YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Elmira Süleymanova: Xocalı hadisəsi genosid aktı kimi tanınmalıdır

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar bəyanat verib.

Bəyanatda deyilir ki, ikili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq, bu hadisə xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlərə qarşı sanksiyalar tətbiq edilməlidir: “Nüfuzlu beynəlxalq qurumları birmənalı mövqe nümayiş etdirərək, bir daha bu soyqırımını pisləməyə, onu törədənlərin layiq olduqları cəzanı tezliklə alması üçün səyləri artırmağa çağırıram. Bir daha bəyan edirik ki, Ermənistan münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı əsir və girovlar azad edilməli, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa olunmalı, onlar öz doğma yurdlarına qayıtmalı, günahsız, dinc insanları məhv edən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdır”.

E.Süleymanova bildirib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımından 23 il ötür. Bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.