YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Mərkəzi Rusiya Yəhudi İcması Federasiyasının prezidentində zəngin təəssürat doğurmuşdur

Mayın 13-də Rusiya Yəhudi İcması Federasiyasının prezidenti Aleksandr Boroda Heydər Əliyev Mərkəzində olmuşdur.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qonağa binası dünya memarlığının nadir incilərindən sayılan Mərkəz haqqında məlumat vermişlər. Bildirilmişdir ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, siyasi irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Həmçinin Mərkəz Azərbaycanın tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir.

Qeyd olunmuşdur ki, Mərkəzin binası dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilmişdir. Nadir memarlıq nümunələrindən biri olan və çoxfunksiyalılığı ilə seçilən bu Mərkəzin binası artıq dünya memarlığı siyahısına daxil edilmişdir. Burada rəsmi qəbullar, müxtəlif beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

Daha sonra qonaq Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış olmuşdur. Diqqətə çatdırılmışdır ki, Muzey ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində istifadəyə verilmişdir. Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Üç mərtəbədən ibarət Muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu Ulu Öndər barədə maraqlı faktlar, foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzey forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçilir. Burada materiallar iki paralel kontekstdə verilir. Ziyarətçilərə ümummilli lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar çatdırılır. Muzeyin “Şəkillərə həkk olunan ömür”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçiliyimiz, irsimiz, nailiyyətlərimiz” bölmələrində Ulu Öndərin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual təqdim edilir. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir.

Muzeydə 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillər də qonağın marağına səbəb olmuşdur.

Qonaq Mərkəzdə fəaliyyət göstərən “Azərbaycan inciləri”, “Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti”, “Silahların əfsanəsi” sərgilərinə, eləcə də dünya şöhrətli heykəltəraş Toni Kreqqin fərdi sərgisinə maraqla baxmışdır. A.Boroda Mərkəzin Auditorium bölməsindəki konfrans zalı ilə də tanış olmuşdur.
Mərkəzlə tanışlıq qonaqda zəngin təəssürat doğurmuşdur.