YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Regionlarda sənaye məhəllələrinin yaradılması böyük əhəmiyyət kəsb edir

“Son illər qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında sənaye məhəllələrinin yaradılması dövlətin prioritetlərindən biridir. Müasir istehsal infrastrukturuna malik sənaye məhəllələrinin yaradılması ölkəmizdə sənayenin, eyni zamanda, iqtisadiyyatın davamlı inkişafını təmin edən əsas amillərdəndir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

Cavid Osmanov bildirib ki, sənaye məhəllələrinin rayonlarda yaradılmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, bölgələrdə yaşayan əhalinin məşğulluğu təmin edilir, nəticədə insanların sosial-rifah halı yaxşılaşır. Ölkədə sənaye məhəllələrinin yaradılması Prezident İlham Əliyevin imzaladığı müxtəlif sərəncamlarla təsdiq edilmiş ölkədə sənayenin inkişafına dair Dövlət proqramlarına əsasən həyata keçirilir. Bu baxımdan Hacıqabul rayonuna səfəri zamanı Prezident İlham Əliyevin açılışını etdiyi Hacıqabul Sənaye Məhəlləsinin istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır. Burada müxtəlif istehsal sahələri üzrə 10 müəssisə qurulub, yük və xüsusi təyinatlı avtomobillər, plastik su qabları, müxtəlif növ gübrələr və digər məhsullar istehsal edən müəssisələr yaradılıb. Sənaye məhəllələrinin yaradılması daxili tələbatı ödəməklə yanaşı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətliliyin artmasına xidmət edir.

Yenidən qurulan Hacıqabul-Muğan avtomobil yolunun da əhəmiyyətindən də danışan deputat deyib: “Hacıqabula səfəri zamanı Prezident İlham Əliyev Hacıqabul-Muğan avtomobil yolunun açılışını etdi. Yolun yenidən qurulması 32 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsi arasındakı nəqliyyat əlaqəsinin daha da yaxşılaşmasına, yük və sərnişin daşımaların asanlaşmasına müsbət təsir edəcək. Ümumiyyətlə, son illər ölkəmizin hər bir bölgəsində yol infrastrukturu yenidən qurulur, yeni yollar, xüsusilə də kəndlərarası yolların tikintisi həyata keçirilir. Müasir yol infrastrukturunun qurulması insanların da həyat şəraitinin yaxşılaşdırılmasına töhfəsini verir və əhali tərəfindən böyük sevinclə qarşılanır. Bu sahədə görülmüş işlərə əsasən əminliklə deyə bilərik ki, Azərbaycan müasir yol-nəqliyyat infrastrukturuna malik ölkələrdən biridir”.

Millət vəkilinin sözlərinə görə, dövlətimizin başçısının Hacıqabul rayonunun Meyniman kəndi ərazisində fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesinə start verilməsi tədbirində iştirak etməsi Prezidentin kənd təsərrüfatının inkişafına və fermerlərə xüsusi diqqətlə yanaşmasının göstərici kimi qəbul edilməlidir. Bu da öz növbəsində rayonda pambıqçılığın inkişafı üçün fermerlər üçün böyük stimul hesab edilə bilər. “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmiş və proqrama əsasən, bu sahədə son illər ərzində mühüm irəliləyişlər əldə edilib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkədə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Fermerlərə dövlət tərəfindən davamlı dəstəyin göstərilməsi və imtiyazların edilməsi, əkinə yararlı sahələrin artırılması, meliorasiya işlərinin müasirləşdirilməsi kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlərdəndir.

Kənd təsərrüfatının inkişafı sahəsində həyata keçirilən ən mühüm işlərdən birinin ölkənin müxtəlif bölgələrində aqroparkların yaradılması olduğunu diqqətə çatdıran deputat deyib: “Prezident İlham Əliyev Hacıqabul rayonuna səfəri çərçivəsində "Aqro Dairy" MMC-nin aqroparkının və “Azərsun Şamaxı Aqropark”ın açılışında iştirak etməsi dövlət başçısının bu sahəyə olan diqqətindən xəbər verir. Aqroparkların yaradılması istehsal, emal, logistikanın bir müəssisədə cəmləşdirməsi deməkdir ki, bu da özlüyündə işlərin səmərəliliyini və məhsuldarlığı artırmış olur”.

Deputat qeyd edib ki, həm sənaye, həm də aqrar sahənin inkişafı və fəaliyyəti üçün dayanıqlı elektrik təminatının olması mütləqdir: “İstismara verilən 110/35/10 kilovoltluq "Qarasu" yarımstansiyası rayon ərazisində müxtəlif sənaye və kənd təsərrüfatı obyektlərinin, eyni zamanda, 250 min hektar əkin sahəsinin suvarılma sistemlərinin, meliorasiya və su təsərrüfatına məxsus obyektlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacaq. Ölkəmizdə hər bir sahədə olduğu kimi, elektrik təsərrüfatı sahəsində də inkişaf göz önündədir. “Hovsan” və “Maştağa” yarımstansiyalarının istismara verilməsi bu sahədə görülən işlərə nümunədir. Ümumilikdə, ölkədə enerji təchizatı infrastrukturunun müasir tələblərə uyğun yenidən qurulması dövlətimizin əsas prioritetlərindəndir”.