YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Londonda “Qarabağ: Gələcəyə baxışımız” adlı elmi forum keçirilib

“Azərbaycan – Britaniya Məzunları” İctimai Birliyinin (AUKAA) təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AGF) və ölkəmizin Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Londonda tələbə və məzunlar üçün “Qarabağ: Gələcəyə baxışımız” adlı elmi forum keçirilib.
Forum Xocalı soyqırımının 23-cü il dönümünə həsr edilib.
Əvvəlcə Xocalı faciəsinin qurbanları bir dəqiqəlik sükutla yad olunub.
Bildirilib ki, forumun keçirilməsində əsas məqsəd Böyük Britaniyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda elmi müzakirələrin aparılması üçün sosial və humanitar, siyasi elmlər və dövlət idarəçiliyi, habelə beynəlxalq münasibətlər, diplomatiya və ətraf mühit elmləri sahəsində təhsil alan tələbələr, magistrantlar və doktorantlar üçün vahid platforma təqdim etməkdir. Forum, eyni zamanda, Britaniyanın müxtəlif nüfuzlu universitetlərinin tələbə və akademik heyəti arasında Dağlıq Qarabağ problemi ətrafında elmi araşdırmaları təşviq etmək məqsədi daşıyıb.
AUKAA London Forum layihəsinin meneceri Ramiz Babayev təmsil etdiyi qurum və forum haqqında iştirakçıları məlumatlandırıb. “Xocalı həftəsi” çərçivəsində Qarabağ mövzusunda forumun keçirilməsinin önəmini vurğulayıb.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə forumun işini yüksək qiymətləndirib və əhəmiyyətindən danışıb.
Qeyd edilib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı hələ də davam edən ədalətsizlikdir. Bu ədalətsizliyə qarşı elmi və siyasi cəhətdən ölçü götürülməsi vacibdir. Səfir bildirib: “Mənə, nə üçün Xocalı faciəsi Azərbaycan üçün aktual mövzu kimi daim gündəmdə qalır və Azərbaycan bunun əvəzini çıxmaq istəyirmi, sualı ilə tez-tez müraciət edirlər. Bildirirəm ki, biz intiqam eşqində deyilik, ədalətin bərqərar olmasını, bu cür hadisələrin təkrarlanmamasını istəyirik”.
Böyük Britaniya ilə münasibətlərimiz haqqında məlumat verən diplomat bu ölkənin Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini, əlaqələrimizin tarixinin XIX əsrin əvvəllərinə qədər gedib çıxdığını diqqətə çatdırıb. Əməkdaşlığımızın sadəcə enerji deyil, bütün sahələri əhatə etdiyini bildirib.
London Diplomatiya Akademiyasının rektoru Nabil Ayad Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışıb. O Azərbaycanın 20 faiz ərazisinin ermənilər tərəfindən işğal edildiyini, bir milyondan çox azərbaycanlının yurd-yuvalarından didərgin düşdüyünü diqqətə çatdırıb. Professor beynəlxalq qurumların dünyadakı digər münaqişələrə göstərdiyi diqqəti Dağlıq Qarabağ problemində göstərmədiyini bildirib.
AGF-nin nümayəndəsi Babək Məmmədzadə Dağlıq Qarabağ münaqişəsinin bu cür forumlarda akademik səviyyədə müzakirə edilməsinin vacibliyini deyib.
B.Məmmədzadə Azərbaycanda gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu siyasətin təməlini Azərbaycan gənclərinin hərtərəfli inkişafı, onların ictimai-siyasi fəallığının artırılması təşkil edir.
“St.Andrews” universitetində fəaliyyət göstərən Orta Asiya, Mərkəzi Asiya və Qafqaz institutunun direktoru professor Rick Favn “Qarabağ: münaqişənin həli üçün əngəllər və imkanlar” mövzusunda təqdimat ilə çıxış edib. Təqdimatda Dağlıq Qarabağ münaqişəsi elmi-praktiki, siyasi və iqtisadi cəhətdən ətraflı təhlil olunub.
Daha sonra forum işini “Qarabağ Münaqişəsi: təhdidlər və çağırışlar”, “Britaniya universitetlərində və cəmiyyətində Qarabağ məsələsi” adlı panellərlə davam etdirib.