YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Azərbaycan mədəniyyətinin paytaxtı elan edilən Şuşanın tarixi kimliyi özünə qayıdır

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Sərəncamı tarixi əhəmiyyət kəsb edir. Dövlət başçısının bu qərarı xalqımızın tarixi və mədəni dəyərlərimizə xüsusi diqqətinin, böyük ehtiramının göstəricisidir”. Bu fikirləri Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. Cənab Prezidentin sərəncamında qeyd olunduğu kimi, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaq.

Ermənistan Respublikasının işğalçı hərbi qüvvələri tərəfindən  1992-ci il mayın  8-də Şuşa şəhəri işğal edilmiş, burada xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi, vandalizm siyasəti həyata keçirilmişdir. Vandalizmin davam etdiyi illər ərzində Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki  dağıdılmış, məbədgah və məscidlər təhqir  edilmiş, çox sayda nadir əlyazma nümunələri məhv edilmiş, 20 kitabxana yandırılmışdır. Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun qətiyyətli mübarizəsi və qüdrəti sayəsində tarixi ədalət bərpa edilmiş, 2020-ci il noyabrın  8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Bu il mayın 7-də Şuşanın cənab Prezidentin sərəncamı ilə Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi xüsusi məna daşıyır və düşmənlərimizə göz dağı verir.   2020-ci il noyabrın 8-də ölkə Prezidenti İlham Əliyevin Şəhidlər xiyabanında Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini xalqımıza çatdırdığı gün müstəqil Azərbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu günlərdəndir. 44 günlük Vətən müharibəsinin Qələbə müjdəsi xalqımızın qəlbində qaysaq bağlayan Qarabağ yarasına məlhəm oldu, sevincimizə sevinc qatdı. Ölkə başçısının "Əziz Şuşa, sən azadsan" sözləri böyükdən kiçiyə hər kəsin dilinin əzbərinə çevrilib. “Şuşa işğaldan azad olundu" sözləri insanların qulaqlarından hələ də getməyib. Hələ 44 günlük Vətən müharibəsinin gedişində “Şuşasız bizim işimiz yarımçıq olar” söyləyən Prezidentimiz İlham Əliyev bu qədim şəhəri mədəniyyətimizin paytaxtı elan etməklə Şuşanın tarixi kimliyini bir daha özünə qaytardı. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Rəşid Behbudov kimi şəxsiyyətlər bəxş edən şəhərin dəyəri, qiyməti bütün dünyaya bir daha bəyan edildi. Dünyaya Azərbaycanın mədəniyyət paytaxtının öz sahiblərinə qaytarıldıqdan sonra necə möhtəşəm şəkildə dəyişiləcəyi mesajı verildi.

Deputat qeyd edib ki, hazırda Şuşa şəhərinin bərpası üçün işlər sürətlə davam etdirilir. Bu işlər cənab Prezidentin şəxsi nəzarətindədir. Dövlətimizin başçısının bu ilin yanvar və mart aylarında Şuşaya səfəri əlamətdar hadisələrlə yadda qaldı. Qarabağın döyünən qəlbi, “Şərqin konservatoriyası”, muğamımızın beşiyi adlandırılan şəhərə gediş-gəlişin asanlaşdırılmasına xidmət edən Füzuli-Şuşa yolunun təməlinin dövlət başçımız tərəfində qoyulması Şuşanın bərpasına, dirçəldilməsinə, tarixi simasının qaytarılmasına hesablanan addımlardandır. Məhz bu yolla xalqın Şuşa həsrətinə son qoyulur. Cənab Prezidentin rəhbərliyi ilə regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi, düşmən tərəfindən gülləbaran edilən, uzun illərdir Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərininin Şuşaya qayarılması isə tarixi ədalətin bərpasının daha bir təsdiqi oldu. Mart ayında cənab Prezidentin Şuşada Novruz tonqalı alovlandırması isə xalqımız tərəfindən böyük çoşğu ilə qarşılandı.

Beləliklə, Şuşanın bərpası, dirçəldilməsi, tarixi simasının qaytarılması Qarabağın döyünən ürəyinin, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi demək olacaq. Bu həm də milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpa edilməsi, yenidən yüksəliş mərhələsinə daxil olmasıdır. Bu mənada Prezident İlham Əliyevin Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi olduqca mühüm qərardır.