YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın İndiana ştatı senatorları və Nümayəndə Palatasının üzvləri Xocalı qurbanlarının xatirəsini anıb

İndiana ştatının paytaxtı İndianapolis şəhərində ştatın qanunvericilik orqanı üzvləri və “Azərbaycanın Dostları Assambleyası”nın (AFAZ) birgə təşkilatçılığı ilə Xocalı qətliamının ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çoxsaylı İndiana Senatı və Nümayəndələr palatasının üzvləri, onların ofislərinin təmsilçiləri, Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları, həmçinin Amerikada Azərbaycan icmasının nümayəndələri iştirak etmişdir.
Tədbirdə çıxış edən İndiana qanunverici orqanın nümayəndələri Azərbaycana qarşı hələ də davam edən təcavüzdən, Xocalıda yüzlərlə günahsız insanın misli görünməyən qəddarlıqla qətlə yetirilməsindən danışıblar.
Xocalı soyqırımının tanınması ilə bağlı keçən il İndiana ştatı Senatı tərəfindən qəbul edilmiş qətnamənin əsas müəllifi olan senat çoxluğunun lideri respublikaçı senator Brent Hershman (Brandt Hershman) danışaraq Xocalı faciəsini törədənlərin hələ də lazımi cəzasını almadıqlarından təəssüfləndiyini bildirərək deyib: “On illər keçdikdən sonra biz həyatlarını vətən yolunda qurban vermiş qəhrəmanlarımızın xatirəsini yad etdiyimiz kimi, Xocalı qurbanlarının da xatirəsini yad edirik”. O, Azərbaycanın terrorçuluğa qarşı mübarizədə ABŞ-ın mühüm müttəfiqi olduğunu vurğuladı.
Nümayəndələr palatası demokratlarını təmsil edən Kristina Heyl (Christina Hale) Azərbaycanda olduqda Xocalı faciəsi barədə həqiqətlərlə tanış olduğunu və bu qətliam barədə faktların onu dəhşətli dərəcədə sarsıtdığını söyləyib. “Xocalıda həmin fevral gecəsi qətlə yetirilənlər arasında bir çox uşağın olması qəlbimi parçalayır, çünki bu uşaqların gələcəklərinə qəddarcasına son qoyulub”, -deyə natiq bildirib.
İki ölkə arasındakı münasibətləri müsbət xarakterizə edən natiqlər bu kimi tədbirlərin Amerika cəmiyyətinin dost ölkə olan Azərbaycanın çətinlikləri barədə məlumatlandırılmasında vacib rolunu vurğulayıblar. Eyni zamanda Azərbaycan Respublikası və İndiana ştatı arasında əlaqələrin daha da inkişaf etməsi üçün potensial imkanlar olduğunu bildiriblər.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov Xocalının işğalı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən şəhərin yüzlərlə günahsız sakininin qəddarcasına məhv edildiyini, bunun Ermənistan tərəfinin Azərbaycanın işğal olunmuş ərazilərində məqsədyönlü etnik təmizləmə apardığının daha bir sübutu olduğunu söyləyib Azərbaycanlı diplomat bu tədbirin vacibliyindən danışaraq İndiana ştatının Xocalı soyqırımını rəsmi tanıyan ştatlar sırasında olduğuna görə tədbirə qatılmış İndiana rəsmilərinə təşəkkürünü bildirdi. O, Xocalı qətliamının beynəlxalq ictimaiyyət tərəfindən tədricən tanınmasının bu kimi faciələrin gələcəkdə baş verməsinin qarşısını almağa doğru atılan addım kimi qiymətləndirib. O, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri və bu münaqişə ilə bağlı beynəlxalq təşkilatlar çərçivəsində qəbul olunmuş müvafiq sənədlər əsasında həll olunması məqsədilə səylərin artırılmasının vacibliyini vurğulayıb.
Diplomat iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını, Azərbaycanın terrorçuluğa qarşı mübarizə, enerji təhlükəsizliyi və digər sahələrdə ABŞ üçün önəmini qeyd edib.