YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Küveyt xalqları arasında mənəvi əlaqələr dərinləşir

Fevralın 20-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri, eyni zamanda BMT baş katibinin humanitar məsələlər üzrə elçisi Abdullah Əl-Mətuq ilə görüşüb.
Görüşdə ikitərəfli münasibətlər, dini məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Şeyxülislam Azərbaycan və Küveyt xalqları arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərindən söhbət açaraq, bu əlaqələrin ölkələrimizin siyasi, iqtisadi, dini, mədəni-mənəvi sahələrdə inkişafına təkan verdiyini vurğulayıb.
Küveyt Əmirinin müşavirinə ölkəmizin taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı törədilmiş vəhşiliklər, insan tələfatı, dini, mədəni, tarixi abidələrimizin məhv edilməsi, xalqımıza dəyən maddi və mənəvi zərər haqqında məlumat verib.
Allahşükür Paşazadə Azərbaycan və Küveyt xalqları arasında mənəvi əlaqələrin dərinləşdiyini və Abdullah Əl-Mətuqun bunun üçün mühüm xidmətlər göstərdiyini qeyd edib. Şeyxülislam vurğulayıb ki, Küveytin Azərbaycanı beynəlxalq qurumlarda həmişə dəstəkləməsi ölkəmizdə yüksək qiymətləndirilir.
A.Əl-Mətuq Azərbaycana qarşı hər zaman səmimi dostluq münasibəti bəslədiyini və ölkəmizin mövqeyini daim dəstəklədiyini söyləyib.
Küveytli qonaq Allahşükür Paşazadənin qardaş xalqlarımız arasında mənəvi əlaqələrin inkişafına, beynəlxalq müstəvidə dinlərarası və sivilizasiyalararası dialoqa böyük töhfələr verdiyini vurğulayıb.
A.Əl-Mətuq Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoq üçün nümunəvi platformaya çevrilməsinin, ölkəmizin multikulturalizm strategiyasının dünyada böyük fərəh doğurduğunu bildirib.
Ölkələrimiz arasında böyük oxşarlıqların olduğunu vurğulayan qonaq deyib ki, Küveyt hər zaman Azərbaycanın yanında olub, onun haqq işini dəstəkləyib və bu mövqe heç vaxt dəyişməyəcək.