YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar Məmmədov: Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir

“Azərbaycan İkinci Qarabağ müharibəsinin qalibidir. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. Müharibənin bu mərhələsi tariximizə qızıl hərflərlə yazıldı. İndi regionda tamamilə yeni reallıqlar yaranıb. Hazırda qarşıda duran mühüm vəzifələrdən biri əsl həqiqətlərin, müharibədən sonra bölgədə yaranan yeni reallıqların beynəlxalq auditoriyaya dürüst şəkildə çatdırılmasıdır”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 2020-ci il noyabrın 10-da imzaladığı Birgə Bəyanat Azərbaycanın döyüş meydanında qazandığı parlaq Qələbənin hüquqi müstəvidə rəsmi təsdiqi kimi Ermənistanın faktiki olaraq kapitulyasiyaya razılaşdığını göstərdi. Bunu Ermənistan siyasi dairələri də açıq şəkildə etiraf edirlər. Artıq üçtərəfli Bəyanatın bir sıra bəndləri Ermənistan tərəfindən yerinə yetirilib. Sənəddə nəzərdə tutulan yeni kommunikasiyaların yaradılması istiqamətində işlər isə davam edir. Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində geri qaytarılan ərazilərin tezliklə bərpası üzrə işlərin həyata keçirilməsi, müvafiq infrastrukturun yaradılması, həmin regionun Azərbaycan iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi üçün bu ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Təəssüf ki, bəzi dünya ölkələrində erməni lobbisinin sifarişi ilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır, bizim haqq işimizə kölgə salmağa çalışırlar. Bu baxımdan indi bütün dünya Azərbaycanın yaratdığı yeni reallıq, ermənilərin 30 ilə yaxın müddət ərzində işğal altında saxladıqları ərazilərimizdə törətdiyi vəhşiliklər haqqında geniş şəkildə məlumatlandırılmalıdır.

“Aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans da bu baxımdan mühüm əhəmiyyət kəsb etdi. Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi konfransın iştirakçılarının suallarının Prezident İlham Əliyev tərəfindən dolğun cavablandırılması Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan çox uğurlu oldu. Bu cavablarda Azərbaycan həqiqətləri ilə yanaşı, dünya ictimaiyyətinə olduqca mühüm mesajlar da çatdırıldı. Azərbaycanın birmənalı mövqeyi yenidən ortaya qoyuldu, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərildi”, - deyə deputat vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, bu konfrans həm də onu göstərdi ki, Prezident İlham Əliyev təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir. Regionda yeni bir dövrün başlandığını vurğulayan dövlətimizin başçısı Azərbaycanın Ermənistanın işğal siyasətinə qətiyyətlə son qoyduğunu, xalqımızın tarixi zəfərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Prezident İlham Əliyev erməni təbliğatına hətta düşmənin maraqlarını müdafiə edən informasiya məkanlarına tutarlı zərbə vurdu. Azərbaycan Prezidenti tam fərqli paradiqma və informasiya strategiyası ilə çıxış etdi, XXI əsrin tələblərinə uyğun yeni doktrina ortaya qoydu. Görünən odur ki, bu beynəlxalq konfrans Prezident İlham Əliyevin yeni informasiya strategiyasının İkinci Qarabağ müharibəsinin qalibi olan Azərbaycanın informasiya məkanında da Ermənistanın yalan siyasətinə son qoyduğunu göstərdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti Azərbaycanı qalib etməklə dünyada və regiondakı mövqelərini tarixdə görünməmiş dərəcədə möhkəmləndirdi.