YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Hərbi Qənimətlər Parkının yaradılması ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən hadisədir

“Prezident İlham Əliyevin açılışını etdiyi Hərbi Qənimətlər Parkı ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən hadisədir. Çünki bu Park döyüş meydanında əldə etdiyimiz qələbəmizi açıq səma altında tarixlər boyu yaşatmaq baxımından xüsusi rəmzi xarakter daşıyır. Azərbaycan bu qələbəni asanlıqla əldə etməyib. Zəfərə imza atana qədər uzun və çətin yolun keçilməsi lazım olub”. Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, qələbəmizin qazanılması Prezident İlham Əliyevin 18 il ərzində yürütdüyü uğurlu siyasətinin məntiqi nəticəsidir.  Yəni ölkəmizin iqtisadi inkişafını təmin etmək, daha sonra hərbi sahədə islahatların aparılması, ordumuzun gücləndirilməsi, ən müasir silah-sursatla təchiz olunması qələbəmizi şərtləndirən başlıca səbəblərdir. O cümlədən, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi möhkəmləndirildi, ölkəmizə qarşı planlaşdırılan daxili və xarici müdaxilələrin qarşısının alınması və digər uğurlu addımlar böyük təcrübə və ölkə rəhbərinin uzaqgörənliyi sayəsində həyata keçirilən qabaqlayıcı tədbirlər idi. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusu qismən də olsa öz gücünü nümayiş etdirdi, öz imkanları ilə qısa müddətdə düşməni diz çökdürdü, Ermənistanın o vaxtkı rəhbərliyini danışıqlar masasında məsələnin müzakirə edilməsinə məcbur etdi. Həmişə olduğu kimi, həm 2016-cı ildə Ermənistana rəhbərlik edənlər, həm də yenidən seçilən rəhbərlik Azərbaycandan bu məsələlərin müzakirəsi üçün vaxt istədi. Onlar yenə də öz vədlərinə sadiq olmadılar, bu dəfə də yalançı vədlər verərək münaqişənin danışıqlar yolu ilə həlli prosesini uzatdılar. Nikol Paşinyan isə bütün danışıqlar prosesini məhvə doğru apardı.

Millət vəkilinin sözlərinə görə, bu gün Ermənistanın hərbi gücü Hərbi Qənimətlər Parkında nümayiş olunan texnikalardan artıq bir şey deyil: “Bu parkın Yeni bulvar ərazisində salınması və Prezidentin hərbçilərlə burada görüşməsi böyük tarixi əhəmiyyət daşıyır. Yeni bulvar Azərbaycanın müasirliyinin və inkişafının rəmzidir. O cümlədən, Hərbi Qənimətlər Parkının da burada olması Azərbaycanın müasir hərbi gücə malik ölkə olmasını nümayiş etdirir. Bu Park həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi yer tutacaq. Çünki orada nümayiş olunan bütün məhv edilən hərbi texnikalar gənc nəsil üçün erməni vandallığını hər zaman xatırladacaq. Nümayiş olunan hərbi texnikalar, silah-sursatlar hərb meydanında müharibə səhnəsini xatırladır. Bütün bunlar bir məktəb kimi gələcək nəsillərimizin Azərbaycan tarixində baş verən bu qəhrəmanlıq salnaməsinin yadda saxlanmasında xüsusi rol oynayacaq. Həm də ölkəmizə gələn xarici qonaqlarda da Azərbaycan Ordusunun, dövlətinin gücü haqqında təsəvvür yaradacaq”.