YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Sosial Müdafiə Fondunda Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Fevralın 26-da ermənilərin xalqımıza qarşı törətdikləri Xocalı soyqırımının 23 ili tamam olur. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olub."

Soyqırım qurbanlarının  xatirəsi xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulur, hər il soyqırımla bağlı Azərbaycanla yanaşı, dünyanın ayrı-ayrı ölkələrində  çoxsaylı konfranslar, sərgilər, yürüşlər və anım tədbirləri düzənlənir. Dövlət Sosial Müdafiə Fondunda da soyqırımın növbəti ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Məlumatı DSMF-nin İctimaiyyətlə əlaqələr sektoru yayıb.

Tədbir Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Toplantıda çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. XX əsrin faciəsi olan Xocalı soyqırımı da bu aqressiv və cinayətkar erməni siyasətinin davamıdır. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələrin Azərbaycanın tarixinə qanlı hərflərlə yazıldığını vurğulayan E.Mehdiyev bildirib ki, o gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhəri üzərinə hücum etmiş və onun dinc əhalisinə amansızcasına divan tutmuşlar. Aylarla blokadada qalaraq zəifləmiş Xocalı şəhərinin müdafiəçiləri sayca onlardan qat-qat çox olan, təpədən-dırnağa qədər silahlanmış ermənilərin hücumunu dəf edə bilməmişlər.

Elman Mehdiyev Xocalı soyqırımının qanlı statistikası barədə də açıqlama verib və qeyd edib ki, hücum zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 150 nəfərin taleyi hələ də məlum deyildir. 8 ailə tamamilə məhv edilib. “Bu rəqəmlər insanı dəhşətə gətirir. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə-azərbaycanlı olduqlarına görə amansızcasına öldürülmüş, işgəncələrə məruz qalmış və şikəst edilmişlər. Ermənilərin bu cəza tədbiri hərtərəfli planlaşdırılmış və yeganə bir məqsədlə törədilmişdir – dinc sakinləri milli mənsubiyyət əlamətinə görə qismən və ya tamamilə məhv etmək. Beynəlxalq hüquqa görə belə hərəkətlər “soyqırım” adlanır. Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanmışdır. Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilmişdir.

Toplantıda Xocalı soyqırımının beynəlxalq aləmdə soyqırım aktı kimi tanınması istiqamətində Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin uğurları, həmçinin  2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasının əhəmiyyəti barədə geniş məlumat verilib. Bildirilib ki, bu kampaniyanın nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı ermənilərin Xocalıda törətdiyi mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanımış və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırmışdır. Pakistan və Meksika parlamentləri də bu qırğının soyqırım aktı kimi tanınması haqqında qətnamələr qəbul etmişlər. “Xalqımız əmindir ki, Azərbaycanın haqq səsi tezliklə bütün dünyada eşidiləcək, ermənilərin mənfur əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcək, Xocalı qırğınının təqsirkarları haqlı cəzalarına çatacaq.

Toplantıda o da qeyd edilib ki, ermənilərin məlum təcavüzü nəticəsində Xocalıda əlil olan, ailə başçısını itirən soydaşlarımız dövlətimizin hərtərəfli sosial qayğısı ilə əhatə olunub. Onlara verilən pensiya və müavinətlərin məbləği ilbəil artırılır.

 Anım mərasimi Xocalı soyqırımından bəhs edən  sənədli filmin nümayişi ilə başa çatıb.