YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Veteranlar Şurasının təşkilatçılığı ilə «Demokratiya, liberalizm və milli-mənəvi dəyərlər» mövzusunda videokonfrans keçirilib

Mayın 19-da  Yeni Azərbaycan Partiyasının Mərkəzi qərargahında  partiyanın Veteranlar Şurasının təşkilatçılığı ilə  «Demokratiya, liberalizm və milli-mənəvi dəyərlər» mövzusunda videokonfrans keçirilib.

YAP Veteranlar Şurasının üzvlərinin, partiyanın Bakı, Abşeron, Sumqayıt şəhər təşkilatlarının Aparat rəhbərlərinin və Gənclər Birliyinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü  Arif Rəhimzadə mövzunun aktuallığından bəhs edərək bildirib ki, Azərbaycanın demokratiya təcrübəsi nümunə olmaqla yanaşı, milli-mənəvi dəyərlərə bağlılığı ilə diqqəti cəlb edir.  O, azərbaycançılıq ideyasının dövlətçiliyimizin əsasını təşkil etdiyini bildirib.  Arif Rəhimzadənin sözlərinə görə, Azərbaycan          yerləşdiyi coğrafi məkana görə müxtəlif mədəniyyətləri, dinləri, sivilizasiyaları  bir araya gətirir. Dünyaya inteqrasiya siyasətini uğurla həyata keçirən ölkəmizdə  milli-mənəvi dəyərlərimizə hörmət, bağlılıq, onların  inkişaf etdirilməsi prioritetdir.

Məruzəçi,  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki,   mövzu nəinki Azərbaycanın, dünyanın gündəmində  olan əsas məsələlərdən biridir: «Ona görə də bu gün faktiki olaraq biz dəyərlərin hansı səviyyədə toqquşmasına,  bəzi dəyərlərin iflasa uğramasına,  yeni dəyərlərin gündəmə gəlməsinə diqqət yönəldəcəyik.  Liberal ideyalar və onların Qərbdə inkişafı,  Qərb vasitəsilə dünyaya çatdırılması,   transformasiyaya uğradıqdan sonra  alətə çevrilməsi məsələləri geniş müzakirə olunur. Liberalizm  azadlıq sözündəndir.  Liberalizm ideyası müxtəlif formalarda öz əksini tapıb.  Siyasi, iqtisadi, sosial, klassik, müasir liberalizm var. Bu ideyalar Qərbdə hələ 1603-1700-cü illərdə Con Lokkun əsərlərində öz əksini tapıb. Bizi maraqlandıran məsələ bu ideyalar əsasında dünyanın nizamının dəyişməsidir.  Qərbdə olan ideya dünyada haradasa könüllü,  yarıkönüllü,  məcburi,  təzyiqlə, təkidlə,   hədə-qorxu ilə  həyata keçirilməyə başlandı.  Heç də təsadüfi deyil ki, məşhur ABŞ tədqiqatçılarından biri əsərində yazmışdır ki, artıq tarix qurtardı.  Çünki sübut olundu ki, liberalizm ən gözəl ideyadır».    

Komitə sədri qeyd edib ki, hazırda analitiklər və ekspertlər qlobal geosiyasi nizamın gələcəyi ilə bağlı müxtəlif proqnozlar verirlər. Qlobal miqyasda müşahidə edilən geosiyasi proseslər bəşəriyyətin daha yüksək səviyyədə liberal nizamda yaşayacağına dəlalət edir. Bütövlükdə bu mövzuda aparılan təhlillər və verilən proqnozlar çox maraqlıdır. Tədqiqatçılar etiraf edirlər ki, Şərq və Cənubun dünya siyasətində rolu yüksəlir.

Məruzəçi  dünyanın  ikili siyasətindən də geniş bəhs  edərək bildirib ki, böyük dövlətlər xarici siyasətlərində ədalət prinsipinə üstünlük verməli, öz maraqlarını digərlərinə zorla qəbul etdirmək prinsipindən yan keçməli və ikili standartlara son qoymalıdırlar. Bu şərtlərə əməl edilməsə, dünyada sakitlik yaranmayacaq. Müxtəlif regionlarda bu və ya digər intriqalar baş qaldıracaq. Real liberal dünya nizamının yolu yuxarıda vurğulanan prinsiplərə əməl etməkdən keçir.

YAP Veteranlar Şurasının üzvləri  Misir  Mərdanov,  Adilə Abasova, Dilarə Seyidzadə  mövzu ətrafında çıxış ediblər.

Diskussiya şəklində davam edən videokonfransda  YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyovun, YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin fəal üzvü Fərəh Məcidzadənin, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin fəal üzvü Anar Əliyevin və partiyanın  Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin fəal üzvü Fəridə Qafarovanın  sualları məruzəçi tərəfindən  cavablandırılıb.