sektoru isə ölkə iqtisadiyyatını şaxələndirəcək. Gənclər bizim uğurlu gələcəyimizi təmin edəcəklər. Beləliklə, Azərbaycan dövləti yaşayacaq, güclənəcək və xalqımız qürur hissi ilə bunu görərək daha da böyük həvəslə ümumi işimizə töhfə verəcək» əminliyini bir daha önə çəkən E. Qasımov gənclərimizi ölkəmizin daha da möhkəmlənməsində, qüdrətlənməsində fəal olmağa çağırdı. Bu fikir xüsusi qeyd olundu ki, Azərbaycan gəncliyi Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı, şücaəti ilə dövlətinə, xalqına bağlılığını dünyaya nümayiş etdirdi. Azərbaycan gəncliyi ilə qürur duyuruq.

Tədbirdə iştirak edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov səmimi münasibətə, yaxın tanışlıq üçün yaradılan şəraitə görə YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova  minnətdarlığını ifadə etdi. Belə görüşlərin davamlı olacağına ümidvar olduğunu vurğuladı.

Diskussiya şəklində davam edən görüşdə Bakı Ali Neft Məktəbinin rektoru gəncləri maraqlandıran  sualları cavablandırdı.